Ekspertlərə görə, münasibətlərin normallaşması iqtisadi münasibətlərin bərpası baxımından vacibdir
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında uzun müddətdir gözlənilən görüş dünən baş tutdu. Liderlər Sankt-Peterburqun Strelne rayonunda Konstantinov sarayının ikinci mərtəbəsindəki “Yunan” zalında görüşüblər.
Informasiyaya əsasən, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Admistrasiyası baş katibinin müavini Ibrahim Kalın, Rusiya tərəfdən isə ölkənin xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov iştirak edib.
Görüşdən sonra Ərdoğan və Putin birgə mətbuat konfransı da keçiriblər.
Xatırladaq ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus “Su-24″ döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Bundan sonra iki ölkə arasında münasibətlər pozulmuşdu. Həmin hadisədən sonra ilk dəfədir ki, iki ölkənin liderləri görüşür.
Görüşdən əvvəl tərəflərin əsas müzakirə edə və razılığa gələ biləcəyi məsələlərlə bağlı müxtəlif fikirlər səslənib.
Türkiyə “Türk axını” layihəsinin reallaşması üçün dərhal bütün lazımi addımların atılmasına hazırdır.
Türkiyə ilə Rusiya yaxın keçmişdəki konfliktin həllinə doğru gedir. Ərdoğan bunu avqustun 9-da Peterburq səfəri öncəsi səsləndirib. Ərdoğanın fikrincə, bu, tarixi səfər, yeni başlanğıc olacaq.
Məsələnin iqtisadi tərəfinə gəlincə, gərgin münasibətlərdən, iqtisadi baxımdan, əsas etibarilə Türkiyə zərər gördü. Rusiya digər cavab tədbirləri ilə bərabər öz vətəndaşlarının Türkiyəyə turistik səfərinin də qarşısını aldı.
Ruslar Türkiyə turizmində almanlardan sonra ikinci ən böyük qrupdur və Avropa Yenidənqurma və Inkişaf Bankının hesablamalarına görə, ruslar Türkiyədə 2014-cü ildə 3 milyard dollar pul xərcləyiblər. Bu, Türkiyə ümumi daxili məhsulunun 0,4 faizidir.
Siyasi ekspertlərin fikrincə, Ərdoğanın Rusiyaya səfəri təyyarə böhranından sonra münasibətlərdə olan gərginliyin yumşalma dövrünə təsadüf edir. Ərdoğanın Putinə məktubundan sonra ikitərəfli əlaqələrdə canlanma müşahidə olunmağa başlayıb. Təyyarə böhranından sonra yaranmış gərginlik zamanı siyasi və iqtisadi münasibətlərdə ciddi problemlər ortaya çıxdı.
Putin və Ərdoğanın müzakirə edəcəyi və hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən məsələ Suriya problemidir. Suriya nizamlanmasına ölkələrin münasibətləri nə qədər müxtəlif olsa da, ən azı müəyyən məsələlər üzrə əməkdaşlığın vacib olduğunu tərəflər yaxşı başa düşür.
Görüşdən gözlənilən ən çox proqnozlaşdırılan məsələ ticarət və iqtisadi münasibətlərin bərpasıdır. Suriya məsələsi ilə bağlı hansısa ciddi qərarların verilməsi hələlik istisna olunur.
Rusiyanın Türkiyəyə sanksiyalar tətbiq etməsi hər iki ölkəyə ciddi iqtisadi ziyan vurub. Münasibətlərin normallaşması qarşılıqlı faydalı iqtisadi münasibətlərin bərpası baxımından vacibdir.
Xəyal