Ağacda yaşayan Ağoppanın dastanı

okamilO`Kamil

…Bakıya yolun düşsə, gəl bizə, söhbət edək. Əgər maşınla gəlsən, binanın arxa tərəfindən gəl. Orda bir keçəl ağac var. Maşını o ağacın altında saxla. Ora, adətən, boş olur. Səyyar satıcılar maşınını orda saxlayıb “badımcan, pomidor, alma” və s deyib səslənir, O gün biri yenə gəlmişdi. Maşının qapılarını taybatay açıb bir alma çıxardı, köynəyinin qarın nayihəsinə möhkəm sürtüb xartdatmağa başladı. Az keçməmiş bir gənc polis gəldi və başladı satıcı ilə göftguya. Yekunda dümbərçək kişi maşınının qapısını açıb əlini kostyumun cibinə saldı və gəlib polisə salam verdi. Polis salamı cibinə qoyub getdi. Sağ tərəfdə sıx yarpaqlı bir ağac, altında 50 kvadratmet sahə var. Ora Mişoppanındı. İstəyəndə maşını eninə saxlayır, istəyəndə diaqonalına. Kimsə qorxudan o zonaya yaxın düşmür. Mişoppanın kim olduğunu bilməsən yaxşıdı. Əlqərəz, həyətə daxil oldunmu, kanalizasiya suyunun mənbəyinə doğru gəl, tapacaqsan. Düz iyirmi ildi, ordan kanalizasiya suyu axır. Nə illah eləyirlər, kəsilmir. İldə bir dəfə üç-dörd arıq, on beş-on altı kök kişi yığılır gəlir suyun mənbəyinə. Ekskavatorla qazırlar, qazırlar. Arıqlar işləyir, köklər əlini belinə qoyub göstəriş verir, arıqlar işləyir, köklər göstəriş verir. Axırda suyu kəsib çıxıb gedirlər, onlar tini burulan kimi su yenə başlayır fışqırıb axmağa. Axırda falçıya da getdilər. Falçı deyib ki, qarğış var bu işdə. Deyib, birisi hakimiyyətə gələndə «Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəm» deyibmiş. O, belə deyəndə bu məhlədə kimsə ürəyində şəkk eləyib onun səmimiyyətinə. Kanalizasiya borusu da dözməyib, hiddətlənib və parttt… O vaxtdan düzəlmir ki, düzəlmir. Falçıya nə qədər pul, vəzifə vəd edirlər, deyir, gücüm çatmaz, mən bu işin altına girə bilmərəm. O şəkk eləyən kişi ölməsə, xeyri yoxdu. Axırda o şəkk eləyən kişini tutub apardılar Murova əsgərliyə, neçə il əsgərlik çəkdi. Dedilər, bəlkə, uçquna-filana düşə, ölə. Aclığa, susuzluğa, bitə dözdü, ölmədi, qayıtdı. Sonra tutub saldılar polis təcridxanasına, döydülər, döydülər, yenə «dediyim dedikdi» dedi. Axır ordan da qovdular. Amma elə də asanlıqla yox. İzolyatordan çıxmırmış, zorla çıxarıblar. Deyir kişi iki əli tutubmuş təcridxananın reşotkasından çıxmırmış. Niyə də çıxsın? Orda tutulanlara süfrə yoldaşlığı edib, Allah verəndən yeyirmiş. Axırda onun zəif nöqtəsini öyrəniblər. Kamera yoldaşlarından kimsə onu satıb, deyib ki, yaman qıdığı gələndi. Qıdıqlayıblır, əli boşalıb, çıxarıb qovublar. Hə, çıxıb neyləyəcək? İşsiz-gücsüz adamdı, qalmağa yeri də yoxdu. Ağacların başında yaşamağa başlayıb. Adını bilmirəm, amma ağacdan-ağaca hoppanmağa başlayandan sonra hamı ona Ağoppa deyir. Quş qripi çıxandan Ağoppanın günü qara olmuşdu. Kommunxoz işçilərinə tapşırıq verilmişdi, göydə uçan, ağaca qonan nabələd quşların hamısını vururdular. Ağoppa da Heydər bağında ağacların birinin başında istirahət edirmiş. Bir də görüb partapart başlayıb. Budaqdan-budağa atıla-atıla birtəhər canının qurtarıb. Nardaranın üstündə təyyarə qəzası oldu ee, deyirlər onu da kommunxoz işçiləri vurub. İşçilərin biri bir az araq vurub üstündən də bir “Kazbek” doldurub çəkib Vətənin səmasını yad quşlardan qoruyurmuş. Bir də görür, bu deee bir heyvərəsi gəlir, səsi də xırıltılı çıxır. Deyir elə qripi yayan quş budu ki, var. “Aha, xalqımın canına vahimə salan kabus sənsənmi? İndi türk oğlunun hünərini gör” deyib gözünə döndüyüm nə təəhər tuşlayırsa, təyyarə düşür dənizə. Sonra da dalıycan getməyib. Deyib, ovçunun işi vurmaq, tulanınkı gətirməkdi. Polislər təyyarəni tapdılar, amma qara qutu tapılmırdı. Həri. Sonra zavallı neçə gün buxalteriyaya ayaq döyür ki, o boyda quş vurmuşam, premiyamı verin, bir qəpik də ala bilmir. Axırda «autoskopik hallüsinasiya» diaqnozu qoyub tutub saldılar dəlixanaya Şəkk eləyən kişisə yenidən ağaclara dadanıb. Butulkadan-zaddan yığıb satır, gününü yola verir. Yazda yemlik, bütün yayı tərpətöyün, payızda iydə və zeytun yeyir. Qışda da satdığı butulkaların pullarını xərcləyir. O gün mənnən saatı soruşur. Deyirəm neynirsən? Deyir, yeməyin vaxtı keçər birdən. İyirmi dörd saatda bir dəfə yemək yeyir. Bir soyutma kartof. Deyir, bayram günləri ikisini yeyirəm. Məhlədə Mişoppadan qorxmayan yeganə şəxs də Ağoppadır. İstədiyi vaxt gedib Mişoppanın sıx budaqlı ağacının başında yatır, yediyi kartofun qabığını da onun maşınının belinə atır. Qorxmur Mişoppadan. Niyə də qorxsun? Uzağı öldürər, ya da həbsə atdırar. Ağoppa bunların heç birindən qorxmur. Hə, falçı deyib ki, o kişi ölən kimi, kanalizasiya suyu dayanacaq. Amma o gün onun sifətinə baxdım, heç belə fikri olana oxşamır.