Prezident üçün də artırma eyvan tikilsin

Hökumətin 8 günlük icazəli bayram şənlikləri polis müdaxiləsi olmadan, “Novruz!” qışqıranların başına dubinka dəymədən, dava-dalaşsız başa çatdı. Bu ölkədə qadağan olunmuş bircə tədbir var: sərbəst toplaşmaq azadlığı. Qadağan olunmuş bircə söz var: Azadlıq! Hətta onu təzə dil açan körpə də qışqırsa, mütəq polis şöbəsində dayəsinin vasitəçiliyi ilə izahat verməlidir. Deputatlarımız martın 17-dən başlayaraq qırmızı geyinib, sərhəd bölgələrində xidmət edən əsgərlərə yeni çap olunan kitablarını, şəkərbura, paxlava, rəngli yumurta… apardılar. Orda qızğın yumurta döyüşlərini qələbə ilə başa vurub, qəşəng-qəşəng rəqs etdilər. Xəbər portalları da sağ olsunlar, deputatların özfəaliyyətləri haqqında məlumatları isti-isti millətə çatdırdılar. Və məlum oldu ki, bu il də ən fəal deputat Qənirə Paşayeva olub. Lent.az-ın məlumatına görə, “əsgərlər qarşısında çıxış edən millət vəkili onları təbrik edib və milli bayram ərəfəsində səngərlərdə olan hərbi qulluqçulara öz xidmətlərində intizamlı və dəqiq olmalarını arzulayıb”. Hərbi qulluqçularımıza eşq olsun, deputatın xahişinə əməl edib, səngərlərdə elə intizamlı və dəqiq oldular ki, paytaxtda hamı doyunca qoz-fındıq yedi, yallı getdi, prezidentimiz yumurta döyüşündə azğın kosanı uddu. Bizim camaata nəinki 8 gün, hətta ilin 12 ayı bayram etməyə rəsmən icazə verilsə, prezidentin canına dua edib, açdıqları süfrənin kənarından ayağa qalxmazlar. Nə veclərinə, ölkə xaricində yaşayanlar(canı çıxanlar) hər ay onlara “qrant” yollayırlar. Doğrudur, qayda-qanunla qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Amma ölkə xaricindən qohum-əqrəbalarına “qrant”la yardım edənlər bir az fərqlidirlər: onlar ildə bir dəfə, Novruz bayramı ərəfəsində Vətəndən sovqat gözləyirlər. Mart ayının əvvəlində bir tanışımla Sumqayıt Mərkəzi Poçtuna getmişdim. Poçtda böyüklərin hay-küyü, uşaqların ağlaşması bir-birinə qarışmışdı. Məktub, bağlama göndərilən şöbədə belində ərzaq torbası gəzdirənləri, qucağında əsgər forması tutanları görəndə elə bildim “Azərbaycanfilm” kinostudiyası “Bizim Cəbiş müəllim”in davamını çəkir. Sadəlövhlüyümü üzürlü sayın, Sovet dövründə böyüyən uşaqlar ancaq müharibədən bəhs edən filmlərdə elə dəhşətli “kadrları” görüblər. Sonra öyrəndim ki, Novruz sovqatını təkcə ölkə xaricində olanlara yox, həm də ölkədə xidmət edən əsgərlərə də yollayırlar. Demək olar ki, əsgərlər üçün gedən bütün bağlamalara corab, tuman, mayka qoyulurdu. Bəziləri övladına əsgər forması da yollayırdı. Yəqin fikirləşiblər ki, qoy uşaq bayram axşamı erməniyə təzə forması ilə acıq versin. Yaxınlığımda dayanıb, kağız qutuya oğlu üçün bayram sovqatı yığan ana ona kömək edən qadına deyirdi: “Keçən ay uşağa qəsəbə poçtundan kolbasa da yollamışdım. Amma kolbasanı götürmüşdülər, ona görə bura gəldim”. Xaricə göndərilən qutulara isə meyvə qurusu, ləbləbi, şəkərbura, paxlava yığılırdı. Təsəvvür edin, ünvanına çatana qədər kiflənən şəkərbura-paxlavadan, meyvə qurusundan ibarət 5-6 kiloluq sovqat üçün hər il 5-10 min manat “qrant” alan vətəndaşlarımız var. Hökumət də elə bilir ki, camaat onun verdiyi 85 manatla dolanır. Sovqat yollayanlar bağlamanın ünvan yerinə elə ölkə, şəhər adları yazırdılar ki, ömrümdə birinci dəfə idi o şəhərlərin adlarıyla rastlaşırdım. Kim bilir, bəlkə, Azərbaycanı tərk edənlər üçün adları dünya xəritəsinə düşməyən yeni şəhərlər salınıb, bizim xəbərimiz yoxdur. Sovqat göndərənlərin növbəsində ilginc hadisə də oldu: qucağında uşaqla dayanan qadını balaca şillələməyə başladı. Ana məcbur olub uşağı qucağından yerə qoydu. Balaca tez qaçıb kafellərin üstündə tullanıb-düşən uşaqlara qoşuldu. Hər dəfə kafellərin üstündə tullandıqca ətrafa “qurr-qarr” səsləri və balacaların gülüşləri yayılırdı. Və bu balacaları çox əyləndirirdi. Vallah, gülən olmasaydı, mən də balacalara qoşulub əylənərdim. Bizim uşaqlığımız Sovet dövrünə düşdüyü üçün o zaman belə maraqlı əyləncələr yox idi. Bir kafeli yapışdıranda, yolu çəkəndə 20-30 il yerindən qopmurdu. Indi isə balcalar üçün bütün ölkə əyləncə atraksionudur. Sumqayıt Mərkəzi Poçtundakı vəziyyət də çox “əyləncəli” idi: binanın çöl tərəfində təmir gedirdi, içəridə isə yeni yapışdırılan kafelləri balacalar bir-birinin başına çırpırdı. Yeri gəlmişkən, Mərkəzi Poçtun bir-iki addımlığında olan Sumqayıt Icra Hakimiyyəti binasında da təmir işləri gedirdi. Məşhur “yaşıl bina”nın sarmaşıqlarını yolub, yeni icra hakimi üçün şahanə artırma eyvan tikirdilər. Qəribədir, Eldar Əzizov şəhər sakinlərinin artırma eyvanlarını sökmək haqqında əmr verib, amma özünə artırma eyvan tikdirir. Görünür, ARTIRMAya sahib olmaq üçün rəhbəri olduğun ölkənin, şəhərin, idarənin altını üstünə, üstünü altına çevirmək lazımdır…