“Əliyevin siyasəti nəticəsində ölkə həbsxanaya çevrilib”

xedice-azadliqda2

Xədicə İsmayılın ölkədən çıxışına məhkəmə yenə icazə vermədi

«Mən ölkəni qoyub qaçan deyiləm. Gözləyirəm ki, ölkəni pis günə qoyanlar qaçmaq istəyəcəklə

Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın üzərindəki şərti cəza ilə əlaqədar onun ölkədən çıxışına qoyulmuş qadağaya dair şikayətinə baxılıb. Jurnalist çıxışına imkan verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, ona “yox” cavabı verilmişdi. X.Ismayıl həmin qərardan apellyasiya şikayəti verib.

Məhkəmə iclasında jurnalist özü çıxış edərək, apellyasiya şikayətini müdafiə edib. Bildirib ki, ölkədən çıxışına qoyulan qadağa qanunsuzdur.

Jurnalist deyir ki, peşə fəaliyyətilə əlaqədar tez-tez xarici səfərlərdə olur, beynəlxalq konfranslarda, təlimlərdə iştirak edir. Ona görə də ölkədən çıxışı vacibdir: “Mən transmilli korrupsiya cinayətlərini araşdırıram. Sentyabr-noyabr aylarında ABŞ-da, Indoneziyada, Fransada, Almaniyada keçiriləcək tədbirlərə dəvət almışam. Bizim ədliyyə sistemi imkan versə də, verməsə də mən o tədbirlərdə iştirak edəcəyəm. Internet əsridi, getməsəm, ”skype” vasitəsilə qoşulacağam. Amma getsəm, yaxşı olardı. Ən azı, belə rəy yaranmazdı ki, Azərbaycan həbsxanadadır, insanları oradan kənara buraxmırlar”.

Başa düşürəm ki, hökumətdəkilərin çoxunu ölkəyə ancaq mal-mülk bağlayır”

X.Ismayılın sözlərinə görə, Binəqədi Rayon Məhkəməsi ölkədən çıxışına icazə verilməməsi barədə qərarında yazıb ki, əri, uşaqları və mülküm olmadığı üçün ölkəyə qayıtmaya bilər.

Başa düşürəm ki, hökumətdəkilərin bir çoxunu Azərbaycana, ancaq mal-mülk bağlayır. Amma mənim üçün insanlarından tutmuş, ərazilərinə qədər hər şeyi ilə vətəndir Azərbaycan…”, – deyə X.Ismayıl bildirib.

Jurnalist bəyan edib ki, heç bir halda, ölkəni birdəfəlik tərk eləmək niyyəti yoxdur: “Mən ölkəni qoyub qaçan deyiləm. Gözləyirəm ki, ölkəni pis günə qoyanlar qaçmaq istəyəcəklər. Ümid edirəm ki, onda da məhkəmələr buna imkan verməyəcək və onlar ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar”.

Jurnalist çıxışının sonunda məhkəmədən ölkədən çıxışına icazə verilməsinə dair qərar çıxarılmasını istəyib: “Məlumdur ki, Ilham Əliyevin daxili və xarici siyasəti nəticəsində ölkə həbsxanaya çevrilib. Heç olmasa, siz məhkəmə qərarları ilə bunu təsdiqləməyin”.

Vəkil Fariz Namazlı da jurnalistə qarşı bu qadağanın qanunsuz olduğunu bildirib. Müdafiəçi qeyd edib ki, Binəqədi rayon məhkəməsi bu məsələyə baxarkən onların arqumentlərinə qiymət verməyib, Avropa Konvensiyasının tələblərini pozub. F.Namazlı yada salıb ki, həbsindən əvvəl də X.Ismayıl xarici ölkələrdən birində idi. Baxmayaraq ki, həmin vaxt onun üzərində həbs təhlükəsi vardı, amma X.Ismayıl ölkəyə qayıtdı və həbs olundu: “Bu da göstərir ki, Xədicə Ismayılın ölkəni birdəfəlik tərk eləyəcəyini iddia etməyə heç bir əsas yoxdur”.

Dövlət ittihamçısı Orxan Dəmirli apellyasiya şikayətinin təmin olunmamasını istəyib.

Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası bir neçə dəqiqəlik müşavirədən sonra şikayətin təmin olunmadığı və Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanıldığına dair qərarı elan edib.

Əvvəl Ali Məhkəməyə, oradan da Avropa Məhkəməsinə

Məhkəmədən sonra X.Ismayıl “Azadlıq”a açıqlamasında bildirib ki, apellyasiya məhkəməsinin qərarı onun üçün gözlənilməz olmayıb. Jurnalist qərardan kassasiya şikayəti verəcək.

Bundan əvvəl diplomatik nümayəndəliklərlə görüşlərdə deyirdilər ki, danışıqlar gedir, qadağa götürülər. Mən isə deyirdim ki, gözləməyin, çünki Azərbaycan hökuməti məntiqlə hərəkət eləmir. Ümid edirəm ki, bu qərar onların nikbinliyini bir az da azaldacaq. Mənim nikbinliyim isə tükənmir. Ali Məhkəməyə müraciət edəcəyəm. Ona görə yox ki, Ali Məhkəmədən ədalətli qərar gözləyirəm. Ona görə ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət edəcəm. Avropa Məhkəməsi də şikayətimə baxıb Azərbaycan hökumətini cərimələyəcək. Cəriməni ödəyəndə Azərbaycan hökuməti başa düşəcək ki, bu, axmaq qərar idi”, – deyə X.Ismayıl bildirib.

F.Namazlı isə deyir ki, X.Ismayılın üzərində 2 il 3 ay şərti cəza olduğu halda, buna 5 il sınaq müddəti müəyyənləşdirməyin özü də məntiqsiz və ədalətsiz qərardır.

Aytən