Diasporaçılıqdan qaraçılığa

Xocalıya ədalətmi, yoxsa “Eurovision”a biletmi?

18 ildir ki, Azərbaycana rəhbərlik edən, lakin 18 qarış torpağı işğaldan azad etməyən iqtidar təmsilçilərindən fərqli olaraq, mən orta məktəbi 1992-93-cü illərdə bitirdiyimə görə qürur duyuram. Günü bu gün də fikirləşirəm ki, həmin dövrdə ölkəni fanatikcəsinə sevən hərəkatçılar olmasaydı, indi Azərbaycan Türkmənistan və ya Tacikistandan o qədər də fərqlənməyəcəkdi. Əslində, bu ölkələrlə Azərbaycandakı rejimlər arasında heç bir fərq yoxdur. Sadəcə, Orta Asiya respublikalarından fərqli olaraq, Azərbaycanda bütün mərhumiyyətlərin qarşılığında hələ də mübarizə aparanlar var…
Onu demək istəyirəm ki, 1992-93-cü illərdə AXC hakimiyyəti zamanı müstəqil Azərbaycan Cümhuriyyətinin qurulması üçün Məmməd Əmin Rəsulzadə və silahdaşlarının keçdiyi mübarizə yolu barədə çoxlu elmi və bədii ədəbiyyatlar nəşr edildi. Məhz bunun sayəsində həmin dövrdə orta məktəbi bitirən gənclərdən biri kimi, məndə də istər-istəməz Azərbaycana sonsuz bir vurğunluq yarandı.
AXC hakimiyyəti zamanı aparılan vətənpərvərlik təbliğatı hətta qürbətdə də təsirsiz ötüşmür. Bu üzdən hər dəfə Azərbaycanla bağlı hansısa aksiyalar keçiriləndə bacardığım qədər iştirak etməyə və ya öndə olmağa çalışıram.
Amma son zamanlar artıq bir şeyi dərk edirəm ki, “Azərbaycan diasporası” adlandırılan və içi mən qarışıq, xaricdə yaşayan vətənpərvər azərbaycanlıların qaraçılardan o qədər də fərqi yoxdur. Çünki diasporaya rəhbərlik edənlər insanların vətənpərvərlik hisslərindən yararlanaraq, onlardan öz məqsədləri üçün istifadə edirlər. Hətta bəziləri Xocalı və Qarabağla bağlı hər keçirilən toplantı və ya aksiyadan sonra Heydər Əliyev Fondunun, Ilham Əliyevin qızı Leyla Əliyevanın ayırdığı pullar hesabına bizneslərini böyüdürlər. Nəticədə Azərbaycanda məlum fond və xanım Əliyeva patriot kimi təbliğ olunur, xaricdə isə diaspora adı altında bəziləri biznes qurur, imkanlarını genişləndirirlər. Brüsseldə, Amsterdamda, Rotterdamda, Frankfurtda, Parisdə, Berlində, Hamburqda, Londonda və digər şəhərlərdə biznes şəbəkələri yaradırlar. Qarabağla bağlı keçirilən sifarişli aksiyalara sadəlövh azərbaycanlıların cəlb olunmasına yardım edənlər isə məsələn, “Eurovision”a getmək üçün gediş-dönüş təyyarə biletilə, çoxgirişli viza ilə mükafatlandırılırlar. Eyni zamanda, məsələn, ötən il Brüsseldə – Belçika-Azərbaycan futbol komandalarının görüşündə olduğu kimi, hörmətli Ayhan Dəmirçi tərəfindən 17 avroluq futbol biletilə mükafatlandırılırlar. Yaxud da, Benilüks Azərbaycanlıları Konqresinin 2-ci dəfə prezidenti seçilmiş cənab Sahil Qasımov tərəfindən səfirliyin keçirdiyi tədbirdə iştirak edənlərin siyahısına salınırlar…
Mükafatlandırma sistemi təkcə bununla bitmir. Hətta ildə iki dəfə Xocalı abidəsinin, yaxud da Ermənistanın hansısa ölkədəki səfirliyinin önünə toplaşıb nəyəsə nail olduqlarını düşünən sadəlövh azərbaycanlılardan yararlanan elə diaspora təşkilatlarının rəhbərləri var ki, dünənə qədər Elçibəyçi olub Əliyevləri yamanladığı halda, bu gün Heydər Əliyev Fondunun qatı təbliğatçısına çevriliblər. Çünki ona da ordan çatacaq bir şeylər ayrılır.
Bütün bunların sonucunda o aydınlaşır ki, xaricdəki vətənpərvər azərbaycanlılar Osmanlı türkcəsində desək, çingənə, öz təbirimizcə adlandırsaq, qaraçı günündədir. Qaraçı dəstəsinin rəhbərləri villalarda yaşayıb, kasıbları dilənməyə göndərdiyi kimi, Azərbaycan hakimiyyəti və diaspora təşkilatlarının rəhbərləri də özləri bu prosesdən pul qazanır, sadəlövh azərbaycanlıları isə Ermənistan səfirliyinin və ya hansısa bir erməni təşkilatının ofisinin önünə “Xocalıya ədalət!” yaxud da “31 marta ədalət!” dilənməyə göndərirlər. Hələ nə yaxşı ki, ermənilər də çıxıb demirlər ki, 18 ildə bir qarış torpaq almadığınız halda, ildə 18 dəfə gəlib zəhləmizi niyə tökürsünüz?