Bu ölkənin dənizindən və torpağından çıxan qazancın xeyrini öncə öz insanımız görməliydi. Yer üzündə ədalət adına bir şey varsa, başqa cür olmamalıydı. Amma… Hansı kitaba, hansı vicdana sığardı Tanrının bir məmləkətə bəxşiş olaraq göndərdiyi sərvəti “hökumət” adlanan bir qrupun mənimsəyib göyə sovurması? Axı kimsənin dədə-babasından qalan miras kağızı ilə gəlib çıxmamışdı o xəzinə ortalığa. Çıxmamışdı… amma həmin o qrup kimsəni saya salmadan vərəsəlik haqqına sahibmiş kimi, onu damlasına qədər daşıyıb apardı. Eynilə siçovul sürüsü taxıl anbarına darışan kimi, eşib axırına çıxdılar bu xəzinənin. Xalqın da dilinə-ağzına qıfıl asıblar elə bil. Neft gəlirlərinin sağa-sola səpələndiyi bu 15 ildə bir dəfə dilini tərpədib demədi ki, “ay üstünə daş yağmış hökumət, onca milyardların içində mənim heçmi haqqım yox idi?..” O soruşmadı, başda oturanlar da özünü hesabat verməyə borclu saymadı. Nəinki saymadı, bu itaətkarlıqdan və başıaşağılıqdan istifadə edib, getdikcə ölkə insanını ayağının altına qoydu. Qorxu mühiti yaradıb, hakimiyyəti qamçı kimi istədiyi vaxt istədiyi adamın başına endirdi. Yavaş-yavaş gözü qırıldı ölkə insanının. Təslim olduğuna, boyun əyib geri çəkildiyinə görə, həmin o harınlar rahatca silib-süpürdülər məmləkəti. Indi də gözləri ayaqlarının altını görmür. Itaətkar ölkə insanı isə quru yurdda oturub neftin satış valyutası dolların manatı nə zaman ikiqat əzəcəyini gözləyir.
Ölkə insanı ac-susuz gözləməyində olsun, dənizdən çıxan milyardlarımız da dünyanın çirkli ciblərinə axmağında. Başımız o qədər dumanlıdır ki, kimin pulu kimin ovcunda, kimin əli kimin cibində, xəbərimiz yox. Ancaq yer yerindən oynayandan sonra qulağımıza çatır ki, bu milyardları illərdir “yerbəyer edən” “SOCAR” şirkəti, əslində, altdan-altdan onu bir yerlərə uçururmuş. Demə, burda bizim günümüzü qara edən qara qızılın pulu tək bunların şəxsi hesablarına getmirmiş, bunlara arxa-dayaq duran nə qədər adamı da varlandırırmış. Bu çirkin işlərin hesabı da, bax, bizim əlimizdən-ovcumuzdan çıxan həmin o hissədən ödənirmiş. Vaxtında ortaya girib tələb etmədiyimiz hissədən. Illərdir aralıqda söhbət dolaşır ki, “SOCAR”ın Gülən camaatı ilə dərin əlaqələri var. Neçə vaxtdır şirkətdəki bütün önəmli vəzifələrə də onların adamlarının yerləşdirildiyi açıq deyilirdi. Bunun altında gizlənən əsas səbəblər bir qədər müəmmalı olsa da, hamı “pul müqabilində lobbiçilik” versiyası üzərində dayanırdı. Indi gün gəlib, hesab dönüb, Gülənin qaranlıq işləri ortaya çıxınca, məlum olub ki, onun əsas maliyyə dayağı bu “SOCAR” imiş. Iki gün öncə şirkətin Türkiyə ofisində aparılan həbslər də bunu açıqca sübut edir. Məsələnin əslini Türkiyə hökuməti də bəyan edib. Hələ torbanın ilməsi indi ələ keçib. Söküldükcə, kim bilir, içindən daha nələr çıxacaq… Bu saman altdan su yeridən “camaatın” Azərbaycandakı nüfuz dairəsi genişdir, həm də çox geniş…
Neft layihələrinin böyük arzulara impuls verən vaxtlarında mən də bu sahədə işləmişəm. Deyə bilərəm ki, ölkə insanı məhz öz bivecliyi üzündən ömrü boyunca zəngin yaşamaq imkanlarını əldən buraxdı. Azərbaycan neftindən gələn gəlirlər 9 milyonun 90 il təminatlı yaşaması üçün yetərli idi. Hələ düzgün idarəetmə, investisiya yatırma və qənaət hesabına bu müddəti daha uzan illərə çəkib aparmaq olardı. Ölkə insanı, sadəcə, bunu istəmədi. Ya vəlvələdən, ya zəlzələdən, bir küncə çəkilib imkan verdi ki, bu acgöz adamlar o milyardları dağıtsınlar. Indi nə ac-yalavac oturub dizə-başa vurmağın bir xeyri var, nə də hökumətin ölkəni bu böhran bataqlığından çıxaracağına ümid etməyin. Necə deyərlər, öz cəzandır, çək, bala…