Etiraz edən sahibkarlar Kəbirə Məmmədova ilə görüşdən razı çıxmadı
Bazar günü “Binə” Ticarət Mərkəzində sahibkarların növbəti etiraz aksiyası keçirildi. Saat 12.00 radələrində təxminən 200 nəfər sahibkar Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın ofisi qarşısına toplaşaraq, onunla görüş tələb etdilər. Sahibkarları narahat edən məsələ isə iş günündə heç bir əsas olmadan elektrik enerjisinin saatlarla kəsilməsi idi.
Giriş qadağandır!
K.Məmmədova etirazçıların qarşısına çıxmaqdan imtina edib onlardan 5 nəfərlik heyəti otağında qəbul etdi. Bir saata yaxın çəkən görüşdən nümayəndələr nəticəsiz qayıtdılar. Onların bildirdiyinə görə, Ticarət Mərkəzinin sahibi sahibkarlara vəziyyətin yalnız bir halda – hər dükana görə ödədikləri işıqpulunun məbləği 20 manat artırılacağı halda, dəyişəcəyini deyib. Etirazçılar hər dükana ayrıca sayğac qoyulması və bu sayğaca uyğun ödəniş edilməsi təklifini irəli sürüblər. Bu təklifə K.Məmmədova maraqlı cavab verib. O, konkret ad çəkməsə də, Ticarət Mərkəzinin üzərinə əlavə ödənişlər qoyulduğunu deyib və bu fikri də əlavə edib: “Bura nə ”Bandotdel”i girməyə qoyuram, nə də vergini… Sayğac da girməyəcək!”.
Buz sınır…
Rəhbərliyin bu mövqeyi bəlli olandan sonra etirazçılar Prezident Administrasiyasına şikayətə yollanmaq barədə müzakirələrə başladılar. Bu zaman xəbər gəldi ki, onların hamısını Kəbirə Məmmədova qəbul etməyə hazırdır. Biz də həmin görüşdə iştirak etdik. Oradakı söhbətlərin təfərrüatlarına keçməmişdən əvvəl etirazçıların əsas narazılığının mahiyyəti barədə bir qədər məlumat verək.
Onların dərdi…
Sahibkarlar bildirir ki, onlardan aylıq elektrik enerjisinin haqqı olaraq, hər lampa üçün 3, kondisioner üçünsə 40 manat tələb olunur.
“Bir dükanı işıqlandırmaq üçün azı, 10 lampa lazım olur. Bu isə ayda minimum 70 manat edir. Bu qədər ödənişə baxmayaraq, onların işığı hər gün 1-2 saat kəsilir. Işıq kəsildikdə isə generatorlar işə düşür, onun da səsi və tüstüsü müştəriləri qaçırır”, – deyə etirazçılar şikayətlərini əsaslandırırlar.
Onların tələbi elektrik enerjisilə problemsiz şəkildə təmin olunmaqdır. Etirazçılar bildirir ki, əslində, onlar işlətdiklərindən daha çox ödəniş edirlər: “Istifadə etdiyimiz lampaların hamısı ”ekonomik”dir. Onlar ayda heç bir manatlıq elektrik işlətmir”.
Yüklənmə var
Kəbirə Məmmədova görüş zamanı elektrik kəsintisini naqillərin çox yüklənməsilə əlaqələndirdi. Amma çoxsaylı suallara rəğmən, o, heç cür aydınlıq gətirmədi ki, pul çox veriləndə o yük necə azalacaq.
Kəbirə Məmmədova etirazçılara bir daha bildirdi ki, əlavə 20 manat ödəniş olmasa, vəziyyət belə də davam edəcək. Anında o, polisə generatorların yığışdırılması haqda göstəriş də verdi.
Sayğac niyə yoxdur?
“Sədərək”, “Karvan” ticarət mərkəzlərində sayğac var, bəs bizdə niyə yoxdur?” sualına da Kəbirə Məmmədova cavab verdi. O dedi ki, bunun səbəbi guya, sayğaclara müdaxilə ilə bağlıdır: “Iki cərgəyə sayğac qoydurdum. Sonra gəlib məni 12 min manat cərimə etdilər. Çünki sayğacı qurdalamışdılar”.
Sahibkarlar bu əsaslandırmaya etiraz edərək bildirdilər ki, kim müdaxilə edirsə, o da cərimələnsin. Bu arqumentə Kəbirə Məmmədovanın heç bir sözü olmadı. O, ancaq naqillərin dəyişməsinə xeyli pulu çıxdığını təkrar-təkrar vurğuladı.
“Tüpürərəm üzünə…”
Sonda Kəbirə Məmmədova etirazçılara bildirdi ki, tələb olunan pulu dükan sahiblərinə verilən icarə haqqından çıxsınlar: “Siz verdiyiniz icarə haqqından 20 manatı ayırın, verin işıqpulu üçün. Ona hansı dükan sahibi etiraz etsə, mən sizin qarşınızda onun müqaviləsini cırar, üzünə tüpürərəm”.
Etirazçılar danışıqların mənasız olduğunu anlayıb dağılışdılar. Onlar görüşdən sonra bir daha “Azadlıq”a bildirdilər ki, Kəbirə Məmmədovanın təklif etdiyi variant məqbul deyil, buna heç bir icarəçi razı olmayacaq.
Etirazçılar sayğaclaşma tələbilə bu həftə “Azərenerji”yə və dövlət başçısına kütləvi müraciətlər yollayacaqlar.
Natiq