Qafqaz Universitetindən 50-yə yaxın müəllim işdən çıxarılıb

qafqaz univQafqaz Universitetindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad olunub. Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumatı universitetin müvəqqəti rektoru Elmar Qasımov təsdiqləyib. Qasımov bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və onlarla müqavilənin vaxtı uzadılmayıb: “Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub”.

Elmar Qasımov lent.az-a açıqlamasında bildirib ki, işdən çıxarılan 50-yə yaxın türkiyəli müəllimin əvəzinə yerli kadrlara üstünlük verilməsi daha məqsədəuyğun sayılıb.

Onun sözlərinə görə, müqaviləsinə xitam verilən türk müəllimlərin yerinə təyin olunmuş yerli kadrlar əsasən Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan yerli mütəxəssislərdir.

Qasımov qeyd edib ki, türkiyəli müəllimlərin işdən çıxarılması ilə bağlı Türkiyə Səfirliyi və ya Türkiyə hüquq-mühafizə orqanlarının tələbi olmayıb: “Sadəcə onların əmək müqaviləsi bitib, biz də müqaviləni yeniləmədik və fikirləşdik ki, yerli kadrlara üstünlük versək, daha doğru olar”.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra Fətullah Gülən tərəfdarları ilə bağlı əməliyyatlara başlayıb. Fətullah Gülən hərbi çevrilişi planlaşdırmaqda ittiham edilir. Bundan sonra Azərbaycan hakimiyyəti də Gülənin nəzarətində olan “Qafqaz” Universitetini müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verib.

Elmar Qasımovun iddialarına rəğmən türkiyəli müəllimlərin işdən çıxarılmasının kökündə Gülən faktoru dayanır.