Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında ötən ilin noyabrın 5-də Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin sədri Elçin Qasımovun həbsinə etiraz olaraq Sabunçu Rayon Baş Polis İdarəsinin qarşısında toplaşdığı üçün saxlanılan 6 dindara hökm oxunub.
Dindarlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddəsiylə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.
Məhkəmənin qərarına əsasən, Rzayev Sahil Xalid oğlu 6 il 5 ay 15 gün, Vəliyev Niftəli Əşrəf oğlu 5 il 11 ay 10 gün, Əliyev Anar Yusif oğlu 5 il 11 ay, Bünyadov Elvin Hatif oğlu 6 il 1 ay 15 gün, Əhmədov Lətif Süleyman oğlu 5 il 11 ay 20 gün, Osmanov Teymur Adilxan oğlu 5 il 11 ay 15 gün azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, dindarların həbs müddəti saxlanıldıqları gündən hesablanacaq.



