Maşın zavodu tikməklə, pambıq əkməklə, tut yetişdirməklə ölkəni xilas edəcəksiz?
Birinci devalvasiyadan sonra hökumət köklü islahatlara start verəcəyini bəyan etdi. Etiraf etdilər ki, 23 il ərzində neft pullarına arxayın olub, məqsədli şəkildə iqtisadiyyatı şikəst vəziyyətə salıblar. Etiraf etdilər ki, bunların uzaqgörənliyi şəxsi büdcələrini doldurmağa xidmət edirmiş.
Beləliklə, ölkə başçısı müşavirələr keçirdi, sərəncamlar verdi, yeni qurumlar yaradıldı və s. Xalqı inandırmağa çalışdılar ki, bu sərəncamlar, yeni qurumlar böhrandan çıxmağa kömək edəcək. Amma vaxt ötdükcə vəziyyətin daha da pisləşdiyinin şahidi olduq. Hökumətin “islahat proqramı” işə düşdükdən sonra bütün iqtisadi göstəricilər aşağı düşdü, vergi ödəyicilərinin sayı azaldı, ölkədə bahalıq yarandı, banklar bağlandı, xarici borcun həcmi artdı və s.
Əlbəttə ki, ilk gündən hakimiyyətin heç islahat aparmayacağını, bunun üçün siyasi iradənin olmadığını yazırdıq. Amma zaman ən böyük hakimdir və yarıtmazlığı tam çılpaqlığı ilə ortaya qoyur. Ötən müddət ərzində böhrandan çıxmaq üçün heç bir əməli addım atılmayıb. Yeni yaradılan qurumların heç bir praktiki əhəmiyyəti yoxdur. Korrupsiya, monopoliya, hüquqsuzluq qüvvədədirsə, Maliyyə Nəzarəti Komitəsinin, Apelyasiya Şurasının və digrə qurumların heç bir effekti ola bilməz.
Hər dəfə hökumətin yalan vədləri üzə çıxır və xalqa yeni ümidlər verməyə çalışırlar. Sonuncu müşavirədə Ilham Əliyev bildirdi ki, fındıq, xurma, tut əkəcəyik, xalçaçılığı inkişaf etdirəcəyik və böhrandan çıxacağıq. Həqiqətən də gülməli, qeyri-ciddi yanaşmadır. Bu sadalananlar hamısı həyata keçsə, bu məhsulların büdcəyə verəcəyi töhfə 10 milyonlarla ölçülə bilər. Hansıki, ölkənin böhrandan çıxması, iqtisadiyyatın şaxələnməsi üçün köklü islahatlar lazımdır.
Bir müddət əvvəl ölkəyə səs saldılar ki, yerli istehsala üstünlük veriləcək, hamı “NAZ-Lifan” alacaq, kabinetlər yerli mebellərlə bəzədiləcək və s. Amma qısa müddətdən sonra deputatlara “Mersedes” markalı avtomobillər verildi. “NAZ-Lifan” məcburi olaraq 5-10 məmura satıldı. Hələ də “NAZ-Lifan”ın ölkə iqtisadiyyatına hansı töhfəni verdiyi müəyyən olunmayıb. Bundan əvvəl Şamaxıda “Azsamand” marakalı avtomobil istehsal olunurdu və bu istehsal da arxivləşdi.
Indi də yeni xəbərlər yayılıb, yeni təsəlli növü fikirləşiblər. Sən demə, Neftçalada avtomobil zavodu tikiləcək, Ismayıllıda velosioed istehsal ediləcək və s.
Göründüyü kimi, hökumətin bütün fəaliyyəti imitasiyadan ibarətdir. Hansısa iri məmurun hansısa rayonda bir obyekt tikməsini “islahat” kimi təqdim edirlər. Ümumiyyətlə, islahatın əhatəsi hökumət komandası ilə məhdudlaşır. Sanki hansısa rayonda 2 istixana tikməklə, hansısa rayonda velosiped istehsal etməklə problem həll ediləcək.
Neftçalada maşın zavodunun tikintisini “anti-böhran” tədbiri kimi düşünmək mümkün deyil. Iş adamları sürətlə ölkəni tərk edir, gömrükdə süründürməçilik qüvvədədir, kiçik sahibkarlıq sıradan çıxıb və bunlar Neftçalada maşın zavodu tikilməsini uğur kimi qələmə verirlər.
Bundan əvvəl istehsal olunan “NAZ-Lifan”, “Azsamand” ölkəyə hansı töhfəni verdi ki, Neftçalada istehsal olunan avtomobil də hansısa töhfəni versin? Bundan əvvəl istehsal olunan avtomobillər dünya bazarına çıxa bildi ki, bu avtomobilin də büdcəyə gəlir gətirəcəyinə ümid edək? 1.2 milyon hektar torpaq sahəsi məmurların işğalı altındadır və bunun qarşısı alınmır. Bir müddət əvvəl gömrük güzəştləri ilə bağlı verilən sərəncam ləğv olunub. Ölkənin bu qədər ağır vaxtında 100 milyonlar mənasız yerə xərclənir. Neftçalada neçə avtomobil istehsal edilib satılmalıdır ki, Vergilər Nazirliyi üçün tikilən binaya xərclənən 150 milyon kompensasiya edilsin?
Demək istəyirik ki, hökumətin real islahat aparmaq məqsədi yoxdur. Sadəcə imitasiya edilir, vaxt udulur. Hökumətin bütün proqramı qiymətləri qaldırmaq, cərimələri artırmaq və bu yolla pul kütləsi əldə etməkdir. 120 milyard neft pulunu imkana çevirə bilməyən, ən elementar tələbatları yerli istehsal hesabına ödəyə bilməyən hökumət, indiki ağır vəziyyətdə hansı islahatı apara bilər? Milyardların dövr etdiyi vaxtda qabiliyyətləri, səriştələri, iradələri olmayıbsa, boş büdcəylə hansı işi görə bilərlər? Yəni var olanı inkişaf etdirə bilməyənlər, yoxdan var edə bilməzlər. Əgər hökumət büdcəni böyütmək, iqtisadiyyatı şaxələndirmək istəsəydi, 95 milyard dollar ölkədən çıxarardımı?
Ona görə xalq həqiqəti tam çılpaqlığı ilə dərk etməlidir. Avtomobil zavodu tikməklə, fındıq əkməklə, tut yetişdirməklə böhrandan çıxmaq olmaz. Bütün bu məhsulları 5 ilə ölkəyə gətirəcəyi vəsaiti təkcə “Formula-1″ yarışına xərcləməklə yox ediblər. Yaxud Avropa çempionatına 120 milyon dollar pul yatırmaqla, kağız üzərində olan layihələrin həyata keçəcəyi təqdirdə gətirəcəyi vəsaiti xrəcləyiblər.
Bir sözlə, hökumət vətəndaşı Allahın ümidinə buraxıb. Referendumdan sonra qiymətlər biraz da qalxacaq və vətəndaşın cibindən son qəpik-quruşunu çıxarmaqla məşğul olacaqlar. Ilham Əliyevin müşavirələrdə söylədikləri isə sadəcə gəlişigözəl sözlərdi. Allahın bu ölkəyə bəxş etdiyi sərvətin axırına çıxanlar, hər hansı sərvət yaradıb ölkəni böhrandan çıxara bilməz. Bu hakimiyyət böhran yaratmaq üçün effektlidir, böhranı aradan qaldırmaq bunların mahiyyətinə ziddir.
Akif