Cahangir Hacıyev Samir Şərifovun həbsini tələb edir

cahangir-samir

«O da bu prosesə cəlb olunmalı, hətta burada – mənim yanımda oturmalıdır…»

«Ölkədə 2 milyon insanın kredit borcu var, indi bank sistemini ləğv edib, kredit verənləri tutmaq lazımdır?»

Maliyyə naziri Samir Şərifov da bu prosesə cəlb olunub dindirilməlidir. Hətta o da burada – mənim yanımda oturmalıdır. Bunu demək üçün kifayət qədər sübutlarım, faktlarım var”. Bunu “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev məhkəmədə vəkillərinin qaldırdığı vəsatətlərə münasibət bildirərkən deyib.

Beynəlxalq Bank” işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Məhkəmə qarşısına C.Hacıyevlə yanaşı, daha 7 nəfər çıxarılıb ki, bunlar da müxtəlif vaxtlarda Beynəlxalq Bankın Mərkəz filialının direktoru olmuş Anar Sultanov, Yusif Ələkbərov və Ilqar Abdullayev, bankın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov, AFB Bankın Müşahidə Şurasının sədri Məmməd Cahangirov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “Inter Security”nin keçmiş rəhbəri Ibrahim Hüseynov və Fındıq Emalı Müəssisəsinin direktoru Azad Cavadovdur. Onlara qarşı CM-nin 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) kimi ittihamlar irəli sürülüb. Təqsirləndirilən şəxslərdən biri həm də qanunsuz silah saxlamaqda ittiham olunur.

Təqsirləndirilən 8 nəfərdən C.Hacıyev də daxil olmaqla, dördü həbsdədir, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Mən bu işə təəccüblə baxıram”

C.Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov məhkəmədə bir neçə vəsatət qaldırıb. Cinayət işi üzrə iki qurumun – Beynəlxalq Bank və “Aqrarkredit” QSC-nin zərəəkmiş qismində tanındığını deyən A.Layıcov bunu yolverilməz sayır. Müdafiəçinin sözlərinə görə, 2015-ci ilin əvvəlində bankın problemli kreditləri ayrılaraq idarə etmək üçün “Aqrarkredit”ə verilib, ona görə də Beynəlxalq Bank zərəəkmiş kimi tanınmamalıdır.

C.Hacıyev də vəkilin vəsatətini müdafiə edib: “Hüquqşünas olmasam da, məntiqlə baxanda, burada bir zərəəkmiş olmalıdır. Mən bu işə təəccüblə baxıram”.

Cahangir Hacıyev ”bandotdel”də saxlanılanda bacısına və xanımına təzyiq edilib”

Beynəlxalq Bankın nümayəndələri təqsirləndirilən şəxslərə qarşı bir neçə milyonluq mülki iddia qaldırıb. Iddia icraata götürülüb.

Daha sonra C.Hacıyevin vəkilləri onun barəsindəki cinayət işinə xitam verilməsi, məhkəmə zalındakı şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, maliyyə naziri Samir Şərifovun şahid qismində dindirilməsi haqda vəsatətlər qaldırıblar.

Vəkil Fəxrəddin Mehdiyev deyir ki, C.Hacıyevə qarşı ittihamlar əsassızdır: “Bankdan götürülən kreditlər müəyyən layihələrin həyata keçirilməsinə xərclənib. Fiziki şəxslərə verilən kreditlərin üçdə ikisi ödənilib. Qalanı da ödəmə müddəti bitməmiş kreditlərdir. Burada əyləşən şəxslər qarşı cinayət işi başlandıqdan sonra kreditlərin ödənilməsi dayanıb. Burada hansı mənimsəmədən söhbət gedə bilər?”

C.Hacıyevin 38 gün qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanıldığını deyən vəkilin sözlərinə görə, həmin müddətdə onun bacısına və həyat yoldaşına təzyiqlər edilib.

Açılan cinayət işi mifdir və heç bir real əsası yoxdur. Bu işdə sadəcə, Mərkəzi Bankın kredit verilməsilə bağlı təlimatlarının pozulmasından söhbət gedə bilər. Bu isə mülki işdir”, – deyə F.Mehdiyev bildirib.

Digər vəkili A.Layıcov da onun həbsinin qanunsuz olduğununu vurğulayaraq, bu iş üzrə artıq Avropa Məhkəməsinə şikayət edildiyini deyib.

Günahım olsaydı, Azərbaycana qayıtmazdım”

Digər təqsirləndirilən Ilqar Abdullayevin vəkili deyir ki, cinayət işinin materialları ilə tanış olarkən ora saxta və sənədlərin əlavə olunduğunu görüb: “Əgər obyektiv araşdırma aparılsa, dediklərim sübut olunar”.

Bu vəkil də müdafiə etdiyi şəxs barədə cinayət işinə xitam verilməsi, onun şüşə qəfəsdən çıxarılması haqda vəsatətlər qaldırıb.

Digər vəkillər və təqsirləndirilən şəxslər də vəsatətləri müdafiə ediblər.

