Diktatoru daha 3 generalı tərk etdi; ABŞ, Türkiyə və Britaniyadan önəmli açıqlamalar səsləndi
Birləşmiş Millətlər Təşkilatının (BMT) və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bu ölkədə yaşananlarla bağlı sərt mövqe sərgiləyib. Annanın sözçüsü Əhməd Fevzi Bəşər Əsəd rejiminin atəşkəs elan etməli və bunun üçün son müddətin məhz indi olduğunu indi olduğunu açıqlayıb. Fevzi Annanın atəşkəs üçün Bəşər Əsədə qoyduğu vaxtın bitdiyini deyib. Sözçü Kofi Annanın Suriyadakı məsələləri müzakirə etmək üçün İrana gedəcəyini də bildirib. Səfərin tarixi dəqiqləşdirilməyib.
Əsəd rejimin əsas dəstəkçilərindən biri Çin isə Suriya müxalifətinə sərt çağırış ünvanlayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Honq Ley keçirdiyi mətbuat konfransında müxalifləri hökumət qüvvələrinə silahlı hücumları dayandırmağa çağırıb.
***
Əsədin daha 3 generalı müxaliflərə qoşuldu
Suriyada aralarında Adnan Məhəmməd Əhməd, Hüseyn Məhəmməd və Ziyad Fəhd adlı 3 generalında olduğu 16 zabit Bəşər Əsədin əmrindəki ordudan ayrıldıqlarını və müxalif hərbçilərin formalaşdırdığı “Azad Suriya Ordusu”na qatıldıqlarını açıqlayıblar. Bir internet saytında yayımlanan video bildirişdə general Adnan Məhəmməd Əhməd ölkədə yaşanan qırğınlara qatılmayacaqlarını, Suriya ordusunun əsas hədəfindən yayınaraq ölkəni himayə etmək yerinə xalqı öldürdüyünü və bu səbəblə də işğalçı orduya çevrildiyini, müqəddəsliyini itirdiyini vurğulayıb.
***
Amerikalı senatordan Suriyaya müdaxilə çağırışı
ABŞ Konqresinin respublikaçı üzvü Con Makkeyn suriyalı müxaliflərə hava qüvvələri dəstəyi, silah, təhsil və müdafiə məsələlərini nəzərdə tutan beynəlxalq koalisiyanın yaradılması üçün prezident Barak Obamaya müraciət edib. Makkeyn “Əl-Ərəbiyyə” kanalına müsahibəsində ABŞ-ın ərəb ölkələri, Avropa Birliyi və Türkiyənin daxil olacağı beynəlxalq koalisiyaya liderlik edərək, Bəşər Əsəd əleyhdarlarının uğurlu hərbi əməliyyatlarına yol açacaq konkret addımlar addımlar atmasının gərəkli olduğunu bildirib.
Senator yüngül silahları olan müxaliflərin güclü Bəşər Əsəd ordusuna qarşı vuruşduğunu vurğulayıb. Makkeyn Obamanın Suriyayla bağlı mövqeyini də sərt tənqid edib:“Prezidentin tərəddüdü və hərəkətə keçməməsindən dolayı çox məyusam. Amerikalıların müharibədən bezdiyinin fərqindəyəm. Ancaq döyüşən və ölən bu insanları özbaşlarına buraxmaq ABŞ-ın müdafiə etdiyi dəyərlərin ləğvi mənasını daşıyır”.
***
Suriyadakı vəziyyətə müdaxilə borcumuzdur
Türkiyənin Suriyadakı vəziyyətə müdaxiləsi Ankaranın şəxsi seçimi deyil, onun birbaşa öhdəçiliyidir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.
“Türkiyə Suriyadakı vəziyyəti susaraq müşahidə edə bilməz. Bizim Suriya böhranına müdaxiləmiz labüddür”, – Davudoğlu qeyd edib. Nazirin sözlərinə görə, Əsəd rejimi böyük səhvlərə yol verib və bunu Əsədi dəstəkləməkdə davam edən İran, Rusiya və Çin də etiraf edir. Davudoğlu bildirib ki, xalqın imtina etdiyi rejimi heç bir xarici qüvvə hakimiyyətdə saxlaya bilməz.
Bir az əvvəl Suriya hakimiyyəti Kofi Annanın ölkədə böhranın aradan qaldırılmasına dair təklif etdiyi planla razılaşıb. Martın 21-də BMT Təhlükəsizlik Şurası Annanın təkliflərinin “tam dəstəkləndiyi” ifadə olunan bəyanat qəbul edib.
***
Britaniya Suriya müxalifətinə yardımı ikiqat artırdı
Böyük Britaniya Suriyada Bəşər Əsəd rejiminin əleyhdarlarına və müxalifət qruplarına qeyri-hərbi yardımı iki dəfə artırmağa qərar verib. Bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bəyan edib. Onun sözlərinə görə, həm Suriya daxilində, həm də Suriya xaricində suriyalı müxalifət qruplarına əlavə 500 min funt sterlinq yardım ediləcək. Suriya müxalifətlərinə əlavə yardıma gənc fəallara və mülki jurnalistlərə təlim keçilməsi, onlara öz məqalələrinin Suriyadan kənara çıxmasına kömək edilməsi və etirazların koordinasiyasını daha təhlükəsiz etmək üçün təhlükəsiz telefonlarla təmin edilməsi daxil olacaq. Suriyada vətəndaş cəmiyyəti qruplarına həmçinin gələcəkdə mümkün məhkəmə prosesləri üçün vəhşiliklərə dair dəlil-sübut toplamaqda yardım ediləcək.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirib ki, Suriya prezidenti Bəşər Əsəd siyasi çıxış yoluna dair heç bir ümidinin qalmadığını qəbul etməlidir. O, Əsəd rejiminin zorakılığı davam etdirməsinin mənəvi cəhətdən yolverilməz və əsassız olduğuna dair xəbərdarlıq edib. Uilyam Heyq həmçinin aprelin 1-də İstanbulda keçiriləcək “Suriyanın dostları” konfransında Əsəd rejiminə təzyiqi artıran yeni tədbirlərin qəbul ediləcəyinə və Kofi Annanın diplomatik missiyasının dəstəklənəcəyinə ümid etdiyini deyib.
azadliq.info