Ötən ay «Porşe»sində yanan oğlanın əmisi özünü güllələdi; Anar Ismayılovun yaxınları isə onun yıxılaraq öldüyünü deyir
Bakı şəhəri, Nərimanov rayonunda intihar hadisəsi baş verib. Belə ki, rayonun Nəcəf Nərimanov küçəsi 5a, mənzil 37 ünvanında yaşayan 45 yaşlı Anar Firudin oğlu Ismayılov özünü “Makarov” tipli tapança ilə öldürüb. O, başından atəş açaraq özünə qəsd edib. Daxili Işlər Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, dünən Anar Ismayılov intihar məqsədi ilə baş nahiyəsinə tapançadan atəş açmışdır: “Anar Ismayılov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin əməkdaşları hadisə yerinə baxış zamanı 1 ədəd giliz aşkar edərək götürüblər. Anar Ismayılovun qardaşı Arzu Ismayılov 1 ədəd ”Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 6 ədəd patronu polisə təhvil verib”.
Hadisənin maraqlı tərəfi isə ondan ibarətdir ki, özünə qəsd edən mərhum bu il martın 16-da Bakıda “Porsche” markalı avtomobillə qəzaya düşmüş Firudin Ismayılovun əmisi, “Bakı” futbol klubunun “Baghlan Group”un prezidenti Hafiz Məmmədovun tabeliyində olan “Transqafqaz transport” şirkətinin rəisi Arzu Ismayılovun qardaşıdır.
Bildirək ki, martın 16-da Nəsimi rayonu ərazisində silahlı insident olub. Saat 16 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığında 29 yaşlı Ramal Bayramov güllələnib. Naməlum şəxs ona 4 güllə atıb. Güllələrdən yalnız ikisi onu sağrı və bud nahiyəsindən yaralayıb. Məlumata görə, tərəflər arasındakı münaqişə “Infiniti” barında baş verib. Onlar sonra söhbəti bardan çıxaraq kənarda davam etdiriblər və silah işə düşüb.
Həmin güllələnmədən təxminən yarım saat sonra Firudin Ismayılovun idarə etdiyi “Porsche” Babək prospektində qəzaya düşərək alışıb. Sürücü və maşında olan Rəşad Ibrahimov yanaraq kül olublar.
Qəza zamanı “Porsche” saatda 260 kilometr sürətlə yük maşınına çırpılıb. Onlar hadisə yerinə tələsdiklərindən maşını yüksək sürətlə sürüblər.
Ötən gün hər iki hadisənin təfərrüatlarını öyrənmək üçün hadisə yerinə getdik. Özünü Firudinin dostu kimi təqdim edən şəxs hadisəylə bağlı heç nə deyə bilməyəcəyini söylədi. Bildirdi ki, Anar Ismayılov intihar etməyib: “Heç kim intihar etməyib, nə də özünü güllələməyib. Xəstə idi, yıxılıb, başı dəyib, ölüb”.
Yas mərasimində olan başqa şəxslər də yayılan məlumatların həqiqətə uyğun olmadığını dedilər və bildirdilər ki, özünə güllə atmaq və intihar etmək söhbəti həqiqətə uyğun deyil.
Ramin DEKO