Iki əsrlik tarixi yaşadan fədakar teatr

Onun tarixi XIX əsrə gedib çıxır

Irəvan Azərbaycan teatrı milli səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutur. Teatrın yaradıcılığının birinci mərhələsi həvəskarlıq fəaliyyəti ilə bağlıdır. Ikinci mərhələni isə kollektivin Dövlət Azərbaycan Dram Teatrı kimi yaradıcılıq prosesi müəyyənləşdirib.
Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Vaxtilə eyni adlı Azərbaycan xanlığının mərkəzi olmuş Irəvan şəhəri XIX əsrdə azərbaycanlıların iri mədəniyyət mərkəzlərindən biri idi. 1870-ci illərdə şəhərdə türk-rus dillərində məktəblər açılmışdı, vaxtaşırı şeir-sənət məclisləri, musiqi axşamları keçirilirdi. Novruz, Qurban və Orucluq bayramlarında meydan tamaşaları, “Kosa-kosa”, “Qaravəlli” və müxtəlif mərasim oyunları göstərilirdi. 1882-ci ilin əvvəllərində Irəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi Ismayıl özünün şagirdləri ilə Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanır” pyesini tamaşaya hazırlayıb. Bununla da Irəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulub. Həmin əsər ikinci dəfə 1882-ci il aprel ayının 2-də təzə ifaçılarla oynanılıb. Əsas rolları müəllim və şagirdlərdən Mirzə Xəlil Hacıyev (Məmmədqulu), Rüstəmxan Abbasquluxanov (Fətəli Mirzə), Məşədi Ismayıl (Hacı Fərəc) oynayıblar. Hər iki hadisə Irəvanın mədəni həyatında mühüm hadisə kimi qəbul olunub və xeyli ziyalı bu maarifçilik prosesinə qoşulub.
1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli Irəvanda teatr tamaşası təşkil edir. Həmin tamaşa – M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyasının tamaşası Irəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Lakin F.Köçərli 1895-ci ildə Irəvanı tərk etmişdir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir. 1945-ci ilə kimi – düz 50 il bu vəzifəni daşıyan Yunis Nurinin də xidmətləri teatrın unudulmaz səhifələrindəndir.
1900-1917-ci illərdə Irəvanda Azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanıb. Bu illərdə Bakının müxtəlif teatr truppalarının üzvləri dəstə bağlayıb Qafqazın ayrı-ayrı şəhərlərinə, o cümlədən Irəvana qastrol səfərlərinə çıxıblar. Hüseyn Ərəblinskinin, Əbülfət Vəlinin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Cəlil Bağdadbəyovun, bəstəkar Zülfüqar bəy Hacıbəyovun Irəvandakı qastrolları yerli həvəskarların daha şövqlə çalışmalarına, yeni-yeni peşəkarlıq səciyyələrinə yiyələnmələrinə təkan verib.
Məhz həmin dövrdə Irəvanın teatr həvəskarlarının repertuarında əlvanlıq, zənginlik və janr müxtəlifliyi genişlənib.
Ilk azərbaycanlı qızı burada səhnəyə çıxıb
Bakıdan və Tiflisdən fərqli olaraq, səhnəyə azərbaycanlı qızı Irəvanda daha erkən çıxıb. Qəssab Əsədin qızı Tamara 1916-cı ildə göstərilən Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operettasında Gülçöhrə rolunu oynayıb. Bu, o dövr üçün böyük cəsarət və misilsiz fədakarlıq idi. 1918-1927-ci illər Irəvan teatrının fəaliyyətində ayrıca dövr kimi maraqlı, dəyərli və peşəkarlıq xüsusiyyətlərinin estetik reallıqlarla formalaşması baxımından mühüm mərhələdir. Iyirminci əsrin əvvəllərində tamaşaya qoyulmuş məşhur əsərlər təkrar və daha kamil quruluşlarda tamaşaya hazırlanıb. Eyni zamanda repertuarda Yunis Nurinin quruluşunda Hüseyn
Cavidin “Şeyda” (18 mart 1926), Bağır Cabbarzadənin quruluşunda Şəmsəddin Saminin “Dəmirçi Gavə” (7 iyun 1924), Cəlil Məmmədquluzadənin “Ölülər” (20 iyul 1924), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (30 avqust 1924), Üzeyir bəy Hacıbəyovun “Əsli və Kərəm” (10 may 1927) tamaşaları mühüm yer tutub. Teatr dəstəsi öz tamaşalarını Irəvan şəhərindən başqa, azərbaycanlıların qədim ata-baba torpaqları olan Zəngəzur, Göyçə, Vedibasar, Uluxanlı mahallarında da göstərib.
