natiqedilov

Tahir Süleymanovun hesablama sistemi…

natiqedilovNatiq Güləhmədoğlu

natnetaz@gmail.com

Bir çoxlarınız bilir, bilməyənlərə də mən xəbər verim: o gün bloqçu Mehman Hüseynov zillətin vəkili Tahir Süleymanovun rayondakı ev adlandırılan qəsrinin, imarətinin videosunu çəkib yayıb. Rayon polisi, ştatda olan və olmayan çuğullar, eləcə də zillət vəkilinin özü bu hadisədən xeyli narahat olub.

Tahir müəllimin çox kövrək notlar üzərində qurulan açıqlamasını oxudum. Dindən, imandan iltifatla söz açan Süleymanov bəzi maraqlı kəlamları da bəyan edib.

Onlara toxunacağıq, hələlik zillət vəkilinin pərişanlığının səbəbini dərk etməyə çalışaq. O niyə narahatdır? Niyə ağzını ağrıdıb hansısa izahat verməyi özünə borc bilib? Rəhmətliyin oğlu, deputatın vəzifəsi parlamentdə danışmaqdı, ancaq sənin ağzını heç orda kəlbətinlə açmaq olmur. Allah bilir, neçə əsrdir Parlamentdə oturursan, bir dənə yaddaqalan çıxışın olmayıb, indi nə haydı?

Bu yoldaşın qəzəbinin bir ağlabatan səbəbi ola bilər; fikrə düşüb ki, malikanəsinin respublika səviyyəsində təqdimatının keçirilməsi onun bədnəzərə gəlməsinə səbəb olar. Yoxsa, videoda qeyri-adi nə var ki?

Sadəcə camaat üçün məmurların, kürsü sahiblərinin padişah kimi cah-cəlal içində yaşaması adi hala dönüb, “yuxarılar” üçün də o malikanə heç zaman sirr ola bilməz. Bəlkə də onun özülü atılanda şəxsən Akif Çovdarov gəlib “siftə”ni alıb gedib. Yəni hiddətlənməyə, pərişan olmağa, xüsusi açıqlama yayamağa ciddi əsas bircə dənə “gözdəymə” ola bilər. Başqa heç nə.

Bu hadisənin ciddi düşünməmizə səbəb olacaq bircə epizodu var. O da zillət vəkilinin “adamın evi olar” deməsində gizlənib.

“Adamın evi olar”- bilmirəm, bu gözəl fikri Tahir müəllim özü fikirləşib tapıb, ya hansısa çox oxumuş dostdan öyrənib. Indi mən demoqogiyaya qaçıb amansız suallarla mövzumuzu davam edib müəllimi çox pis vəziyyətə qoya bilərəm. Məsələn, soruşaram ki, evsiz mövcudluğunu davam etdirən yüzminlərlə azərbaycanlı var, onların varlığını hətta bizim saxtakar Statistika Komitəsi də etiraf edir. Necə başa düşək, onlar adam sayılmır? Qara camaat bir yana, adama deyərlər ki, sənin prezidentinin vəkili olanlar var ki, orda-burda heç gizlətmədən ağlaşma qururlar ki, evləri yoxdur. Sənin prezidentinin allı-güllü siyasətini tərənnüm edən nə qədər jurnalistin evsizlik ucbatından nalələri ərşə dirənib. Bu şəxslər sənin hesablama sistemində adam deyilsə, bəs nədir?

Fəqət bu suallar hamısı bihudədir, bağışlayın ki, yazıb sizin də başınızı ağrıtdım. O zillət vəkili nədir, kimdir ki, bu suallara cavab tapsın, yaxud versin. Onun idrakı puldan, özü də zəhmətsiz qazanılan, çırpışdırılan puldan başqa sahələrdə acizdir.

Biz öz hayımıza qalmalıyıq. Biz, yəni ev-eşiksiz, yaxud bir balaca damı əldə edənə qədər bütün həyat və yaradıcılığını xərcləyib qurtaran azərbaycanlılar…

Özümüzdən soruşmalıyıq ki, nə vaxta qədər bir xırda qrup bütün Azərbaycan, dünya boyunca ev-eşik sahibi olacaqlar, lakin gözünü açandan zəhmətlə məşğul olan adamlar evə sahib olmalarını ancaq fantaziya kimi qəbul edəcək?

Azərbaycanda qoy Tahirin imarəti kimi imarətlərin sayı-hesabı bilinməsin. Lakin haqq-hesab aydın olsun. Müəyyənləşsin ki, bir sıra adamlar faktiki heç bir zəhmətkeş fəaliyyətdə olmadıqları halda sərvət və dövlətləri gündən-günə çoxalır, ancaq bəziləri işləyə-işləyə, alın təri tökə-tökə daha da səfalətin dibinə gedir…