Mərkəzi Univermaq deputatdan alınır?

ASC-nin növbədənkənar yığıcağının bununla əlaqəli olduğu bildirilir

Bakı Mərkəzi Univermağının səhmdarları səhmdar cəmiyyətinin ləğvi məsələsini müzakirə edəcəklər. Bu, aprelin 5-də növbədənkənar yığıncaqda olacaq.
“AzeriNews” xəbər portalının yaydığı məlumatda bildirilir ki, bu MUM-un deputat Ərəstun Cavadovdan alınmasının başlanğıcıdır. Xəbərə görə, MUM-a şərik olan dövlət başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyev artıq Ərəstun Cavadovla işləmək istəmir. Bəzi məlumatlara görə, Ərəstun Cavadovla Cəlal Əliyev sadəcə MUM-u tamamilə ələ keçirməyə çalışırlar.

Bu xəbəri MUM-un nəzdində fəaliyyət göstərən “Modalar Atelyesi”nin müdiri işləmiş Hidayət Abbasov da təsdiqləyib. Hidayət Abbasov həmçinin Ərəstun Cavadovun “Modalar Atelyesi” ilə bağlı maxinasiyasından danışıb. Bildirib ki,
özəlləşmə zamanı Ərəstun Cavadov “Modalar Atelyesi”ni ələ keçirmək üçün əvvəlcə onu ixtisar adı altında işdən çıxarıb. Daha sonra kollektivi də nəzərə almayan Ərəstun Cavadov atelyeni özəlləşdirib.
Hidayət Abbasov deyir ki, işdən çıxarılandan sonra Ərəstun Cavadov atelyedə ona biçici vəzifəsi təklif edib. Bir müddətdən sonra isə təzyiq yolu ilə bu vəzifəni də onun əlindən alıb.
Hidayət Abbasov əlavə edib ki, Ərəstun Cavadov onu başqa bir məsələdə də aldadaraq 3300 dollar pulunu və 11 özəlləşdirmə çekini mənimsəyib. Onun sözlərinə görə, uzun müddət Mərkəzi Univermağın parça satışı şöbəsində işləyən oğlunun özəlləşdirmə zamanı həmin işini itirməməsi üçün Ərəstun Cavadovu “görməli” olub: “Mən Ərəstun Cavadova 2500 dollar pul və 11 özəlləşdirmə çeki verdim. Həmin dövrlərdə özəlləşdirmə çekinin birinin dəyəri 100-150 dollar civarında idi. Ərəstun Cavadov həmin çeklərin yalnız birini bizim adımıza yazdı. Dedi ki, narazılıq etsəniz ikinizi də işdən çıxaracam. O zaman mən ”Modalar Atelyesi”ndə işləyirdim. 800 dollar isə oğlumun işlədiyi parça satışı şöbəsinin mebelinə vermişə. Lakin sonradan Ərəstun Cavadovun təzyiqləri nəticəsində oğlum işini itirməyə məcbur oldu. Beləliklə də Ərəstun Cavadov faktiki olaraq müdiri olduğum “Modalar Atelyesi”ni və 3300 dollar pulumu və 11 çekimi (bu da 10 min dollardan çox pul edir) mənimsədi”.