Rejimlərin musiqi və kitab qorxusu

saadet-cahangir-koseSəadət Cahangir

Azərbaycan hökuməti ilə Rusiya hökumət arasında o qədər yaxınlıq var ki, yaşadığımız sistemlərin bir-birinə bu qədər bənzəməsinə də təəccüblənmirəm. 25 il əvvəl eyni siyasi sistemin şinelindən çıxmışıq, ancaq, deyəsən, o şinelin istisi tamamilə bunların qanına-canına işləyib. Elə işləyib ki, 25 ildir hələ də enerji və impulslarını ordan gəlir. Dünyaya baxış, düşüncə tərzi, təfəkkür səviyyəsi də ondan uzağa getməyib, hər şey elə o köhnə sovet pultu ilə idarə olunur. Ona görə illərdir ölkədə yaxşılığa, yeniliyə, inkişafa doğru bir şey dəyişmir. Cəmiyyət primitiv düşüncələrin qondarıb ortaya çıxardığı çürük ideyaların qurbanına çevrilib. Xalqın iradəsini ayağının altına qoyan istənilən səlahiyyət sahibi ağlına gələni edir. Bu özbaşınalıq üzündən yoxsul ölkə insanı bahalı oyunların və ucuz şouların əlində əsir qalıb, qan ağlayır. Biz köhnə sistemdən 25 il əvvəl qopmuşuq, amma indi o sistemin qalıqlarından yaşadıqlarımız daha betər, daha ağır və daha işgəncəlidir…

Bu ayın 10-da Moskvada iki gənc musiqiçi qız məhkəmə qarşısına çıxarılmışdı. Sankt-Peterburq musiqi məktəbinin tələbələri Violetta Mixaylova və Lyubov Stratseva. Qızların günahı nə olub, bilirsiniz? Moskvanın Manej meydanında oturub arfa və domra alətlərində musiqi parçaları səsləndiriblər. Başqa bir məqsədləri də olmayıb. Qızlardan birinin Sankt-Peterburqa qayıtması üçün bilet pulu yığmaq istəyiblər. Amma qısa zamanda şəhər polisi özünü yetirib onları məntəqəyə aparıb.

Avqust ayının 10-da məhkəməyə çıxarılan qızlar 1000 rubl məbləğində (150 dollar) cərimə ediliblər. Qızlar cərimələnmə hadisəsini “absurd” adlandıraraq, bildiriblər ki, biz qaydaları pozduğumuzu bilirik, amma heç bir pis iş görməmişik, sadəcə, musiqi səsləndirmişik…

Şübhəsiz, qızlar heç bir pis iş görməyiblər, ancaq, deyəsən, hansı qaydaları pozduqlarının da fərqində deyillər. Onlara “ictimai yerdə icazəsiz aksiya keçirmək” ittihamı irəli sürülərək cərimə kəsilibsə də, məsələnin məğzi tamam başqadır. Məsələ Putin rejiminin insanların içindəki azadlıq duyğusuna qarşı göstərdiyi kobud aqressiyadır. Cəzalandırma məhz buna görə, qızların sərgilədiyi “dikbaşlığa” və “özbaşınalığa” görədir. Hərçənd, faktın Rusiya cəmiyyətində iqtisadi böhranın açdığı yaraları görmək baxımından da, bir başqa maraqlı tərəfi var. Lakin mən onu kənara qoyub, məlum həbsə bənzər faktların bizdə də tez-tez baş verdiyini xatırlatmaq istəyirəm. Uzağa getməyək, paytaxt küçələrində kitab və jurnal-qəzet satışının yasaqlanması. “Tarqovı”da hamının kitabçı Qurban kimi tanıdığı Qurban Məmmədovun satış zamanı tutulub polis məntəqəsinə aparılması. Uzun illərdir çörəyi paytaxt küçələrindən çıxan həvəskar musiqiçilərə qoyulan qadağalar… Bütün bunlar bizim bənzər cəmiyyətlərin ortaq bəlalarıdır. Bənzər rejim balalarının törətdiyi bənzər bəlalar…

Totalitar rejimlərin tarixdən üzü bəri musiqi və kitabdan qorxusu olub. Yüz illər boyu nə qədər elm adamının edam kötüyünə getdiyini, nə qədər musiqiçinin əlinin, dilinin, boğazının kəsildiyini bilirsiniz. Rejimlərin qorxusu da elə o yazan, danışan, oxuyan azad ruhlu adamlardandır ki, qaydaları müəyyən edəndə ilk növbədə onlara yasaq qoymaq yollarını düşünürlər. On illərdir elə bu rejimlərin istehsal etdiyi məhdud düşüncələrin ağrısını çəkirik. Bizi irəli getməyə qoymayan da o rejimlərin absurd yasaqlarıdır…