Eynulla Fətullayev, «əxlaqsız addım» atanlara deyin ki…

Siyasi məhbusların əfv ərizəsi Azərbaycan hakimiyyətinin növbəti təbliğat vasitələrindən birinə çevrilib. Guya bununla «aldadılıb» mübarizəyə qoşulanların aqibəti göstərilir – onlara əfv dilətdirilir, sonra da möhtərəmin humanizmi sayəsində azadlığa qovuşmaları gözə soxulur.

Hakimiyyətin bu «əfv» məsələsində «prinsipiallığı» polkovnik İsa Sadıqovun memuarında bütün çılpaqlığı ilə ortaya qoyulub. Hələ 1998-ci ildə ittiham olunduğu maddəsi amnistiyaya düşən İsa Sadıqovu da «əfv ərizəsi»nə məcbur etmək istəyiblər. Amnistiya hara, əfv ərizəsi hara?
Amnistiyaya düşən məhbusdan əfv ərizəsi almaq inadı bu hakimiyyətin düşüncəsinin, «daxili siyasi strategiyasının» güzgüsüdür. Aradan illər keçib, dünyanın düzəmi dəyişib, ancaq bunların təfəkkürü, düşüncəsi dəyişməyib – «ümumillinin» siyasi kursu 70-ci illərdə necəydisə, 2012-ci ildə də eləcə davam etdirilir.
Əstəğfurullah, dəyişib təfəkkürləri, yəni bir addım irəli gediblər. Əgər əvvəllər «əfv ərizələrini» siyasi təzyiq vasitəsi kimi «dar gün» və tarix üçün almaqda maraqlıydılarsa, indi suda boğulanın saman çöpündən yapışması misalı, anında təbliğata çevirirlər.
Ancaq ənənəvi olaraq «ayı xidmətinin» nəticələrini düşünmürlər; fikirləşmirlər ki, dərhal sual olunacaq: 7 il həbs cəzasına məhkum edilən Ruslan Bəşirli niyə azad olunmasına cəmi-cümlətani 4 ay qalanda əfv ərizəsi yazdı? Jəzasının 3/2-ni çəkən R.Bəşirli qanunvericiliyə uyğun olaraq niyə məhkəmə qərarı ilə azad olunmadı?
İl yarım həbs cəzası alan Elnur Məcidli niyə məhkəmə hökmü ilə azadlığa çıxmamalıdır? Niyə aldadılmalı və əfv ərizəsi yazmağa vadar edilməlidir?
Adam, sən 20 yaşında bir gənci aldadıb, sonra da bundan siyasi təbliğat vasitəsi kimi yararlanırsan? Gəncləri sındırmaq, onları mütiliyə, qul olmağa vadar etməkləmi dövlət qurursan? Müti, qul, yaltaq nəsil yetişdirməkləmi Qarabağı azad edəcəyini zənn edirsən? Ləyaqəti alçaldığı üçün qisas gününü gözləyən «alçaldılmış və təhqir edilmiş insanlar» diyarındamı öz hakimiyyətinin əbədiliyini təmin etmək niyyətindəsən?
Bunlar psixolociyanı da bilmirlər. Bilmirlər ki, insanların ləyaqəti, qüruru, mənliyi ilə oynamağın aqibəti Qəzzafi kimi olur!
Elnur Məcidlinin aldadıldığını rəsmən bəyan etməsindən sonra yenə o ərizəni dəstəvuz etməyin, mətbuata ötürüb yanlış rəy yaratma istəyinin adını isə… vəkil Aslan İsmayılov qoyub: «əxlaqsız addım».
Hüquq müdafiəçisi Eynulla Fətullayev də «əxlaqsız addıma» münasibət bildirib və bu hərəkəti məhbusun hüquqlarının tapdanması kimi dəyərləndirib.
Var olsun, həqiqəti deyib: «məhbusun hüquqlarını pozan» «əxlaqsız addıma» heç nə ilə bəraət qazandırmaq olmaz – hətta bu addım, Eynulla bəyin dediyi kimi, «bəzi məhbusların əfv ərizəsi yazmadıqları» yalanını sübut etmək üçün olsa da!
Məhbusun öz xəttiylə yazdığı ərizəsinin mediaya necə çıxdığını, hansı yollarla gəldiyini isə araşdıran olmayıb və hörmətli hüquqşünas və hüquq müdafiəçisi də bu məsələyə toxunmayıblar. Halbuki bu şəbəkəni aydınlaşdırmaq lazımdır.
Mən Eynulla Fətullayevə müraciət etmək istəyirəm: vicdan məhbuslarının məktublarını ictimailəşdirməkdə maraqlı olanın kimliyini təxmin edirəm; amma o məktubları mediaya kimin «sızdırdığını» təxmin etmirəm, Eynulla bəy, yəqin bilirəm!
Həmin məktubların ictimailəşməsində maraqlı olanlarla o məktubların surətini mediaya çatdıranlar, Aslan İsmayılovun sözü olmasın, eyni «əxlaqsız addımı» atırlar. Hətta deyərdim ki, vasitəçilər birincilərdən daha betərdilər. Çünki birincilər siyasi hədəfləri naminə bu əxlaqsız addımı atırlarsa, sümsük və yaltaq olan ikincilər min dona, milyon sifətə dolmaqla, şərəflərini beş köpüyə satmaqla buna gedirlər – hələ onu demirəm ki, qul sədaqəti göstərmək üçün «ağalarını» bu «əxlaqsız addımın» vacibliyinə də inandırırlar!

Eynulla bəy, xahiş edirəm, o yalaq və sürtüyə, əl buyruqçusuna çevrilmiş məlum və məşhur yaramaza deyin ki, ağalarını inandırmaqla oricinalını aldığı məhbus ərizələrini redaksiyalara daşımaq əxlaqsızlığından əl götürsün!
Yəqin ki, əlavə bir sözə ehtiyac qalmayacaq…