TİKA-dan qəzetimizə düzəliş məktubu
Türkiyə hökumətinin nəzdində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatoru Adem Urfa redaksiyamıza məktub göndərib. Məktub qəzetimizin 12 avqust 2016-cı il tarixli sayında dərc olunmuş “Fətullah Gülən Azərbaycanı necə “işğal” edib?” başlıqlı yazı ilə əlaqədardır. Məktubda deyilir:
“Məlum olduğu kimi 15 iyul 2016-cı il tarixində, Türkiyədə Türk Silahlı Qüvvələri içərisində qruplaşmış Fətullahçı Terror Təşkilatı (FETÖ) mənsubları tərəfindən uğursuzluqla nəticələnən bir hərbi çevriliş cəhdi həyata keçirilmişdir. Türkiyə hökumətinin qətiyyətli duruşu və Türk millətinin qəhrəmanlığı sayəsində uğursuzluqla nəticələnən çevriliş cəhdi zamanı 238-dən artıq mülki şəxs şəhid olmuş, 2800-dən artıq vətəndaş yaralanmış və bir çox dövlət qrurmu aviazərbələr nəticəsində xəsarət almışdır.
Öz xalqına güllə atan və ölkəsində hərbi çevrilişə cəhd edən Fətullahçı terror qruplaşmasının Azərbaycandakı fəaliyyətləri haqqında qəzetinizdə 12 avqust 2016-cı il tarixində bir yazı yayınlanmışdır. (Yazının internet linki http//www.azadliq.info/151642.html)
Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, yazının FETÖ-yə aid oluğunu bildirilən və Azərbaycanda fəaliyyət göstərən şirkət, təşkilat və qurumlarla bağlı bölümündə, əvvəlki adı Türk Əməkdaşlıq və İnkişaf İdarəsi olan (Türk İşbirliği və Kalkınma İdaresi) Bakı Proqram Koordinatorluğu, yeni adı ilə Türk Əməkdaşlıq Koordinasiya Agentliyi – TİKA (Türk İşbirliği ve Koordinasiya Ajansi) Bakı Proqram Koordinatorluğunun da adı çəkilir. Bununla əlaqədar olaraq bildirmək istəyirik ki, Türkiyə Respublikası Baş Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə heç bir əlaqəsi yoxdur və TİKA, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil, kənd təsərrüfatı, turizm, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdə Azərbaycanın inkişafına istiqamətlənmiş texniki əməkdaşlıq və inkişaf yardımı fəaliyyəti ilə məşğul olur.
Fətullahçı terror qruplaşmasının Azərbaycan üçün də real təhlükə mənbəyi olduğunun fərqində olaraq belə bir məqalənin tərəfinizdən yayınlanmasını təqdirlə qarşılayırıq. Ancaq mövzu ilə bağlı yazı hazırlanarkən araşdırmanın daha dəqiq aparılmasını tövsiyyə edir və Azərbaycanla Türkiyə arasında ölkələrarası texniki əməkdaşlıq sahəsində kifayət qədər işlər görən və görməkdə davam edən TİKA-nın Fətullahçı terror qruplaşmasına aid təşkilatlar arasında göstərdiyiniz yazının düzəldilməsini xahiş edirik”.
“Azadlıq” qəzeti olaraq Türkiyənin hökumət strukturu adından fəaliyyətimizin təqdir olunmasını yüksək qiymətləndiririk və TİKA-nın adını Fətullah Gülən şəbəkəsində yanlış olaraq göstərməyimizə təəssüf etdiyimizi bildirərək, onun rəhbərliyinə və oxucularımıza üzrxahlığımız çatdırırıq.