“Nardaran işi” üzrə işgəncələrə hüquq müdafiəçiləri niyə susur?

eldeniz-quliyev-yeniEldəniz Quliyev: «Bu şəxslər yalan danışaraq hakimiyyətin çaldığıyla oynayırlar»

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə məhkəmədə ifadə verərkən bəyan etdi ki, Nardaran hadisələri hakimiyyətin öz işidir. Özünə və digər şəxslərə qarşı tükürpədən işgəncələrdən danışan ilahiyyatçının təzyiqlər altında alınan ifadələrin həqiqətə uyğun olmadığını, həbs edilən şəxslərin heç birində silah olmadığını bildirib.

Məhkəmədə bir sıra səfirliklərin nümayəndələri və ölkənin tanınmış simaları da iştirak edib. Amma səslənən amansız işgəncə şikayətləri qarşısında ölkədə hüquq müdafiəçisi adına iddia edən bir sıra şəxslər susmağa üstünlük verir.

Tanınmış vəkil Aslan Ismayılov deyir ki, bir neçə il əvvəldən başlayaraq, müəyyən adamlar hüquq müdafiəçiliyinə biznes kimi yanaşmağa başladılar.

“Əslində isə hüquq müdafiəçiləri bu cür məsələləri araşdırmaq üçün can atmalıdılar. Mən Tale Bağırzadəyə işgəncə veriləndə etirazımı bildirmişdim. Ondan işgəncə altında Milli Şuraya, AXCP-yə qarşı ifadə almaq istəyirdilər. Bu hadisələrin Milli Şuraya, müxalifət partiyasına nə dəxli var?!”, – deyə Aslan Ismayılov bildirib.

Tanınmış ziyalı Eldəniz Quliyev də deyir ki, vicdanı olan hər kəs haqsızlığa, insanlara zülm verilməsinə qarşı mübarizə aparmalıdır: “Tale Bağırzadənin açıqlamasından görünür ki, hətta faşistlər də insanlara qarşı belə vasitələrdən istifadə etmirdilər. Hüquq müdafiəçilərin susqunluğu sadəcə, xofla bağlıdır. Bu şəxslər yalan danışaraq hakimiyyətin çaldığıyla oynayıblar. Insanın mənəvi keyfiyyətləri ədalətsizliyə qarşı mübarizə aparmaqdan ibarətdir. Haqsızlığa qarşı razılaşmaq olmaz. Ölkədə gerçəkliyin belə olması məni ağrıdır. Haqq-ədalətə qarşı getmək, haqlı olanların yanında olmamaq heç kimə başucalığı gətirməz”.

Informasiya şöbəsi