Icra başçısı Şəmsəddin Xanbabayev sahibkarın qətlində və qızının intiharında günahkar olmadığını dedi
Fuad Həbibov: «Anamın və bacımın qatilləri icra hakimiyyətində oturub»
Xaçmazdakı dəhşətli intihar hadisəsi hamını şoka salıb. Martın 28-də Təranə Həbibova bacısı Gülnarə Həbibovanın yaşadığı mənzilin beşinci mərtəbəsindən özünü atıb. Mərhumun yaxınları intiharda icra başçısı Şəmsəddin Xanbabayevi günahlandırırlar. Onların sözlərinə görə, Təranə Həbibova 2010-cu il sentyabrın 15-də anasının qətlə yetirilməsindən və bu qətlin üstünün açılmamasından depressiyaya düşərək intihara əl atıb. Qətlin açılmamasında Şəmsəddin Xanbabayev və onun müavinlərinin əli olduğunu deyən Fuad Həbibov bildirir ki, olay onların bazarı olan “Arzu” ticarət mərkəzi üstündə olub.
Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev “mediaforum.az” saytına açıqlamasında deyib ki, ona yalvarsalar da o, bazarı götürməz: “Mən bazarı neynirəm, nəyimə lazımdır? Mənə həyatda nə lazımdır? Mənim 73 yaşım var, bazar mənə yaraşan iş deyil. Mən o adamlardan deyiləm, heç bir ”budkam” da yoxdur. Bir mağazam, obyektim olmadığı halda bazarı nə edirəm? Bazar mənim nəyimə lazımdır? 14 il rayonun birinci katibi, 9 il Naxçıvan Muxtar Respublikasının baş naziri olmuşam. Yaşı 73-ə çatmış, çətin yollardan keçmiş bir insan olaraq nəyisə doğru söyləməmək mənə yaraşmaz”.
Fuad Həbibov “Azadlıq”a açıqlamasında başçının dediklərinin həqiqətəuyğun olmadığını söyləyir: “Birincisi, əgər Xanbabayevin marağı yox idisə, niyə 2007-ci ildən bu yana müavinlərə bazara gələrək işçilərə buranı sökəcəyini deyib. Ikincisi, nədən anam sağlığında məhkəməyə müraciət edəndə prosesləri udurdu, qətlindən sonra uduzdu? Çünki onlar anamın ölümündən sonra bütün məhkəmələri ələ keçirib sifarişli hökm çıxarmağa məcbur etdilər. Üçüncüsü, anamın sonuncu kitabı çapdan çıxandan sonra niyə məhkəməyə verib şərəf və ləyaqətinin alçaldılmasına görə bazarın bağladılmasını tələb edib? Bunlar göstərmir ki, icra hakimiyyətində başçı başda olmaqla müavinlər bizim bazarı ələ keçirmək istəyir?”.
Şəmsəddin Xanbabayev müsahibəsində deyir: “Mənim bu işdə adımın hallanmasına heç kim bir səbəb tapa bilməz. Sovet Ittifaqı dövründə rayon istehlak cəmiyyəti vardı. Onlar həmin cəmiyyətin ərazisini zəbt ediblər. Cəmiyyət də onları verib məhkəməyə və prosesi udub, ərazinin boşaldılmasına qərar verilib. Onlar da bunu əldə əsas tuturlar. Vallah, bilmirəm niyə mənim adımı hallandırırlar… Nə qədər ömürləri var, gedib bazarı işlətsinlər. Amma bir şeyi bilsinlər ki, ora bazar deyil, zibilxanadır. Bu məsələ var. Onlar həmin bazarı abadlaşdırmalıdırlar, düzəltməlidirlər, o, Xaçmaza yaraşan bir bazar olmalıdır. Yoxsa mənim bazarla nə işim var?”.
Fuad Həbibov başçının dediklərinə belə aydınlıq gətirir: “Xaçmazın mərkəzi küçələri orta səviyyədə də olsa asfaltlanıb. Niyə bizim bazarla kəsişən Mehdi Hüseynzadə, 20 Yanvar küçələrinə asfalt çəkilmir? Axı, bu ünvanlarda da sakinlər yaşayır. Camaat müraciət edəndə deyib ki, o bazarın sahibi Nəcimə Babayeva olduğu üçün ora asfalt çəkən deyiləm”.
Icra başçısı Təranə Həbibovanın intiharından 6 dəqiqə sonra qardaşı Cavidin onun üstünə hücum çəkməsinə belə aydınlıq gətirib: “Mən heç onu tanımadım. Həmin adam o hərəkəti edəndən sonra soruşdum ki, bu kimdir? Cavab verdilər ki, ”bazarkom”un oğludur. Mən onu döyməyə imkan vermədim, dedim ki, işiniz olmasın.
Bu gün bir nəfər vətəndaş gəlmişdi. Soruşdu ki, siz qoymamısınız onu döyməyə, dedim ki, bəli. Söylədi ki, hamı şəhərdə danışır. Indi dünyadır, insandır, əsəbiləşib, bir səhvdir edib. Hazırda hüquq-mühafizə orqanları məsələni araşdırır. Video, foto var, insanların üzərinə bıçaqla hücum edib. Bunu hüquq-mühafizə orqanları qiymətləndirəcək”.
Fuad Həbibov deyilənləri yalan adlandırdı: “Necə yəni döyməyə imkan vermədim? Bəs qardaşımı kim bu hala salıb? Onun qabırğasını, başını kim əzib? Icra başçısının müavini Azər Haqverdiyev qardaşımı döyənlərdən biri olub. O Azər Haqverdiyev ki, ötən ilin yayında günün günorta çağı Eldar Şıxəliyev adlı rayon sakinini öldürdü. Sonradan məsələnin dərinləşməməsi üçün zərərçəkənlərə kiçik bir dükan verib ölüm işini bağladı”.
Həbibovlar ailəsi hadisəylə bağlı Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova müraciət ediblər. Ötən gün yas mərasimində olan Elçin Behbudov “Azadlıq”a açıqlamasında dedi ki, Cavid xəsarət alıb: “Icra hakimiyyətinin binası önündə Cavidin döyülməsiylə bağlı ailə müraciət edib. Cavidi döyənlərdən biri də Azər Haqverdiyevdir. Azər ötən il də belə bir hadisə törətmişdi. Nəticədə Eldar Şıxəliyev ölmüşdü. Bizim komitəyə bununla bağlı müraciətlər olmuşdu. Ancaq Azər Haqverdiyev yenə də iş başında qaldı. Bakıya qayıdan kimi olayla bağlı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova müraciət edəcəyəm. Həbibovlar həm analarının, həm də bacılarının ölümündə başçını günahlandırırlar. Hüquq müdafiəçisi kimi biz bu işə biganə qalmayacağıq”.
Ramin DEKO