Sarkisyanı kim reklam edir?

yeni azerb qazetYaxud, “Yeni Azərbaycan”ın bumeranq effektli ittihamları

Hökumət ölkəni elə çirkaba bulaşdırıb ki,  artıq peşəkar məddahlar da müdafiə strategiyası qura bilmir. Hökumətin sözçülüyünü edən qəzetlər şər-böhtandan başqa arqument tapa bilmirlər.  Çox pis vəziyyətdədilər. Hər gün açıq şəkildə görünür ki, hökumət ölkəni fəlakətə sürükləyir.

Və belə bir vəziyyətdə Ermənistan prezidentinin bəyanatı da hökumətin qətiyyətsiliyini bir daha ortaya qoydu. Biz də hökumətdən tələb edirik ki, Sarkisyanın cavabını verin, adekvat adım atın. Yamışıq ki, Sarkisyan “canımı verərəm, Qarabağı vermərəm” deyirsə, İlham Əliyev də “Canım bahasına da olsa Qarabağı alacam”  mesajı versin.  Bəli, yazmışıq ki, Sarkisyanı susdurmaq, işğalçıya gərəkən cavabı vermək lazımdı.

Amma həmişəki kimi hökumət mətbuatı rüsvayçı siyasəti şər-böhtanla sığortalamağa çalışıb. Köhnəliyin nümunəsi olan “Yeni Azərbaycan” qəzeti  “Azadlıq qəzeti Sarkisyanı reklam edir” başlıqlı yazı dərc edib.  Guya, “Azadlıq”ın mövqeyi şəhidlərin ruhuna hörmətsizlik imiş, “Azadlıq” qəzeti  ermənipərəst qüvvələrin sifarişini yerinə yetirirmiş və.s

Əvvəla qeyd edək ki, Sarkisyanın ən böyük reklamını bu hakimiyyət edib. Aprel döyüşlərindən sonra ölkə başçısı bəyan etdi ki, döyüşlər Ermənistan tərəfinin xahişi ilə dayandırılıb. Deməli, Ermənistan hökumətinin  xahişi mötəbər sayılıb və bizim hökumətimiz də bu mötəbərliyə sayğı göstərib.

Şəhidlərin ruhuna hörmətsizliyə gəlincə, bu məsələdə də Azərbaycan hakimiyyəti rəqib tanımır. 100-dən artıq hərbçi şəhid olduqdan sonra qələbə əzmində olan ordunu dayandırmaq, şəhidlərin ruhuna ən böyük hörmətsizlikdir. 23 il ərzində sülh danışıqları adı altında vaxt uzatmaq, səmərəsiz danışıqları uğur kimi təqdim etmək, şəhid ruhuna da, Azərbaycan xalqına da təhqirdir. Sarkisyanın bəyanatından sonra isə tam aydınlaşdı ki, danışıqların perspektivindən söhbət belə gedə bilməz.  Deməli, atəşkəs müqaviləsi, danışıqlar prosesinin uzadılması birmənalı şəkildə Ermənistanın leyhinədir. 23 il müddətində bu üsulla torpaqları işğalda saxlayıblar, bundan sonra da bu üsulla saxlamağa davam edəcəklər.

Ermənipərəst qüvvələrin sifarişini yerinə yetirməkdə də Azərbyacan hökumətinin tayı-bərabəri yoxdur. Xocalı soyqırımının, 20 yanvar faciəsinin ssenarisini yazmış, Qarabağın işğalına “yaşıl işıq” yandırmış Rusiyanın qucağına qısılan bu hökumətdir. Qondarma erməni soyqırımını tanıyan ölkərədə xeyriyyə tədbirləri keçirən, bu ölkələrdə xarabalıqları abad edən də Azərbyacan hökumətidir. Öz vətəndaşı qazsız qaldığı halda Gürcüstandakı erməni kilsələrini qazla pulsuz təmin edən də  Azərbaycan hökumətidir.  Azərbaycan xalqını təhqir edən, türklərə nifrətini gizlətməyən Jirinovskini sevimli qonaq kimi qarşılayan da bu hakimiyyətdir. Bu gün Sarkisyan “canımı verərəm, Qarabağı vermərəm” bəyanatı verirsə, bu da Rusiyanın himayəsinin, Rusiyadan arxayınlığın göstəricisidir.

Müxtəsər, şəhidlərin ruhunun təhqir edilməsi, Sarkisyanın reklamı, ermənipərəstlərin sifarişinin yerinə yetirilməsi Azərbyacan hökumətinin yürütdüyü siyasətdə ifadə olunur.

Aprel döyüşləri zamanı Azərbyacan müxalifətinin də, azad mətbuatın da mövqeyi “irəli gedək, düşməni susduraq”  formasında oldu. Deməli, biz Sarkisyanın başının əzilməsinin tərəfdarıydıq, hökumət isə Sarkisyanın başını qorumaq yolunu seçdi.

Biz bu gün də israrla deyirik ki, Sarkisyanın məlum çıxşından sonra danışıqları davam etdirmək dövlətin və xalqın qürurunu ayaqlar altına atmaqdır.  Hökumət qətiyyət göstərməli, düşmənə konkret vaxt verməli və Sarkisyanı peşiman etməyi bacarmalıdır.

Məhz hakimiyyətin qorxaqlığı, qətiyyətsizliyi sayəsində  cinayətkar Sarkisyan özünü qəhrəman kimi təqdim edir. Çünki, Azərbaycanın 20 faiz ərazisində ağalıq edir və Azərbaycan hakimiyyətinin sülhə sadiq qalacağından əmindir.

Beləliklə,   “Yeni Azərbaycan”ın bütün  şər-böhtanları bumeranq effekti verir.  Hakimiyyətin Əli Kərimlinin evinin qarşısında təşkil etdiyi “ləyaqətsizlik oyunları”na cəmiyyətin münasibəti də göstərdi ki,  xalqın gözü tərəzidir.  Bəli, çirkabdan libas geyinmişlərin, ağ libaslılara ləkə atmaq cəhdi gülüncdür.

Samir