Bu il martın 1-də Qubada baş vermiş hadisələrlə bağlı həbsə alınan yerli “Xəyal TV”nin icraçı direktoru Vüqar Qonaqov vəkili Elçin Sadıqovdan imtina edib. Bu haqda “Turan”a vəkil E.Sadıqov bildirib.
E.Sadıqov açıqlamasında deyib ki, müdafiə etdiyi şəxs vəkilin xidmətlərindən imtina etməyib. Sadəcə hansısa təzyiqlər vasitəsilə bu imtinaya məcbur edilib.
Onun fikrincə, müdafiə etdiyi şəxsin buna məcbur edilməsi prokurorluğun istintaqda yol verdiyi qanunsuzluqların ictimailəşdirilməsinin qarşısını almaq məqsədi güdür.
E.Sadıqov baş verənlərə aydınlıq gətirilməsi üçün baş prokuror Zakir Qaralova müraciət edəcəyini bildirib.
V.Qonaqov martın 13-də həbs edilərək Bakıya gətirilib. Martın 15-nə kimi saxlanması haqda hüquq-mühafizə orqanları nə ailəsinə, nə də ictimaiyyətə açıqlama verib.
Yalnız martın 15-də saxlanması haqda məlumat yayılıb. Martın 17-də barəsində həbs qərarı çıxarılsa da, hələ də DIN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsində saxlanılır və təcridxanaya köçürülmür. Baş prokurorluğun və DIN-in Quba hadisələrilə bu günlərdə yaydığı məlumatda adı hadisələrin əsas təqsirkar şəxslərindən biri kimi keçir.
Jurnalist vəkildən imtinaya məcbur edilib
•


