Iyirmi üç il az vaxt deyil. Tam da bir igidin ömrüdür. Yəni 93-cü ildə evlənmiş adamların övladları indi evlənəcək yaşdadır. Bu gənclər indi də başını qaldırıb baxır ki, televizorun qarşısında iməklədiyi zaman ekranda gördüyü üzlər hələ orda. Hələ də orda eyni şeylər danışılır, eyni havalar çalınır, eyni oyunlar oynanır. Həyat durub, sanki, bu ölkədə. Bu rüzgarlı şəhərdə dərddən boğulan insanların ürəyinə kiçik bir meh belə toxunmur, elə bil. Küçəyə çıxın, əzab yağır ayağını zorla sürüyüb gedən insanların üzündən. Hamı içində öz-özünə söylənirmiş kimi, şikayətlənirmiş kimi, toxunsan ağlayacaqmış kimi səssizcə ötüb keçir yanından. Hərdən adama elə gəlir ki, bir yeraltı təkandan sonra qulağı və səsi batıb bu şəhərin. Rəngi qaçmış, qorxmuş, kirimişcə gözlərini bir məchula dikib baxır insanlar. Heç nə eşitmirmiş, heç nə anlada bilmirmiş kimi baxır eləcə. Zaman da ölgün, rəngsiz, dadsız-duzsuz şəkildə silinib gedir təqvimlərdən və sanki kimsə bunun fərqində belə deyil…
Iyirmi üç il az vaxt deyil. Iyirmi üç ildə biz böyüdük, dəyişdik, yaşlandıq, övladlarımız boyumuzu ötüb keçdi, amma o adamlar dəyişmədi. O ifadəsiz üzlər, yalan vədlər, boş danışıqlar, saxta nitqlər dəyişmədi. Ələ keçirdikləri kabinetlərə hər gün daha möhkəm mıxlandılar. Hər gün daha sərt, daha amansız, daha qəddar qərarlar çıxardılar tutduqları yerdə daha çox oturmaq üçün. Yığdıqca yığdılar, yedikcə yedilər, taladıqca taladılar. Doyum olmadı, göz yığılmadı, aclıq hissi keçmədi. Məmləkəti çalıb-çapıb yoluq cücəyə döndərdilər. Ağacları kəsdilər, suları qurutdular, torpaqları, meşələri, dənizi hasarladılar. Istədiklərini əzdilər, istədiklərini şərləyib tutdular, istədiklərini bezdirib ölkədən qaçırdılar. Dayanmadan, usanmadan zülm maşınını çevirib üyütdülər adamları. Anasını ağlar qoydular məmləkətin, başına kəndir keçirdilər, dizini yerə gətirdilər. Şeytanmı göndərdi bu adamları üstümüzə, cin şüşəsindənmi çıxdılar ürcahımıza? Hansı günahlarımızın, hansı hesablarımızın, hansı borclarımızın cəzası idi bunlar görəsən?
Iyirmi üç il az zaman deyil. Bu illərdə dünyanın inkişafı sanki 100 il irəli gedib. Dəyişməyən təkcə bu məmləkət, bu məmləkətin təpəsinə minmiş quldarlıq rejimidir. Bu rejim dünyanın bütün inkişaf qanunauyğunluqlarına qarşı dayanacaq qədər üzlü və zirehlidir. Bu rejimin dialektik qanunları alt-üst edib, 23 il eyni sifətdə qalmaq kimi bir özəlliyi var. Yunan filosofu Herakliti belə heyrətə sala biləcək bir özəlliyi. Doğrudanmı, “hər şey axır, hər şey dəyişir?” Doğrudanmı, “axar sudan eyni vaxtda iki dəfə keçmək olmaz” Sən gəl, bu məmləkətdə nəyin axıb, nəyin dəyişdiyinə bax! Zamanı durduran, axar suların məcrasını dəyişən, inkişafı buxovlayan ibtidai düşüncəlilərin beynində nəyin dəyişdiyinə bax! 23 ildir onların yalnız geyimləri, evləri, maşınları, tələbləri, nəfsləri, iştahaları dəyişir. 23 ildir onlar bu lüks həyat şərtlərini qoruyub saxlamaq üçün, sadəcə, qanunları dəyişirlər. Ölkə konstitusiyasının başına oyun açırlar, ona absurd maddələr əlavə edirlər, bəndlər qoşurlar, düzəlişlər aparırlar. Düşüncələrdə yeniləşmə adına bir işartı belə yox. Yenilənən tək şey formadır. Bir də görkəmə çəkicilik verən bahalı akssesuarların göz qamaşdıran parıltıları. Ətrafda ölü səssizlik hakim, insanlar kədər içində, ümidsiz və donuq. Doğrudanmı, “hər şey axır, hər şey dəyişir?” Ey gidi, Heraklit…