Dünya neft bazarında növbəti ucuzlaşma dalğası gəlir
Nemət Əliyev: «Bunun Azərbaycanın tədiyyə balansında buraxdığı izlər də böyük olacaq»
Neftin qiymətinin dünya bazarında aşağı düşməsi Azərbaycanın gəlirlərinə ciddi təsir edir. Çünki ixracatı neft və neft məhsulları üzərində qurulan Azərbaycanın gəlirləri sırf net gəlirlərindən asılıdır. Dünya bazarında bu məhsulun qiyməti getdikcə aşağı düşməkdədir. Bu enmənin yaxın zamanlarda daha sürətli gedəcəyi proqnozları var.
Hazırda Iranın neft ixracı 2,5 mln. barel/gün təşkil edir. Bu isə neft bazarında Iranın payının sanksiyadan əvvəlki səviyyəyə qayıtması deməkdir.
Bu barədə Iranın I vitse-prezidenti Eshaq Cahangiri bildirib: “Gündəlik neft ixracı 2,5 mln. barelədək artıb. Iran neft hasilatını artıra və bazardakı payına bərpa edə bilib”.
O qeyd edib ki, neftin qiymətinin düşməsi ilə bir sıra neft hasil edən ölkələr, xüsusilə də Fars körfəzi ölkələri böyük problemlərlə üzləşib: “Buna baxmayaraq, effektiv idarəetmə nəticəsində Iranda iqtisadi stabillik hökm sürür”.
Qeyd edək ki, Qərbin Irana qarşı sanksiyaları bu ilin yanvarından qaldırılıb. Hazırda Iran gündəlik təxminən 3,8 mln. barel neft hasil edir. (Report)
Səudiyyə neft hasilatını rekord həddə çatdırdı
Neftin dünya bazar qiymətinə təsir edə biləcək daha bir addım isə Səudiyyə Ərəbistanından gəlib. Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı, yay aylarında artan daxili tələbatı ödəmək üçün, iyul ayında gündəlik 10.67 milyon barrel ilə rekord miqdarda neft hasil edib. Bloomberg yazır ki, məlumat hələ ictimaiyyətə açıqlanmayıb.
Bu hasilat həcmi ölkənin 2015-ci ilin iyun ayında rekord hasilatından yüksəkdir.
Xəbərin ardınca neftin qiyməti aşağı düşməyə başlayıb. ABŞ xam nefti 1.2 faiz düşərək 42.27 dolları, Brent nefti isə 1,4 düşərək 44,37 dolları görüb.
Orta Şərqdəki enerjiyə tələbat, ev və ofislərdə kondisionerlərin intensiv istifadəsi səbəbi ilə iyul və avqust aylarında yüksəlir.
Səudiyyə Srabistanın neft hasilatına dair apardığı siyasət haqqında məlumat sahibi olan bir mənbənin aprel ayında verdiyi məlumata görə neft istehsalçısı, 2016-ci ildə gündəlik hasilatını 10.5 milyon barrelə çatdırmağı planlaşdırmışdı.
Cərəyan edən bu proseslər Azərbaycana nə vəd edir? Neftin qiymətini gözləyən enmə tədiyyə balansına necə təsir edəcək?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, hazırda Azərbaycan üçün çox mürəkkəb dövr yaşanır. Həm neftin qiymətinin aşağı düşdüyünü deyən N.Əliyev vurğuladı ki, buna paralel olaraq neft istehsalçıları hasilatlarını artırırlar: “neft istehsal edən ölkələr düşünürlər ki, neftin qiymətinin aşağı düşməsi hesabına itirdiklərinin heç olmasa bir hissəsini neftin hasilatını artırmaq yolu ilə qarşılasınlar. Büdcələri neftdən asılı olan ölkələr üçün neftin qiymətinin aşağı düşməsi çox böyük gəlirlər hesabına başa gəlir. Odur ki, neft ehtiyatları böyük olan Iran həm uzun müddətli sanksiyalardan sonra, həm də neftin hazırda qiymətinin düşməsi üzündən itirdiklərini bərpa etmək istəyirlər. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Azərbaycanda neftin hasilatı həm ABƏŞ-in, həm də ARDNŞ-in xətti ilə istehsal olunan neftin həcmi aşağı düşməkdədir. Ən yüksək hədd 2010-cu ildə 50.8 milyon ton olub. Ötən beş il müddətində isə neftin hasilatı kəskin şəkildə azalıb. 2015-ci ildə hasilat 40 milyon tona qədər düşmüşdü. Həm neftin hasilatı aşağı düşür, bu yataqlardakı ehtiyatın tükənməsi ilə bağlıdır. Həm də qiymətlər durma aşağı düşür. Odur ki, Azərbaycanın itkiləri iki tərəflidir. Həm hasilat aşağı düşdüyünə görə itki var, həm də qiymətlərin aşağı düşməsi gəlirlərə təsir edir”.
N.Əliyevin sözlərinə görə, bu cür vəziyyət Azərbaycan çox gəlirlərdən məhrum etdi. Elə yalnız onu nəzərə almaq lazımdır ki, 2015-ci ildə ÜDM-də itki 22 milyrd olub. Təsəvvür edin ki, Azərbaycan kimi kimi ölkə üçün bu rəqəm nə deməkdir. Bu isə o deməkdir ki, bu ilin sonunda əlavə olaraq 22 milyard gəlirdən məhrum olma nə deməkdir. Bunun Azərbaycanın tədiyyə balansında buraxdığı izlər də böyük olacaq”.
N.Əliyev onu da bildirdi ki, xarici şirkətlərin Azərbaycanda göstərdiyi xidmətlər, ölkədən çıxardığı vəsaitlər hesabına tədiyyə balansınada itkilər gözlənilir: “Son 3-4 ilin tədiyyə balansının dinamikasına diqqət edilsə, o zaman məlum olacaqdır ki, xüsusən də xidmətlər hesabı üzrə təxminən 4 milyard yarımlıq kəsirimiz var. Iki milyardlıq kəsir də gəlirlər hissəsində mövcuddur. Eləcə də tədiyyə balansını başqa hesablar üzrə də demək düzgün olardı. Demək ən azı iki bənd üzrə bizim 6 milyard kəsirmiz olub. Tədiyyə balansında yaranan bu kəsiri xarici ticarət dövriyyəsində əldə etdiyimiz gəlir hesabına qapatmaq mümkün olurdu. Amma artıq neft gəlirləri aşağı düşür, xarici ticarət balansında artıq mənfi saldo müşahidə olunur. Bu çox güman ilin sonuna qədər belə olacaq”.
N.Əliyevin sözlərinə görə, bütün bu proseslər manatı dəyərdən də salır. Eyni zamanda xarici valyuta da krediti olanlar bunu hər gün öz canları ilə hiss edirlər. Əgər bunun qarşısı alınmasa xarici ticarət üzrə Azərbacynan itkiləri böyüyəcək.
Xəyal