Gürcüstanın azərbaycanlı sakini Etibar Elçiyev Ginnesin Rekordlar Kitabının medalına layiq görülüb.
Lent.az-ın məlumatına görə, bu medal Elçiyevə İtaliyada təşkil olunan Ginnes rekordçuları şousundan sonra təqdim olunub.
Kikboksinq üzrə sabiq məşqçi xüsusi maqnit cazibəsinin köməyilə eyni vaxtda bədənində saxladığı metal qaşıq sayı üzrə dünya rekordu vurub. O, İtaliyada rekordunu təkrarlayaraq bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.
Elçiyev özündə metal əşya saxlama istedadını təqribən 1 il öncə aşkarlayıb. İtaliyadan qayıdarkən, Tiflis hava limanında jurnalistlərə verdiyi açıqlamada 39 yaşlı idmançı bu rekordu təkcə özünün deyil, bütün Gürcüstanın mülkü adlandırıb: “Şadam ki, rekord müəyyənləşdirə və medal qazana bildim. Rekord müəyyənləşdirməyimdə mənə imkan yaradan hər kəsə təşəkkür edirəm”.