Dərmanların ucuzlaşmasına inanaqmı?

dermanDövlət qurumları bir-birinə zidd açıqlamalar verir

Dərmanların qiymətinin tənzimlənməsiylə bağlı məsələ hələ də gündəmdən düşmür. Tarif Şurası 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətini təsdiq etdiyini bəyan edərək, ümumilikdə 90 faizdən çoxunun qiymətinin endirildiyini söyləyib.

rovshen agayev

Iqtisadçı-ekspert Rövşən Ağayev isə dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində kəskin ucuzlaşmayla bağlı rəsmi təbliğat aparıldığını deyib.  Ekspertin söylədiyinə görə, Dövlət Statistika Komitəsindən bu ilin 7 ayında dərmanların qiymətinin 34 faiz bahalandığı deyilib.

Tarif Şurasının ötən gün yayılan məlumatında isə dərman vasitələrinin qiymətlərinin bahalaşması faktının olmadığı bildirilib. Məlumata görə, dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75 faiz) hazırda təsdiq edilmiş qiymətlərlə satışdadır.ÿ

Məlumatda qeyd edilir ki, digər 2503 dərman vasitəsinin (25 faiz) təsdiq edilmiş qiymətləri cari ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək. Sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir: “Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyil”.

Cəmiyyət isə dərmanların qiymətinin ucuzlaşması, yoxsa bahalaşması barədə hansı quruma inanacağını bilmir. Ekspertlər bir qutuda dərmanların sayının azaldılmasıyla qiymət ucuzlaşdırılması görüntüsünün yaradıldığını deyirlər. Qiymətin vahid sistemə keçirilməsi bazarda bəzi dərmanların qıtlığını da yaradıb. Daimi istifadə olunan dərmanların qiyməti heç də deyildiyi kimi ucuzlaşdırılmayıb. Misal üçün, uşaqlar üçün olan və əvvəllər qiyməti 16 manat olan “Lipiskor” balıq yağı kapsulları az müddətdə 10 manat həddində artıb. Qiymətlərin dəyişməsi bəzi tabletlərin sayına da təsir edib. Belə olan halda, vahid qiymət, yaxud ucuzlaşmadan necə danışmaq olar?

Sosial şöbə