1928-ci il mart ayının 15-də “Irəvanda Dövlət Türk Teatrosu yaratmaq barədə” dövlətin qərarı olub. Təşkilat işi təcrübəli sənətkar, milli səhnə sənətimizin fədakar cəfakeşi Yunis Nuriyə tapşırılıb. Truppanın əsasını yerli həvəskarlar təşkil edib və kollektivə Bakının müxtəlif teatrlarından, Bakıdakı Azərbaycan Dövlət Teatr Məktəbinin məzunlarından bacarıqlı gənclər cəlb olunublar.
Irəvan Dövlət Azərbaycan Dram Teatrının təsisatlı sənət ocağı kimi fəaliyyətə başlaması üçün fransız dramaturqu Can Batist Molyerin “Zorən təbib” komediyası seçilib. Yunis Nurinin quruluş verdiyi komediyanın ilk tamaşası 14 aprel 1928-ci ildə göstərilib. Bununla da Irəvan Azərbaycan Teatrının yaradıcılığının ikinci və bədii-estetik cəhətdən daha sanballı mərhələsi başlanıb.
Irəvan Dövlət Azərbaycan Teatrı Ermənistanda azərbaycanlılara qarşı başlanan kütləvi təzyiqlər nəticəsində 1948-ci ildə Basarkeçər rayonuna köçürülüb. Özünümaliyyələşdirmə iş prinsipinə keçən teatr 1949-cu ilin əvvəllərində maliyyə çətinlikləri ilə əlaqədar olaraq bağlanıb.
Irəvanda yaşayan ziyalılardan Yunis Rzayevin, Qəşəm Aslanovun, Israfil Məmmədovun, Əkbər Yerevanlının, Sabir Rzayevin təşəbbüsü ilə 1966-cı ildə Irəvan Dövlət Teatrının bərpası üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırıldı. Azərbaycan Respublikası həmin qeyrətli vətənpərvərlik çağırışına həyan durdu. Azərbaycan Dövlət Teatr Institutunun aktyorluq fakültəsinin tələbələri 1967-ci ilin fevral ayında sənət müəllimləri Nəsir Sadıqzadə ilə birlikdə teatrın bərpası üçün Irəvana göndərildilər.
Fədakar gənclər Cəfər Cabbarlının “Sevil” dramının qızğın məşqlərinə başladılar. Yerli teatr həvəskarlarının təcrübəli sənətkarları Cəmil Əliyev, Abbasqulu Tağıyev, istedadlı gənclərdən Elmira Ismayılova, Raya Qafarova, Səməd Abbasov truppaya qəbul edildilər. Naxçıvan teatrından Tariyel Qasımov, Aydın Şahsuvarov, Gəncə teatrından Zemfira Əliyeva, Nisə Əliyeva, Bakıdan Zərnişan Fətəliyeva, Tamilla Abdullayeva, Zemfira Sadıqova Irəvan teatrına çağırıldılar. Cəfər Cabbarlı adına Irəvan Dövlət Dram Teatrı 1967-ci il aprel ayının 28-də “Sevil” tamaşası ilə öz pərdələrini açdı. Bərpa olunan sənət ocağının ikinci həyatı başlandı. “Sevil” tamaşasının quruluşunu Nəsir Sadıqzadə vermişdi. Əsas rolları Zərnişan Fətəliyeva (Sevil), Tariyel Qasımov (Balaş), Zemfira Əliyeva (Gülüş) oynadılar. Teatrın açılışından bir qədər sonra Nəsir Sadıqzadə Bakıya qayıtdı. Teatrın baş rejissor kürsüsünü Azərbaycan Dövlət Teatr Institutunu yenicə bitirmiş Tofiq Ağayev tutdu. Onun kollektivdə ilk işi Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasına verdiyi quruluş olub.