C.Hacıyev özü də vəsatətlərə münasibət bildirib. Deyib ki, barəsində cinayət işi başlanarkən xaricdə müalicədə olub. Amma telefonla çağırılan kimi dərhal gəlib: “Nə vaxt istintaqa dəvət edilmişəmsə, getmişəm. 11 dəfə istintaqa ifadə vermişəm. Dekabrın 4-də mənim barəmdə həbs qərarı çıxarıldı. 38 gün ”bondotdel”də qanunsuz saxlanılmışam. Əgər günahım olsaydı, heç qayıtmazdım”.

Sabiq bankir ona və təqsirləndirilən digər şəxslərə qarşı ittihamların əsassız olduğunu bildirib: “Biz bu adamlarla birlikdə işləmişik, gördüyümüz işdə də problem olmayıb. Istintaq qeyri-peşəkar və qərəzli aparılıb. Işin içində 49 fiziki şəxsə kredit verilməsindən söhbət gedir. O kreditlərin hansı kriteriyalarla ayrılması, necə ödənilməsi barədə bütün sənədləri istintaqa təqdim etmişik. Bizi mənimsəmədə ittiham edirlər. Amma kredit götürən şəxslərin heç biri pulu kimə verdiyini demir. Mənim və ya digər təqsirləndirilən şəxslərin adları çəkilmir. Burada mənimsəmə haradadır?”

Bütün qərarlara Maliyyə Nazirliyinin işçiləri qol çəkib”

C.Hacıyev qeyd edib ki, Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri maliyyə Nazirliyinin işçiləri olub. Onlar bankda oturub bütün qərarlara qol çəkiblər: “Amma Audit Komissiyasında, Maliyyə Şurasında, Bankın Idarə Heyətində olan şəxslərlə bağlı ittiham aktında heç nə yoxdur. Bu məsələlər mütləq araşdırılmalıdır. Bəzi kreditlərin ödənilmədiyi deyilir. Lakin onların ödəniş vaxtı başa çatmayıb. Indi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib, kredit verənləri tutmaq lazımdır?”

Cahangir Hacıyev bəlkə də həbs ediləcəyini düşünmürdü”

Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərə münasibət bildirərkən deyib ki, məhkəmədə araşdırma aparılmadan, sübutlar tədqiq olunmadan kiminsə əməlində cinayət tərkibinin olmaması barədə fikir söyləmək mümkün deyil.

Bankdan müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə vəsait ayrılmasına dair səslənən fikirlərə toxunan prokuror qeyd edib ki, bu barədə sənədlər istintaqa təqdim edilməyib. Onun sözlərinə görə, müxtəlif şəxslərin adlarına pul ayrılsa da, onların bu məbləği ödəyib-ödəməyəcəyi araşdırılmayıb.

Dövlət ittihamçısı Beynəlxalq Bankdan kredit ayrılmış adamların bir neçəsinin adını çəkib, kreditlərin gecikdirilməsi nəticəsində yaranan borcların məbləğini açıqlayıb: “Təkcə kreditlərin verilməsi barədə Mərkəzi Bankın təlimatları pozulmayıb. Həmçinin heç bir araşdırma aparmadan ayrı-ayrı adamların adlarına müxtəlif məbləğdə pul verilib. Bunu sübut edən faktlar var və məhkəmə baxışında araşdırılacaq”.

C.Hacıyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətə gəlincə, Fərid Nağıyev bu məsələ ilə də razılaşmayıb və fikrini belə əsaslandırıb: “Cahangir Hacıyevin ölkədən çıxışı qadağan olsa da, həbsdən buraxılacağı halda, ölkəni qaçaq yolla tərk etməsi də istisna olunmur. Istintaqdan qaçıb gizlənmək, şahidlərə və ifadə verməli olan digər şəxslərə təsir etmək imkanı ola bilər. Cahangir Hacıyev öz istəyi ilə Azərbaycana qayıtdığını deyir. Qeyd edim ki, o, əvvəlcə şahid qismində ifadə verib. Cahangir Hacıyev bəlkə də həbs ediləcəyini düşünmürdü”.

Prokuror Maliyyə naziri Samir Şərifovun məhkəmədə dindirilməsinə də ehtiyac görməyib: “Maliyyə nazirinin hansısa əməli törətdiyinə dair heç bir sübut yoxdur. Iş məhkəmə baxışına veriləndən sonra Samir Şərifovun hansısa əməli məlum olsa, prosesin davamında vəkillər yenidən bu barədə vəsatət qaldıra bilər”.

Fərid Nağıyev çıxışının sonunda işin məhkəmə baxışına verilməsini təklif edib.

***

Məhkəmə müşavirədən sonra hazırlıq iclasının yekun qərarını açıqlayıb. Qərara əsasən, vəsatətlərin heç biri təmin olunmayıb, iş məhkəmə baxışına verilib və məhkəmə baxışı avqustun 24-nə təyin olunub.

Aytən