Futbolçu jurnalist Rasim Əliyevin qətlində günahlandırılır
Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə əlaqədar həbs olunan futbolçu, “Qəbələ” klubunun keçmiş kapitanı Cavid Hüseynov dünən yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Apelyasiya Məhkəməsində onun 4 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayətə baxılır. Indiyədək futbolçunun hüquqlarını vəkil Adəm Məmmədov müdafiə edirdi. Dünənki məhkəmə iclasında məlum olub ki, vəkil Ilqar Musayev də onun hüquqlarının müdafiəsinə qoşulur.
Adəm Məmmədov məhkəmədə çıxışında bildirib ki, Cavid Hüseynova irəli sürülmüş ittiham absurddur. Onun sözlərinə görə, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində futbolçuya böyük ədalətsizlik olub: “Bəlkə də Azərbaycanın məhkəmə, istintaq tarixində belə gülünc ittiham olmayıb. Cavid Hüseynovu təqsirləndirirlər ki, ağır cinayəti bilib polisə xəbər verməyib. Əgər o, bu barədə məlumat alanda, artıq bütün media artıq bunu yazmışdı, mərhum özü polisə xəbər vermişdisə, Cavid Hüseynov neyləməli idi? Yenidən ”102″yə zəng eləməli idi? Və yaxud əgər adam hadisədən sonra “get özünə vəkil tut, təslim ol” yazıbsa, burada hansı cinayəti gizlətmədən söhbət gedə bilər?”
Məhkəmədən futbolçu barəsində bəraət hökmü çıxarılmasını istəyən vəkil diqqətə çatdırıb ki, Cavid Hüseynovun atası hələ o, çox kiçik olarkən Qarabağ uğrunda döyüşlərdə şəhid olub: “Cavid Hüseynovun atası Cəbrayılın özünümüdafiə batalyonunu yaradanlardan biri olub. Prezident tərəfindən ”Igidliyə görə” medalına layiq görülüb”.
Cavid Hüseynovun özünün çıxışı isə bir cümlədən ibarət olub: “Bütün Azərbaycan xalqı bilir ki, mənim günahım yoxdur”.
Apelyasiya şikayəti üzrə məhkəmə avqustun 19-da davam edəcək.
Sosial şəbəkədə Cavid Hüseynovu tənqid etdiyinə görə bir qrup şəxs Rasim Əliyevi ötən il avqustun 8-də döyüb və 9-na keçən gecə o, 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilib. Istintaqın sonunda CM-in 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə – ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfərin işi ayrılıb və onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilə qədər həbs cəzası alıb.
CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.
Cavid Hüseynov özünü təqsirli bilmir və jurnalistin döyülməsi ilə heç bir əlaqəsi olmadığını, haqsız tutulduğunu deyir.
Aytən



