Akif Çovdarovla Əhəd Abıyevin 1992-93-cü illərdə qorxudan gecələr çölə çıxa bilməməsi

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Xəbər yayılıb ki, MTN-in idarə rəisi olmuş Akif Çovdarov Kürdəxanıda yerləşən 1 saylı Bakı Istintaq Təcridxanasında bir neçə gün öncə intihara cəhd edib, onu son anda  qurtarıblar. Penitensiar Xidmətdən isə açıqlama verilib ki. bu məlumat yalandır, falan-filan.

Belə bir intihar cəhdi həqiqətən olub, ya yox, demək çətindir. Bu sətirlərin müəllifinə isə, ümumiyyətlə, maraqlı deyil. Akif Çovdarovun canı cəhənnəmə! Sadəcə, dünənədək zülm aparatının bir parçası olmuş insanların sorağının bu və ya başqa şəkildə türmədən eşidilməsinin özü adama zövq verir. Əlbəttə, belələri gec-tez layiqli cəzalarını alacaqdılar, hətta ədalət divanından qurtulsalar da, gələcək nəsillərin lənətindən qaça bilməyəcəkdilər. Amma onların məhz öz qazdıqları quyuya düşməsini görməyin ləzzəti ayrıdır! Gözünün ucu ilə baxan görər və ibrət götürər. Bunu hələ də xalqa qarşı zülmün, zalımlığın tətikçisi olanlara xitabən yazıram. Bir zamanlar əli üstə əl, sözü üstə söz olmayan, qılıncının dalı da, qabağı da kəsən Akif Çovdarovun aqibətini heç bir zaman unutmasınlar, dərs alsınlar.

Yeri gəlmişkən, elə dünən xəbər saytlarında Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevin (əlbəttə, biz onun da uzun illər təyinatlı deputat kimi, demokratik ruhlu, ləyaqətli, vicdanlı adamlara qarşı siyasi qarayaxma, kirlətmə, ləkələmə, hərzə-hədyan kampaniyalarının əsas qəhrəmanlarından olduğunu unutmamışıq, unutmuruq,  unutmayacağıq da!) həmin bu Çovdarovla bağlı açıqlamaları vardı, qoy ölkədə necə yarıtmaz idarəçiliyin hökm sürdüyünü hələ də görüb dərk etməyənlər həmin açıqlamaları tapıb təkrar-təkrar oxusunlar. Məgər 2014-cü ilin sonlarında, Çovdarovla Abıyev arasında söz-söhbət olubmuş, motivsə belə imiş: Daşkəsən-Xoşbulaq avtomobil yolunun və körpünün tikintisi üçün armatur almaq məqsədi ilə icraçı şirkətin işçiləri Bakıya yola düşür və bir azdan… yoxa çıxırlar! Şübhə yaranır ki, onlar pulu da götürüb aradan çıxırlar, amma tezliklə məlum olur ki, həmin işçiləri MTN əməkdaşları oğurlayıblar. Abıyev MTN-ə gəlir, burada da Çovdarovla qarşılaşır, bir-birlərinə dişlərinin dibindən çıxanı deyirlər. Uzun qırğın-qiyamətdən, məsələyə MTN “şefi” Eldar Mahmudov qarışandan sonra iş yoluna qoyulur. Yaxşısı budur, Abıyevin özünü dinləyək: “Eldar Mahmudov Akif Çovdarovun tərəfini saxladı, ancaq göstəriş verdi ki, saxlanılanları dərhal buraxsınlar… Düşdüm aşağı, gördüm saxlanılanları buraxıblar, qapının qarşısına gətiriblər. Döymüşdülər, birinin də qollarında qandalın yeri qalmışdı. Götürüb apardım…”

Vəssalam!

Halbuki normalda Abıyevin baş verənləri ən azı prokurorluğa, polis orqanlarına xəbər verməsi lazım idi! Amma etmir, işi böyütmür. Niyə? Bu sualın cavabını açıqlamalarının Çovdarovla bağlı hissəsində axtarmaq lazımdır. Sitat: “Dedim sən təsadüfi adamsan, gəlib düşmüsən bu cür mühüm nazirliyə, indi də quldurluq edirsən? O da qayıdıb məni söydü, dedi sənin boynunu sındıracam, səni də tutub onların yanına salacam. Dedi rayonda hansı işlər görürsən, hamısını yoxladacam”.

Bəli, yoldaşlar, qardaşlar, sirdaşlar, qəlbidaşlar, bu olay hansısa filmdə, yaxud romanda baş vermir, bu – 21-ci əsrdə, “regionun lider dövləti” tipli miflərlə idarə olunan, “inkişafın Azərbaycan modeli” nağılları ilə yuxuya verilən bir ölkədə baş verir. O nə yazıçı təxəyyülünün məhsuludur, nə rejissor istedadının, fantaziyasının. O həyat hadisəsidir, reallıqdır, yaşanmışlıqdır.

Ən əsası, onu hansısa çağdaş, gəlişmiş ölkənin vətəndaşına danışsan, səni ya dəli hesab edər, ya da dahi. Ya düşünər ki, ağlını itirmisən, başına hava gəlib, ya da fikirləşər Corc Oruell sənsən, “1984″ü də sən yazmısan, elə Lyosa da səndən başqası deyil, ”Keçilərin şənliyi” sənin istedadının məhsuludur.

Əlbəttə, son 23 ildə xeyli adiləşmiş, idarəetmə normativinə çevrilmiş belə dəhşətli hadisələr fonunda əsas məsələ odur ki, xalq Cəbhə-Müsavat hakimiyyəti vaxtı, 1992-93-cü illərdə qorxudan gecələr çölə çıxa bilmirdi. Həqiqətən ağır, vahiməli illər idi, hələ də adamın yadına düşəndə tükləri biz-biz olur.