ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Syuzan Çeşli AXCP sədri Əli Kərimli ilə görüşüb. Bu barədə məlumatı “Azadlıq”a AXCP sədri verib. Əli Kərimlinin sözlərinə görə, görüşdə Konstitusiyaya dəyişikliklər müzakirə mövzusu olub. “Konstitusiyaya dəyişikliklərin antikonstitusian qaydada həyata keçirildiyini diqqətə çatdırdım. Konstitusiyanın 155-ci maddəsinə görə bəzi prinsipial maddələr hətta referendumla da dəyişdirilə bilməz. Konstitusiyanın 3-cü fəslində nəzərdə tutulur ki, insan hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan artıq dərəcədə məhdudlaşdırılması təklifləri referenduma çıxarıla bilməz. Təklif olunan dəyişikliklərdə isә 3-cü fəsildə müəyyənləşdirilmiş bir sıra əsas insan hüquq və azadlıqlarını məhdudlaşdırmaq nәzәrdә tutulur”.
AXCP sədri Syuzan Çeşlinin diqqətinə çatdırıb ki, bu dəyişikliklər ölkə başçısı İlham Əliyevin hakimiyyəti istədiyi vaxt təyin etdiyi varisə ötürmək imkanı verir. Bu baxımdan AXCP bu dəyişikliklərin əleyhinədir və Konstitusiya çərçivəsində buna qarşı mübarizə aparacaq.
Əli Kərimli bildirib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslarla bağlı problem də müzakirə olunub.