Yaşamağa haqqı olmayan

Ilahi, az qala hər gün ciddi sayt və qəzetlərdə siyasi-kriminal xarakterli bir qara xəbərin, qətlin, intiharın, linçin anonsunu, sabahı isə tam materialı oxuyuruq. Hər gün, hər gün.
Bir həkimlə söhbət edirdik. Nəsə üzdən tanış gəlmişdim deyə, kim olduğumu soruşdu. Özümü tanıtmalı oldum: “Azadlıq” qəzeti. “Düzü,-dedi,-mənim qəzet oxumağa elə də vaxtım yoxdu. Bir də ki, qəzetləri oxumaq öz əlinlə özünü öldürmək kimi bir şeydi. Bu gün hər şeyin necə dəhşətli olduğunu əlbəttə bilirik. Bu dəhşətlər, eybəcərliklər hər addımda qarşımıza çıxır. Ancaq Azərbaycandakı bu idbar vəziyyəti daha detallı, daha dolğun, informativ və geniş spektrdə qəzetdən oxuyanda stress artıq kəllə-çarxa çıxır. Yaxşısı heç nədən xəbər tutmamaqdı…” Dərhal həkimə ictimai passivliklə bağlı fikirlərimi çatdırdım, həkimsə fikrini qüvvətləndirmək, həmçinin əhmədi-biqəm obrazında görünməmək üçün nəfəsini dərib davam elədi: “Bax, məsələn, anam yaşlı adamdı, xəstədi, ancaq qəzetə-zada çox marağı var; mənə qəzet al, deyir. Mən isə, deyirəm, ay arvad, axı neynirsən, nə yazırlar ki? Hamısını bilirik də. Əslində istəmirəm anam oxuyub daha çox acı çəksin”.
Məncə, həkimin dediyi bu 3-5 kəlmədə çox böyük Azərbaycan həqiqətləri yatır. Əlbəttə, o ayrı söhbətdi ki, stress və nevroz qorxusundan hər kəs özünü mətbuatdan və dolayısıyla həqiqətdən izolyasiya eləsə, gözlərini tutsa, qulaqlarını qapasa… ölkədə bu iyrənclikləri yaradan rejimin istədiyi də elə bu deyilmi?
Biz isə hər gün qara xəbərlərin anonsunu və özünü oxuyuruq. Təbii ki, streslərimizdən danışmağın yeri deyil. Istər-istəməz qara ödün bolluğundan insanın ciyəri çürüməyə, ürəyi çatlamağa başlayır. Ancaq iki hal adamı xüsusilə qıcıqlandırır.
Biri Azərbaycanın, onun siyasi-iqtisadi, sosial vəziyyətinin bizimlə təxminən eyni tarixi gerçəklikdə yaşamış və elə bizimlə eyni vaxtda özgürlüyünə qovuşmuş başqa ölkələrlə müqayisəli təhlili aparılan yazılardı. Böyük həsədlə deyirəm, məsələn, söhbət Baltikyanı ölkələrdən gedirsə, bunu çox adi qarşılayıram. Ancaq müqayisə Gürcüstanla aparılanda özümə yer tapmıram, inanın, əsəblərim tarıma çəkilir, nə qədər zəiflik kimi görünsə də, ağlamağım gəlir. Adam cavabını bildiyi bir sualı əbləhcəsinə təkrar-təkrar ürəyindən keçirir: “Niyə, axı niyə bizdə belə olmasın? Axı niyə Ilham Əliyev Saakaşvili kimi ölkəsinin çiçəklənməsini istəməsin, xalqını, torpağını onun qədər sevməsin, ölkəsində korrupsiyanın, rüşvətin, avtoritarizmin, şəxsiyyətə pərəstişin həyat tərzinə çevrilməsinə bu qədər şərait yaratsın? Məgər Saakaşvili insan deyil, ehtirasları, nəfsi, komfort istəyi yoxdurmu? Var, əlbəttə var. Bircə onları həyata keçirmək kimi istəyi yoxdu. Yox e, daha artığına haqqımız və real imkanlarımız olduğu halda, niyə bizimki ölkəsinin Gürcüstan kimi olmasını istəmir?..”
Sualın cavabı aydındı. Hətta xatırlatmağa gərək yoxdu. O şeyi xatırladarlar ki, kimsə onu bilmir və ya unudub…
Və ikinci qıcıqlandırıcı, stress doğurucu məqam. Başına müsibət gələn, öldürülən, əmlakı və üstəlik azadlığı sırf vəhşicəsinə əlindən alınan, ailəsi məhv edilən, hər cür fiziki və mənəvi işgəncəyə məruz qalan yapçılar, YAP-a, onun yürütdüyü avtoritarizmə öz mənfəəti naminə boyun əyən, susan, yardım edən sıravi iş adamları, Ailəylə haçansa dost olanlar… Bu adamların sonradan mafiyanın hansısa məqamda qəzəbinə tuş gəlmiş qara hekayətləri, acı şikayətləri, af-uflarıyla dolu yazılar, xəbərlər… Və yenə də səbəbini və cavabını bildiyin sualları təkrar-təkrar özünə verməyə bilmirsən: “Məgər siz əvvəlcədən bunları bilmirdinizmi? Axı biz sizə deyirdik. Axı biz bu gün də sizə deyirik. Məgər mütləq bir-bir başınız əhlət daşına dəyməlidi ki?..” Onlar özləri isə rejimin amansızlığından dad çəkərək üzlərini bizə tutub soruşurlar: “Bizim bu ölkədə yaşamaq haqqımız yoxdurmu?”
Var qardaşlar, var, sadəcə, bu ölkədə kimin yaşamaq haqqının olmadığını bilməniz gərəkir…