Manatlıq çevriliş…

yalcin3Və ya lənətlənmiş “əməliyyat-axtarış məlumatı”

II yazı

Yalçın İmanov

Naradaran hadisələri baş verməyə bilərdimi? Bu qanlı hadisələrin baş verməməsi üçün hüquq-mühafizə orqanları bütün mümkün tədbirləri həyata keçirmişdimi? Yaxud ortada ağlagəlməz provokasiya var? Cinayət işinin materiallarında bu və digər çoxsaylı suallara cavab tapmaq mümkün deyil. Əvəzində isə başqa maraqlı məqamlar var. 26 noyabr 2015-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarda qeyd edilir ki, “Daxil olmuş məlumatda Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun Azərbaycan Respublikasının dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusion quruluşunu zorla dəyişdirmək, respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlat, kütləvi ixtişaşlar, terror aktları törətmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri kimi din pərdəsi ətrafında fəaliyyət göstərərək qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratması, bu məqsədlə odlu silahlar, döyüş sursatları, habelə partlayıcı maddələr əldə etməsi və saxlaması bildirilmişdir. Həmçinin Taleh Bağırovun dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi, yaratdığı silahlı birləşmələrin üzvləri ilə birlikdə özlərində olan odlu silah, döyüş sursatı və partlayıcı maddələrdən istifadə edərək Azərbaycan Respublikasının konstitusion quruluşunu zorla dəyişdirmək məqsədilə Naradaran qəsəbəsi, Ş.Tuti küçəsi, döngə 5, ev 2 ünvanında Bünyatov Əbülfəz Heybət oğluna məxsus fərdi yaşayış evində mütəmadi olaraq tərəfdaşları ilə gizli görüşlər keçirməsi, hakimiyyəti zorla ələ keçirmək üçün orada hazırlıq hərəkətləri, təbliğat aparması barədə də məlumatlar daxil olmuşdur. Odur ki, Bağırov Taleh Kamil oğlunun və digərlərinin cinayətkar əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zəruridir”.

Maraqlısı budur ki, “daxil olmuş məlumat”ın haradan daxil olduğu, kim tərəfindən daxil olduğu, nə vaxt daxil olduğu, idarənin cinayət hadisələrinin qeydiyyatı kitabında qeydə alınıb-alınmadığı barədə hər hansı məlumat yoxdur. Bundan da maraqlısı odur ki, həmin məlumatın mənbəyini-mənşəyini müəyyən etmək imkan xaricindədir. İstintaq orqanı bir qayda olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna istinad edir və əməliyyat məlumatı verən mənbənin məxfiliyinin qanunla mühafizə olunduğunu təkrarlayır. Amma cinayət prosessual qanunvericiliyə görə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.  Problem də bundadır ki, “daxil olmuş məlumatı” hər hansı üsulla yoxlamaq və iş üzrə toplanmış digər sübutlarla müqayisədə araşdırıb, təhlil edib, hüquqi qiymət vermək mümkün deyil. Yeri gəlmişkən, illərdir məhz bu lənətə gəlmiş “daxil olmuş məlumat” əsasında ictimai-siyasi fəallar bədbəxt edilir, ciblərindən narkotik vasitə “aşkar olunur”, evlərindən silah “tapılır” və s.

Məsələnin başqa bir qəliz tərəfi də var. Qanunun tələbinə görə, əməliyyat tədbirinin həyata keçirilməsi haqqında qərar tədbir aparıldıqdan sonra 48 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həayata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən rayon məhkəməsinə təqdim edilməlidir. Ancaq reallıqda bu tələb formal şəkildə məlumatlandırmadan o yana keçmir, halbuki, prosedurun özü məhkəmənin sadəcə məlumatlandırılmasını deyil, həm də   əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş materiallar üzrə müvafiq tədbirin keçrilməsinin qanuniliyini, əsaslılığını, mütənasibliyini, məqsədəmüvafiqliyini və təxirəsalınmazlığını yoxlamaq səlahiyyətini nəzərdə tutur. Yəqin ki, vəkil dostlarım da təsdiqləyə bilər – praktikada nə vaxtsa belə bir məhkəmə təftişinə təsadüf etmək dəryada balıq sevdasıdır.

Nəticə “passiv legitimləşdirmə”dir, hüquqda buna belə deyirlər. Hərçənd, ölkədə təkcə məhkəmə nəzarəti institutu deyil, elə bütövlükdə ədalət mühakiməsinin mahiyyəti də “passiv legitimləşdirmə”dən başqa bir şey deyil.

İndi isə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarın təqdim etdiyim hissəsini bir daha diqqətlə nəzərdən keçirin. Qərarın mətnində sonradan Taleh Bağırov  və tərəfdarlarına elan olunacaq bütün ittihamların dispozitiv əlamətləri öz əksini tapıb. Bir qəsdən adam öldürmə ittihamı qalır ki, o da az sonra rəsmiləşəcəkdi. Bizim hüquq-mühafizə orqanları hara getdiklərini, niyə getdiklərini, nə üçün getdiklərini və getdikləri ünvandan nə tapacaqlarını çox yaxşı bilirlər.

Cinayət prosessual qanunvericlik əməliyyat-axtarış fəaliyyətində sui-istifadənin qarşısının alınması, hüquq-mühafizə orqanlarının hüquqazidd məqsədlərinin təmin edilməsi qarşısında əliyalın və əlacsızdı.

***

Dövlətin konstitusion quruluşunu dəyişmək, terrorçuluq, odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə eləmək və s. çox bahalı məşğuliyyətdir və bol vəsait tələb edir. İstintaq dövründə bütün banklara, bank olmayan kredit təşkilatlarına çoxsaylı sorğular göndərilib, həbs olunanların bank hesablarının olub-olmaması, müsbət halda bank əməliyyatlarının aparılıb-aparılmaması və s. və i.a. sual edilib. Nəticə kədərlidir. Bir nəfərin çox xırda istehlak krediti necə deyərlər, faş olub, başqa bir nəfərin isə 120-140 manat arasında dəyişən əmək haqqı hesabı. Qalanlarının bir biti də yoxdu. Həbs olunanların üzərinə baxış zamanı aşkarlanan əskinaslar isə manatlıqlardı: 1 manat, 3 manat, yuxarısı 6 manat neçəsə qəpik…