Dünən Qəbələdəki Radiolokasiya Stansiyası (RLS) yaxınlığında etiraz aksiyası keçirilib. Etiraz edənlər əllərində Azərbaycan, rus və ingilis dillərində “RLS-ə yox!” şüarı yazılmış plakatlar tutublar.
Aksiyada “RLS-siz Azərbaycan Hərəkatı” Təşəbbüs Qrupunun sədri Səxavət Əlisoy, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimli, AXCP üzvü Məhəmməd Talıblı, Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər və bir sıra başqa təşkilatların nümayəndələri iştirak ediblər. Aksiyaya rayon sakinləri də dəstək veriblər.
Aksiyanın təşkilatçısı olan “RLS-siz Azərbaycan Hərəkatı” Təşəbbüs Qrupunun sədri Səxavət Əlisoy bildirib ki, yürüş Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasına yönələn simvolik bir addımdır: “RLS Azərbaycanın təkcə ekologiyasına deyil, həm də genefondumuza ciddi zərbə vurur. Bu stansiyanın Azərbaycanın təhlükəsizliyinə də heç bir köməyi yoxdur. Iran vertolyotu Astara rayonu üzərində və ya Iran təyyarələri Xəzərin Azərbaycan sektorunda uçarkən bundan xəbər tutmuruqsa, onda bu RLS nəyə lazımdır? Gələcəkdə Azərbaycana hər hansı hava hücumu olarsa, RLS-in bu barədə vaxtında məlumat verəcəyi inandırıcı deyil. Əksinə, RLS Azərbaycanda başqa bir dövlətin hərbi maraqlarını ifadə edir”.
Aksiya RLS-dən Qəbələnin rayon mərkəzi istiqamətinə yürüşlə başa çatıb. Aksiyaya hər hansı müdaxilə olmayıb.
Ramin DEKO