Ölkədə maşınların 67 faizinin istismar müddəti keçib

mufettis-mashinEkoloq Telman Zeynalov: «Əsas məsələ yanacaqdır…»

Dünya təcrübəsində istismar müddəti 5 ili ötən avtomobillər köhnə avtomobil kateqoriyasına aid edilir. Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev “facebook” səhifəsində paylaşdığı yazıda bildirib.

Ekspertin sözlərinə görə, 2008-ci ildə Azərbaycanda istismar müddəti 5 ilədək olan avtomobillərin ümumi avtoparkda payının 20 faiz idi. 2015-ci ildə isə bu rəqəm 15 faizə enib.

Amma Azərbaycanda 10 ildən çox istismar müddəti olanların xüsusi çəkisi 54 faizdən 67 faizə yüksəlib. 2008-2015-ci illərdə istismar müddəti 5 ilədək olan avtomobillərin sayı cəmi 29 min ədəd, 10 ildən çox istismar müddəti olanların sayı isə 163 min ədəd artıb.

Məsələnin narahatlıq yaradan başqa bir tərəfi ölkəyə gətirilən avtomobillərdən qeyri-qanuni, əsassız ödəmələr tələb olunmasıdır. Gömrük qeydiyyatı və digər prosedurlar zamanı tələb olunan vəsaitin çoxluğu avtomobilin Azərbaycan vətəndaşlarına baha başa gəlməsinə səbəb olur. Ona görə də maşın almaq istəyən şəxs yeni, bahalı deyil, ucuz və işlənmişinə üz tutmağa məcbur olur.

Tanınmış ekoloq Telman Zeynalov deyir ki, xaricdə maşın alıb-satmağın maraqlı bir təcrübəsi var. Əksər ölkələrdə köhnə maşınları təhvil verib 20 faiz ödəməklə yeni maşın almaq olur: “Bizdə istifadədə olanların əksəriyyəti isə əsaslı təmirdən çıxan köhnə maşınlardır. Almaniyada qiyməti 3-5 min manat olan maşın gömrükdə 8 min manata rəsmiləşdirilir. Bütün prosedurlardan sonra isə həmin maşın 12 min manata başa gəlir. Gömrükdə baş verən bu problemlər həll olunmalıdır”.

Köhnə maşınların ekologiyaya təsirinə gəlincə, ekspert deyir ki, əsas məsələ hansı növ yanacaqdan istifadə edilməsidir: “Yanacaq standartlara cavab verirsə, ”Avro-4″, “Avro-5″, ”Avro-6″ standartıdırsa, avtomobilin köhnə  və ya təzə olmasının ekologiyaya ciddi təsiri yoxdur. Ilk növbədə yanacağa diqqət yetirilməlidir ki, maşın işləyərkən ekologiyaya mənfi təsiri olmasın”.

Nigar