Avaraçılığın yeni növü

Azərbaycanda tez-tez çox komik, gülünc kampaniyalar keçirilir. Guya, bununla vətəndaşın sağlamlığının, xoşbəxtliyinin qeydinə qalırlar.
Məsələn, “Yol hərəkətinin təhlükəsizliyi aylığı” adlı bir kampaniya var, Allah qoymasa, sərxoş, sürət həddini aşan sürücülərlə mübarizə üçündür. Adından göründüyü kimi, bir ay davam edir, belə çıxır ki, ilin yerdə qalan ayları sərxoş halda sükan arxasına rahatca oturmaq, avtomobili iki təkər üstünə qaldırmaq, sürətə istədiyin qədər “qaz” vermək olar. Bu heç.
Məsələ ondadır ki, bir ölkənin özü təhlükəli yolla idarə edilirsə, o ölkədə yol hərəkətinin təhlükəsizliyinin heç bir mənası qalmır. O ölkədə yol qəzasından sığortalansan da, bir mənası yoxdur. Avtoritarizm onsuz da əvvəl-axır səni çərlədib öldürəcək, intihar həddinə çatdıracaq.
Hazırda bütün Azərbaycan çox təhlükəli yoldadır, çoxlu pullar bizi idarə edənlərin başını dumanlandırıb, sərməst edib, onların hansısa şadlıq evindən aşa-aşa çıxıb sürünə-sürünə marşrut avtobusuna minən, sonra da sərnişinlərin üzünə gəyirən, üstünə qaytaran heyvərələrdən heç bir fərqi yoxdur. Üstəlik, sürət həddini də çoxdan aşıblar, yalnız bunlar bir ölkəni 20 il ərzində 2 min il geri qaytara bilərdilər.
Təzəlikcə “Qadın zorakılığına qarşı YOX deyirik!” adlı bir kampaniya haqqında da oxudum, hansısa hökumətyönlü gənclər təşkilatı başlatmışdı. Ölkədə zorakılığın, işgəncənin dövlət siyasətinə, xalqı idarəetmə normativinə çevrildiyi bir vaxtda bu, çox mənasız bir işdir. Bu ölkədə qadını yalnız ərimi döyür? Azərbaycanda kişili-qadınlı, uşaqlı-böyüklü hamı rejimin qapazaltısına çevrilmişkən, belə kampaniya adamda təbəssüm yaradır. Elə dünən “Qış bulvarı” adlanan xarabada “Azadlıq” radiosunun xanım əməkdaşı Bakı şəhər Icra Hakimiyyətinin Zülfəli adlı qoluzorlusunun zorakılığına məruz qaldı. Elə həmin Zülfəlinin yanındakı adamlarıyla birgə evindən çıxarılan bir xanım sakini iki əli ilə boğazından yapışıb necə boğduğunu da zəhmət çəkib internetdəki videokadrlardan görün. Bu videokadrlarda məmur-qoçunun dilindən aralarında nə qədər qadının olduğu vətəndaşları göstərib “Çırpın bunları!” dediyi aydın eşidilir. Belə rüsvayçılıqlara səssiz qalıb həyatını “əri döyən qadınları qorumağa” həsr etmək gülüncdür. Unutmayaq ki, cəmiyyətdə zorakılığı Əliyevçi rejim çiçəkləndirir, bütün işgəncələrin ilham mənbəyi bu rejimdir. Onun xalqa münasibəti necədirsə, vətəndaşın bir-birinə münasibəti də elə o cürdür.
Son vaxtların ən gülməli kampaniyalarından biri də “Siqaretsiz Azərbaycan!”dır. Bunu hakimiyyətin saxta deputatları başladıblar, rejimin yandaş yazar-pozarları da böyük bir şövqlə, zövqlə həmin kampaniyanı mədh etməklə məşğuldurlar. Əlbəttə, normalda təqdir ediləsi bir kampaniyadır, amma “rüşvətsiz Azərbaycan” istəməyə cəsarəti çatmayanların “siqaretsiz Azərbaycan” arzulamaları adamda sadəcə, ikrah yaradır. Siqaret bugünkü Azərbaycanın ən sonuncu problemi belə, deyil. Bir dəfə də yazmışdım və təkrar yazmaqda da fayda var: ona qalsa, Milli Məclisdə siqaret çəkmirlər, amma bu saat Azərbaycanda havası ora qədər çirklənmiş, zəhərli, zərərli bir yer tapmaq çətindir.
Üstəlik, siqaret çəkmək 1 kilometri 15 milyon manata yol çəkməkdən daha təhlükəli deyil, qoy hakimiyyətdəkilər əvvəlcə bahalı, korrupsiya, talançılıq tüstüləyən yollar çəkməyi tərgitsinlər, sonra xalqdan siqaret çəkməyi tərgitməyi istəyərlər.
Mən heç bir ciddi funksionallığı olmayan, məmləkətin daha dərin yaralarından, problemlərindən min ağac uzaqlıqdakı bu cür kampaniyalar haqqında çox danışmaq istəmirəm, onsuz da hamısı bir-birinin tayıdır.
Heç kim inciməsin, heç kimin xətrinə dəyməsin, belə kampaniyaların mahiyyətcə tində dayanıb saatlarla təsbeh çevirməkdən, iki qardaş olub hərəyə bir dənə ceyran götürməkdən, sonra da maşını xoddayıb Nabrana sürməkdən heç bir fərqi yoxdur. Ölkədəki “avtoritarizm” adlı odu söndürmədən “gender bərabərsizliyi”, “yol hərəkətinin təhlükəsizliyi”, “xalqın siqaretin zərərləri haqqında maarifləndirilməsi” kimi küllərlə oynamaq yeni növ avaraçılıq kimi bir şeydir.