Daha bir NİDA-çı həbs olundu

elgiz-nidaNİDA-dan bəyanat: «Elgiz Qəhrəmanın «gülənçilərə» bağlanması şərləmədən başqa bir şey deyil»

NIDA Vətəndaş Hərəkatının üzvü, ailə üzvlərinin avqustun 12-dən bəri heç bir xəbər ala bilmədikləri Elgiz Qəhrəmanın yeri bəlli olub. Məlum olub ki, gənc fəal Daxili Işlər Nazirliyinin (DIN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır.

Məlumata görə, Elgiz Qəhrəmana qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama) maddəsilə ittiham irəli sürülüb və avqustun 13-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün onun barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib. Ittihama görə, onun üzərindən 3 qramdan bir qədər artıq narkotik tapılıb.

NIDA-dan verilən xəbərə görə, Elgiz Qəhramanı avqustun 12-də naməlum şəxslər yaxın dostu ilə birgə saxlayıb Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparıblar. Onun dostu bir saatdan sonra buraxılıb. NIDA-çı gənci isə idarədə saxlayıblar. Ailə üzvləri istəmədiyindən onun saxlanması xəbəri ictimailəşdirilməyib. Idarədən ailəsinə məlumat veriləcəyi bildirilsə də, onun yeri, durumu barədə heç bir xəbər deyilməyib. Ailə üzvləri DIN-in 102 xidmətinə də müraciət edib, ancaq yenə də məlumat ala bilməyiblər.

Bu arada, NIDA hərəkatı Elgiz Qəhrəmanın Fətullah Gülən tərəfdarı olması haqda bəzi saytlarda yayılan xəbərləri də təkzib edib.

Elgiz Qəhrəman ictimai-siyasi fəal olaraq hər zaman ”gülənçilərin” əleyhdarı olub. Onun “gülənçilərə” bağlanması şərləmədən başqa bir şey deyil”, – deyə NIDA-nın bəyanatında deyilir.

Gənc fəalın barəsində həbs qərarından apellyasiya şikayəti veriləcək.

Elgiz Qəhrəman Türkiyədə riyaziyyat və siyasi bilimlər üzrə təhsil alıb.

Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsindən, hələlik, gəncin saxlanmasına münasibət öyrənmək mümkün olmayıb.

Aytən