Kəndiri dartılan dar ağacı

Səadət Cahangir

Kəndiri dartılan dar ağacı,
düyümlənmiş boğazında
çırpınan bir məmləkət,
qırıq xəyalların
göyüzündən enən
tükənmiş hava şarları,
kəsilən nəfəsində
zəqqum yağan azadlıq şüarları…

Eyyy…hardasınız,
bu yurdun kirimiş şairləri,
hardasınız, dünya qurduğunuz
gözəl xəyallar ölürsə,
bir ölkənin sinəsinə sıxılırsa
bütün xain güllələr,
qurşun yeməyən şairlərin
yaşamaq, yaşlanmaq
hansı gününə?..

Kəndiri dartılan dar ağacı,
ölümlü kölgəsi üstümə
tuşlanan nizə kimi,
söz haqqı… şairlər
çiynində daşımalıydı
məmləkəti,
cəsurlar bayraq və silah kimi,
qorxaqlar cənazə kimi…