“The Express” qəzetinin siyasi müxbiri Greg Heffer yazır ki, almanların əksəriyyəti Türkiyənin Avropa İttifaqı üzvlüyünə dair Brüssel və Ankara arasında danışıqların dayandırılmasını istəyir.
Ölkənin bazar günləri çıxan ən böyük qəzeti “Bild am Sonntag”ın keçirdiyi rəy sorğusunda iştirak edənlərin 66 faizi belə düşünür.
Bundan başqa məlum olub ki, rəyi soruşulanların 52 faizi habelə Ankara ilə bağlanmış miqrant sazişinə son qoymağın düzgün addım olacağı qənaətindədir. Bu sazişə əsasən Türkiyə Avropa İttifaqına qaçqın axınının qarşısını almaldır.
“The Express” yazır ki, “hazırda Ankara bu sazişdən Avropanı şantaj etmək və 77 milyonluq əhalisi üçün Şengen zonasına giriş qoparmaq üçün istifadə edir”. Məqalədə bu da qeyd olunur ki, sazişin bağlanmasından sonra miqrant axını kəskin azalsa da, razılaşmanın davam etdirilməsini rəyi soruşulanların yalnız 35 arzulayır.
Rəy sorğusunda iştirak edənlərin üçdə ikisi Türkiyəyə Avropa İttifaqından hər hansı maliyyə dəstəyinin dərhal dayandırılmasını istəyir.
“The Express” yazır ki, Türkiyəyə Şengen zonasına sərbəst giriş sazişə görə artıq ötən iyun ayında verilməliydi, lakin Avropa Komissiyasının rəyinə görə Ankara onun qarşısına qoyulmuş şərtləri yerinə yetirməyib. Ötən həftəsonu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib ki, Ankaranın vizasız gediş-gəliş tələbi yerinə yetirilməsə, onun ölkəsi miqrant sazişindən çıxacaq.
Lakin Almaniya kansleri Angela Merkelin administrasiya rəhbəri Peter Altmaier deyib ki, miqrant sazişinə alternativ yoxdur və o bu sənədin qüvvədə qalacağına ümid edir.
Avstriya Türkiyənin Avropa İttifaqına üzvlüyünü istəmir
“The Telegraph” yazır ki, Avropa İttifaqının üzvləri arasında Türkiyə ilə münasibətlərdən narahatlıq hissi artır. Avstriyanın xarici işlər naziri Sebastian Kurz deyib ki, Aİ ilə Türkiyə arasında üzvlüyə dair hər hansı danışıqlara veto qoyacaq.
Ötən həftə ölkə kansleri Christian Kern Türkiyə ilə üzvlük danışıqlarının dayandırılmasına çağırmışdı. O demişdi ki, Türkiyə Avropadan uzaqlaşmaq kursunu davam etdirir və orada baş verənlər Avropanın təməl dəyərləri ilə bir araya sığmır.
“Mənim xarici işlər nazirlərinin şurasında kürsüm və səsim var və mən Türkiyə ilə üzvlük danışıqlarında yeni fəslin açılması ilə bağlı fikrimi bildirəcəyəm. Mən bunun əleyhinəyəm” – deyib cənab Kurz. “The Telegraph” xatırladır ki, Türkiyə ilə danışıqların davam etdirilməsi üçün Avropa İttifaqına daxil bütün ölkələrin razılığı şərtdir.
Cənab Kurz Avropa İttifaqını öz sərhədlərini müstəqil şəkildə mühafizə etməyə çağırıb. O deyib ki, bu edilməsə, Avropa İttifaqının Ankara ilə danışıqlarda mövqeyi zəif olacaq. (BBC azeri)