Amsterdamda «Azərbaycan məktəbi»ni saxlamağa pul «tapmayanlar» Heydər Əliyev Fondunun adına poçt markası sifariş edirlər
“Diasporaçılıqdan qaraçılığa” adlı yazım Azərbaycan hakimiyyətindəki bəzi dairələri və “diasporaçıları” narahat edib. Bu üzdən də onlar müəyyən yollarla deyilənlərə etirazlarını bildirməyə cəhd edirlər və bu, təbiidir. Lakin “Azərbaycan Benilüks” qəzetinin həmtəsisçisi və baş redaktoru, Avropa Azərbaycanlıları Informasiya Mərkəzinin rəhbəri Tale Həsənov bir qədər uzağa gedərək məni insafsızlıqda suçlayıb və faktlarla danışmağa çağırıb. Həmçinin o, diasporaya Heydər Əliyev Fondundan və digər dövlət qurumlarından yardımlar ayrılmasına normal yanaşmağın lazım olduğunu vurğulayıb.
Guya, mən diasporaya dövlətdən və ya hansısa fonddan pul ayrılmasına qarşıyam. Halbuki, mən bu yardımların, pulların mənimsənilməsinə və ortada heç bir iş olmaya-olmaya bəzilərinin qəhrəman kimi təqdim olunmasına qarşıyam. O ki qaldı faktlara, bu barədə o qədər yazmaq olar ki, aylar-illər kifayət etməz. Və mən məhz hörmətli Tale Həsənovun istəyinə uyğun olaraq, sadəcə, bir məqama toxunmaq istəyirəm.
Bu günün özündə də Azərbaycanda bəzi kağızlar üzərində “Nederlandda iki Azərbaycan dili məktəbinin fəaliyyət göstərdiyi” qeyd olunur. Hələlik o iki “məktəbdən” biri barəsində söhbət açmaq istəyirəm. Hadisə belə olub. 2007-ci ilin sentyabrında Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovun təşkilatçılığı və Heydər Əliyev Fondunun maliyyə yardımı ilə Amsterdam şəhərində bir kiçik ofisdə Azərbaycan dili “məktəbi” açılıb. “Məktəbə” də Sima Cəfərova “direktor” təyin edilib. Bu barədə həmin dövrdə Azərbaycanın dövlət kanalları bar-bar bağırıb, hakimiyyət qəzetləri tərif yazıb. Lakin heç həmin reportajların və yazıların mürəkkəbi qurumamış “məktəb” bağlanıb, hamı da çıxıb gedib evinə. “Məktəb”in bağlanmasını da belə əsaslandırıblar ki, ancaq 6 ayın kirayə pulu ödənilibmiş, müddət qurtardığına görə “məktəbi” binadan çölə atıblar. Mən hələ Sima Cəfərovanın “direktorluq” müddətində əməkhaqqı almamasından danışmıram. Amma bunun qarşılığında cənab Sahil Qasımovun sifarişi, Diaspora Komitəsinin sədri Nazim Ibrahimovun xeyir-duası və təbii ki, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyilə Hollandiyada üzərində Heydər Əliyev Fondunun emblemi olan poçt markaları dövriyyəyə buraxılıb. Bir daha qeyd edirəm: pul çatışmazlığı üzündən “məktəbi” bağlayan cənab Sahil Qasımovun sifarişilə… Təbii ki, markaların çapı qarşılığında kifayət qədər vəsait də ödənilib.
Indi buyurun, cənab Tale Həsənov və digərləri, deyin görüm, “diaspora rəhbəri” statusu daşıyanlar və hökumətdə bu sahəyə məsul olanlar üçün Heydər Əliyev Fonduna yarınmaq daha üstündür, yoxsa Azərbaycan dili məktəbini maliyyələşdirmək? Və kimdir insafsız – Azərbaycanı unudub, Əliyevləri Allah bilənlər, yoxsa mən?
Bir məqamı da deyim ki, ermənilərin Hollandiyada təkcə 10 həftəsonu və bir böyük orta məktəbi var. Həmin məktəblərin maddi təminatı əsasən, Azərbaycan telekanallarının axşama qədər adam qalmadığından danışdığı Ermənistan dövlətinin hesabına ödənilir. Həmçinin ermənilər hər yerdə çalışırlar ki, Qarabağ, Şuşa, Xankəndi, Laçın və digər işğal altında olan torpaqlarımızı özününküləşdirmək üçün markalar çap etdirsinlər. Qarabağı və yeddi rayonu işğal edən Köçəryanla Sərkisyanın heç adını da tutan yoxdur. Azərbaycan hakimiyyəti isə diaspora adı altında Heydər Əliyev və onun yaxınlarının təbliğatıyla məşğuldur. Xocalı və digər faciələrsə, ancaq ildönümündən ildönümünə yada düşür. Və bu “mərasimlər” barədə bir də yazacağam.