Referendum qabağı “zirvə” alış-verişi

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Rusiya ilə Iran prezidentinin Bakıda I.Əliyevlə görüşü “Zirvə” görüşü adlandıranlar, bu görüşdən dolayı böyük gözləntisi olanlar vardı. Çoxları Qarabağla bağlı dönüş qərarının veriləcəyini gözləyirdi. Üç görüş fiqurantından biri də Qarabağın Azərbaycana qaytarılmasını istəmirsə, burada hansı dönüşdən danışmaq olar?! Rusiya da, fars Iranı da indiyədək yalnız ermənilərə arxa durublarsa, yalnız ermənilərin üstünlüyünə çalışıblarsa, bu gün də indiyədək yürütdükləri antiAzərbaycan siyasətini yürüdürlərsə, konfliktin çözümündə hansısa irəliləyişdən, dönüşdən danışa bilərikmi?! Ilham Əliyevə gəlincə, imperialist Rusiya, islam donuna girmiş fars imperializmi, bir də Azərbaycanda özlərinin ailə imperiyalarını qurmuş Əliyevlər bütöv bir üçlükdür. Qarabağı verməklə hakimiyətə yiyələnmiş Əliyevlər ailəsi yalnız neft-qaz kartı ilə deyil, eləcə də Qarabağ kartı ilə oynamaqla uzun illər hakimiyətdə qala bilib.

Görüşdən bir gün qabaq I.Əliyev yenə xalqı aldatma axarında demişdi: “Sabah tarixi addım atılacaq”. Çoxları bu addımın Qarabağla bağlı olduğunu deyir, yazırdı. Ancaq, bəlli olduğu kimi, görüşdə hansısa “tarixi” addım atılmadı. Indi konkret fakt göstərmədən Azərbaycanın bu görüşdən çox şey qazandığı bildirilir. Ortada konkret bir fakt var: yeni neft-qaz bağlaşmaları. Bunu Azərbaycanın uğuru-qazancı adlandırmaq yalnız xalqı aldatmaqdır. Bütün qabaqkı neft-qaz bağlaşmaları kimi bu bağlaşma da Əliyevlərin Azərbaycandan oğurladıqları milyardları artırmaq üçündür. I.Əliyev də yalnız bununla bağlı görüşün “nəticələrindən razı” qaldığını bildirə bilər. Yeni neft-qaz bağlaşmaları ailəyə yeni-yeni varlanma perspektivləri yaradır – ailə qazancı baxımından, sözsüz, sevindirici sonuclar var. Məncə, ailə qazancı baxımından başqa bir sevindirici sonuc referendumla bağlıdır. Çox ola bilsin, Putin də Ruhani də referendumla bağlı I.Əliyevə arxa duracaqlarını, yardımçı olacaqlarını bildiriblər. Bəlli olduğu kimi, Putin Rusiyasının da, Iran Islam Respublikasının da Azərbaycandakı referendum-seçki oyunlarına əl qatmaq olanağı var: hər iki dövlətin (başlıcası da, Rusiyanın) administrativ resursları Azərbaycanda çox işləkdir.

Ayrıca olaraq Qarabağ konfliktinə gəlincə, I.Əliyevin “dostu-qardaşı”, eləcə də özü demiş, “strateji müttəfiqi” Putin konfliktə bir daha özünün Baş Prezident damğasını vurdu: “Bu konfliktdə qalib yan ola bilməz!” Bu isə Qarabağı IŞĞAL edən dövlətin özünü “müstəqil Azərbaycan dövlətinin prezidenti” adlandıran I.Əliyevə birbaşa göstərişi, buyruğudur. Başqa yerlərdə, ən çox da qaçqınların qarşısında dünyanın ən güclü, qorxmaz lideri kimi danışan, “Qarabağ da, Ermənistan da bizim tarixi torpaqlarımızdır, lazım gəlsə biz torpaqlarımızın hamısını azad edəcəyik” deyə basıb-bağlayan I.Əliyev daha çox gərəkən yerdə – Putinin, ən azı, onun Azərbaycanı alçaltmağa yönəlik indiki çıxışının qarşısında susdu, “Ermənistan” bir yana, “Qarabağ bizim tarixi torpağımızdır, bizim işğal altında olan tarixi torpağımızı geri qaytarmaq hüququmuz var” deməyə də təpəri çatmadı. Ancaq, o nədənsə avropalılarla görüşlərində belə çıxışları etməkdən qorxmur: Siyasətə baxın: avropalıları qorxudur, Putindən qorxur.

Bu görüş sürəsində ermənilər Qubadlıda yeni erməni qəsəbəsinin açılışını etdilər. I.Əliyev ən azı bu faktla bağlı Putinin qarşısında kəskin bildiriylə çıxış edə bilərdi – etmədi, edə bilmədi, görünür, “lazım” gəlmədi! Ermənilər Laçında, Qqubadlıda, işğal etdikləri başqa yerlərdə yeni-yeni qəsəbələr salırkən. I.Əliyev Qarabağ qaçqınlarına Abşeronda, Bakının böyür-başında qəsəbələr salır. Bu isə Əlyevlərin Qarabağı qayıtmaza satmalarının göstəricisidr. Aprelin başlanğıcındakı 3-4 günlük ordu qırğını, daha çox da döyüş meydanındakı üstünlüyü Moskvadan göstərişlə uğursuzluğa çevirmə faktı… bunlar hamısı Qarabağın, bütövlükdə Azərbaycanın satılma görsənişləridir!