Bir-birindən rəngli səhnə əsərləri
Yaradılan gündən realist aktyor məktəbinə üstünlük verən Irəvan teatrında bu üslubda sənət nailiyyətləri qazanan və müəyyən mərhələlərdə romantik monumentalizmə üstünlük verən aktyorlar olub. Ayrı-ayrı illərdə teatrda qısa və ya uzun müddətdə işləyən aktyorların əksəriyyəti kollektivin yaradıcılıq salnaməsinə dəyərli töhfələr veriblər.
Tiflis teatrından gəlmiş Əli Şahsabahlı Irəvan teatrında rejissorluq etməklə yanaşı, Qacar (“Vaqif”, Səməd Vurğun), Əsgər, Kərəm (“Arşın mal alan” və “Əsli və Kərəm”, Üzeyir bəy Hacıbəyov), Zöhhak (“Dəmirçi Gavə”, Şəmsəddin Sami), Abbas (“Həyat”, Mirzə Ibrahimov) kimi mürəkkəb opera, operetta və dram rolları oynayıb. Əli Zeynalov Irəvan teatrına 1934-cü ildə gəlib və burada on il işləyib. Teatrın səhnəsində Baxşı, Elxan (“1905-ci ildə” və “Od gəlini”, Cəfər Cabbarlı), Seyran (“Namus”, Aleksandr Şirvanzadə) kimi mürəkkəb xarakterli rollarda çıxış edib.
Əşrəf Yusifzadənin Hacı Əhməd, Dövlət bəy (“Almaz” və “Aydın”, Cəfər Cabbarlı), Rüstəm (“Namus”, Aleksandr Şirvanzadə), Imamverdi Bağırovun Tomson (“Hind qızı”, Əbdülhəq Hamid), Sərvər (“Məşədi Ibad”, Üzeyir bəy Hacıbəyov), Ismayıl Dağıstanlının Isgəndər (“Ölülər”, Cəlil Məmmədquluzadə) , Otello (“Otello”, Vilyam Şekspir), Şeyx Sənan (“Şeyx Sənan”, Hüseyn Cavid), rolları Irəvan Dövlət Azərbaycan Dram Teatrının aktyor ifaçılığı məktəbini zənginləşdirmiş səhnə surətləridir.
Irəvan teatrının dövlət statusu ilə fəaliyyət göstərməsinin 50 illiyi münasibətilə 1978-ci ildə Abbasqulu Tağıyev və Şamil Dəmirçiyev Ermənistan Respublikasının əməkdar artisti, teatrın direktoru Hidayət Orucov əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüblər. Irəvan DADT 1978-ci ildə Bakıda qastrolda olub. Teatrın burada qazandığı sənət nailiyyətlərinə görə aktyorlar Vidadi Əliyev, Tamilla Abdullayeva və Marietta Kərimova Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif ediliblər. Irəvan teatrı 1967-1986-cı illərdə Mirzə Fətəli Axundzadə adına şəhər orta məktəbinin üçüncü mərtəbəsində yerləşib. Lakin burada tamaşa oynamağa imkan olmadığına görə teatr tamaşalarını kirayə ilə Stanislavski adına Rus Dövlət Dram Teatrının binasında nümayiş etdirib.
Azərbaycanlılar yaşayan bölgələrdə müntəzəm olaraq səyyar tamaşalar göstərilib.
Teatr 1988-ci ildə deportasiya olunduqdan sonra Bakıda Akademik Milli Dram Teatrının nəzdində teatr-studiya kimi fəaliyyətini davam etdirməyə başladı. 1995-ci ildə teatra yenidən dövlət statusu verildi. Bu, teatrın tarixi keçmişinin qorunması, ənənələrinin davam etdirilməsi, ölməməsi, Qərbi Azərbaycanı özündə təcəssüm etdirən bir sənət məbədi kimi yaşaması istiqamətində atılan çox dəyərli, vacib bir addım idi. Irəvan teatrı burada da həm repertuar planı, həm də fəaliyyət dairəsi ilə tamaşaçıları olan teatrdır…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

Iki əsrlik tarixi yaşadan fədakar teatr