Təl-Əviv özündən çıxdı; Obama hədəfə gəldi; rəsmi Bakı xəbərdar edildi
ABŞ prezidenti məxfi sazişi mediaya sızdırmaqda ittiham olunur
ABŞ-ın nüfuzlu “The Foreign Policy” jurnalında dərc olunan Azərbaycanın İsrailə hərbi hava bazalarından istifadə hüququ veməsilə bağlı xəbər Amerika cəmiyyətinə və siyasi dairələrdə böyük rezonans yaradıb. Xəbəri jurnala istinadən “CNN”, “The Cristian Science Monitor” kimi nüfuzlu media qurumları da yayıb. Rəyi soruşulan ekspertlərin bəziləri xəbərin yayılmasına görə hətta prezident Barak Obamanı hədəf alıb.
“Fox News” telekanalı kanalı xəbərlə bağlı ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltonun münasibətini öyrənib. Keçmiş səfir açıqlamasında Obama administrasiyasını İsrailin hərbi planlarını açıqlamaqda günahlandırıb. Boltonun sözlərinə görə, Obama İsrailin İrana qarşı müharibəyə başlamasına hər vasitə ilə mane olmaq istəyir. Onun fikrincə, informasiyanın mətbuata sızması da Ağ Evin müharibənin qarşısını almaq cəhdidir.
Əlavə edək ki, ABŞ-ın müdafiə naziri Leon Panetta İsrailin aprel, may, iyun aylarında İranın nüvə obyektlərini bombalaycağını bildirmişdi. Obamanın rəqibləri onu İrana qarşı yumşaq siyasət aparmaqda günahlandırırlar. Mühafizəkar media qurumu olan “The World Net Daily” Obamanı İranla gizli danışıqlar aparmaqda ittiham edib. Vaşinqton zəmanət almaq istəyir ki, İsrailin mümkün hərbi əməliyyatı zamanı İran cavab olaraq, ABŞ-a məxsus hərbi bazaları vurmasın.
ABŞ mediasıyla yanaşı, İsrail mətbuatı da Obama administrasiyasını xəyanətdə günahlandırıb. İsraildəki bəzi analitiklər Obama administrasiyasını bilərəkdən İsrail və Azərbaycan arasındakı məxfi razılaşmaları mətbuata sızdırmaqda ittiham ediblər. “ABC News” xüsusi vurğulayır ki, “The Foreign Policy” jurnalında çıxan yazı Azərbaycanla İsrail arasındakı sıx hərbi əlaqələrdən və ABŞ kəşfiyyatçılarının buna münasibətindən bəhs edir.
Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Yoel Quzanski bildirib ki, bu, İsraili İrana hücumdan yayındırmaq məqsədilə aparılan kampaniyaya oxşayır: “Obama administrasiyası xeyli narahatdır ki, İsrail tezliklə İrana hücum edəcək. ABŞ bunun qarşısını hər vəchlə almağa çalışır”.
Quzanskinin sözlərinə görə, belə bir anlaşma İsrail üçün İranı vurmağı xeyli asanlaşdırır.
İsraildə yayımlanan “Yediot Ahronot” qəzetində “Obama İsrailə xəyanət edir?” başlıqlı məqalə yazan Ron Ben Yişay Təl-Əvivlə Bakı arasındakı razılaşmanın mətbuata sızmasını terror aktına bənzədib. Onun sözlərinə görə, Obama administrasiyası İsrailin İrana hücuma keçməməsi və bunun çətin olduğunu izah etmək üçün hər şeyi edir. Ən pisi isə odur ki, hücum olacağı təqdirdə, baş verənlər İsrailin itkilərini artıra bilər.
“The Guardian”a danışan ekspert Brenda Şeffer isə Təl-Əvivlə Bakı arasında imzalanmış 1.6 milyard dollarlıq razılaşmanı xatırladaraq, bu sazişin İranın təhdidinə qarşı hesablandığını az ehtimal etdiyini deyib: “Azərbaycan İran, Rusiya və Türkiyə ilə qonşudur. Onun iqtisadiyyatı təhlükəsiz neft daşınmasından asılıdır. Azərbaycan İranla dostluq münasibətlərini qorumağa çalışır. İsraillə də həmçinin. Azərbaycanın riskli addımlar atması çox təhlükəlidir. Əgər İranla hər hansı silahlı konflikt baş versə, bundan ilk növbədə Azərbaycan özü zərər görəcək. İran hücumlara dərhal cavab verməli olsa, İsrailin Azərbaycandakı hədəflərini nişan alacaq”.
Siyasət şöbəsi