“Biz REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsindən çox narahatıq”. Bunu ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Toner bildirib. O, ABŞ hökumətinin digər azərbaycanlı siyasi fəalların həbsindən də eyni dərəcədə narahat olduğunu qeyd edib.
“Biz qəti şəkildə Azərbaycan hökumətini öz fündamental azadlıqlarından yararlanan bu və digər fəalları həbsdən azad etməyə çağırırıq”, – deyə Toner Amerikanın Səsi radiosunun sualına cavabda bildirib.
O, Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyə və ölkənin gələcək istiqaməti ilə bağlı dialoq açmağa çağırıb.
Konstitutsiya dəyişiklikləri ilə bağlı referendum təşəbbüsünə toxunan Mark Toner rəsmi Bakını həmin dəyişiklikləri Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə (ODIHR) təqdim etməyə çağırıb.