Şəhid polkovnikin xanımı: “4 aydır qapılarda süründürürlər…”

Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçimiz polkovnik-leytenant Raquf Orucovun ailəsi diqqətsizlikdən və etinasızlıqdan şikayətlənir.

Şəhid polkovnikin xanımı Sevinc Əlizadə Femida.az-a açıqlamasında deyib ki, həyat yoldaşı şəhid olduqdan sonra uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilmir. Şəhidin həyat yoldaşı hətta aidiyyatı qurumların onu get-gələ saldığından da şikayətlənib:

“Mən bu sözləri cəmiyyət arasına çıxarmağa utanıram. Ancaq məni məcbur etdilər. Yoldaşım şəhid olandan bəri bir nəfər də olsun məmur bizimlə maraqlanmayıb. Sadə xalqdan başqa heç kim qapımızı döyməyib. Mən bunu ona görə deyirəm ki, arxamdan bir dağı, bir əzizimi itirmişəm. Raquf necə hərbçi olubsa, onu tanıyanlar yaxşı bilir. O Milli Qəhrəman adına layiq olsa da, o adı vermədilər. Bütün olanları, haqsızlıqları keçdim. Ancaq, bunun iki azyaşlı övladı var. Bu övladlara verilməli olan pul niyə indiyə kimi verilmir? Məni 4 aydır qapılarda süründürürlər. Halbuki, bunu mən etməli deyiləm. Aidiyyatı qurumlar özləri bu işi həll etməlidir. Bir neçə gün bundan qabaq Sosial Müdafiə Nazirliyində oldum. Orada məlum oldu ki, Müdafiə Nazirliyi lazım olan sənədləri onlara tam tərkibdə göndərməyib. Ölüm haqqında şəhadətnamə və digər sənədləri Müdafiə Nazirliyi onlara təqdim etməyibsə, necə uşaqlara pensiya kəsə bilərlər?

Bir daha deyirəm ki, bu hərəkət mənim yoldaşımın adına yaraşmır. Ayıbdır belə söhbətlə gündəmə gəlmək. Ancaq nə edim? Özüm ali təhsilli hüquqşünasam. Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir? O boyda zabiti itimişik biz. Budurmu şəhid ailəsinə qoyulan hörmət?

Yoldaşım 25 il vətənə xidmət edib. Onun ayağı şəhid olana kimi çəkmədən çıxmayıb, o rahatlıq görməyib. Indi də diqqətsizlik bizi üzür. Mən Müdafiə naziri cənab Zakir Həsənovla görüşmək istəyirəm”.

Polkovnik-leytenant Raquf Orucov aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid polkovnikin ailəsinə qarşı etinasız münasibətin bəlli olması ictimai etiraz doğurub. İlk etiraz edənlərdən biri də AXCP sədri Əli Kərimli olub. O bu barədə özünün feysbuk səhifəsində yazıb.

“Aprel döyüşlәrindә Talış kәndi uğrunda şәhid olmuş polkovnik Raquf Orucovun ailәsinә edilәn haqsızlığa biganә qalmaq mümkün deyil. Cәmi 4 ay qabaq minlәrlә insanın iştirakı ilә, pafoslu cıxışlarla qәhrәman kimi dәfn edilәn zabitin ailәsinә, uşaqlarına indiki biganәliyin adı nәdir? Şәhid polkovnikin hәyat yoldaşı deyir ki: “Mən bu sözləri cəmiyyət arasına çıxarmağa utanıram. Ancaq məni məcbur etdilər. Yoldaşım şəhid olandan bəri bir nəfər də olsun məmur bizimlə maraqlanmayıb. Sadə xalqdan başqa heç kim qapımızı döyməyib. Bunun iki azyaşlı övladı var. Bu övladlara verilməli olan pul niyə indiyə kimi verilmir? Məni 4 aydır qapılarda süründürürlər. Ayıbdır belə söhbətlə gündəmə gəlmək. Ancaq nə edim? Özüm ali təhsilli hüquqşünasam. Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir? O boyda zabiti itirmişik biz. Budurmu şəhid ailəsinə qoyulan hörmət?”.
Bu nә biganәlik, bu nә vicdansızlıqdır?”, – deyə AXCP lideri şəhidin xanımından sitat gətirməklə qeyd edib.