İsrail ilə yaxınlıq hakimiyyətə nə vəd edir?

Sülhəddin Əkbər: «Azərbaycan iqtidarı siyasi hakimiyyətini qoruyub saxlamaq üçün Israil ilə əlaqələrdən istifadə etməyə çalışır»

Seulda Nüvə Təhlükəsizliyi sammitinə qatılan Azərbaycanın dövlət başçısının Israilin məxfi xidmət işləri üzrə naziri Dan Meridorla görüşü kifayət qədər suallar doğurur. Belə ki, D.Meridor Azərbaycandan Irana qarşı sanksiyalarını sərtləşdirməyi istəyib. Hazırda əsas sual Azərbaycanın bu təklifə hansı reaksiya verəcəyidir. Çünki Azərbaycanın Israilin təklifinə müsbət cavab verəcəyi təqdirdə Iranla onsuz da gərgin olan münasibətlər bir qədər də qəlizləşə bilər.
Bundan başqa, Israil mətbuatı bu ölkənin Azərbaycanla əlaqələri və Cənubi Qafqazdakı fəaliyyəti ilə bağlı yeni məlumatlar açıqlayıb. Israilin “Y-net” saytının məlumatına görə, Israil hazırkı mərhələdə Irana qarşı cəbhəni genişləndirmək üçün Azərbaycan və Gürcüstanla əlaqələri gücləndirir. O da vurğulanır ki, Israilin hər iki ölkədə hərbi strukturları və kəşfiyyat məlumatları toplama məntəqələri fəaliyyət göstərir.
Avro Atlantik Şuranın sədri Sülhəddin Əkbər bildirdi ki, Azərbaycan Israil ilə son zamanlar yaxınlaşma xətti götürüb. Bu ərəfədə Azərbaycanın Irandan gələn bəyanatlara da əvvəlki kimi yumşaq yanaşmadığını vurğulayan S.Əkbər bildirdi ki, Azərbaycan Irana qarşı reallaşdırılan sanksiyaların tətbiqində aktiv rol oynayır: “Əlbəttə, Azərbaycanın Israilin yeni təkliflərinə müsbət reaksiya verəcəyi təqdirdə Irandan ölkəmizə qarşı təzyiqlər daha da arta bilər. Amma hələ ki, Azərbaycan tərəfi Israil ilə əlaqələri genişləndirməkdə maraqlı görünür”.
S.Əkbərin fikrincə, Azərbaycan hakimiyyətinin Israil ilə əlaqələri dərinləşdirməkdə şəxsi maraqları da var. S.Əkbərin sözlərinə görə, Azərbaycan iqtidarı siyasi hakimiyyətini qoruyub saxlamaq üçün Israil ilə əlaqələrdən istifadə etməyə çalışır. Çünki Israil ilə əlaqələrin dərinləşməsi eyni zamanda ABŞ-da və dünyanın aparıcı ölkələrində güclü olan yəhudi lobbisinin dəstəyini almaq deməkdir: “Ilham Əliyev Israil ilə əlaqələri dərinləşdirməklə hazırda regionda yeni yaranmış şəraitə uyğun olaraq hakimiyyətə qarşı ola biləcək təhlükələrin qarşısını almağa çalışır”, – deyə S.Əkbər vurğuladı.
Israilin kəşfiyyat məntəqələrinin Azərbaycanda olması ilə bağlı yayılan məlumatlara gəlincə, S.Əkbər bildirdi ki, hər bir xarici ölkənin səfirliyi casus şəbəkəsi rolunu oynaya bilər. Digər tərəfdən, həmin ölkəni təmsil edən sahibkarlar, mədəniyyət idarələri də bu funksiyanı həyata keçirə bilər. S.Əkbər onu da vurğuladı ki, Israil ilə Iranın əlaqələri nəzərə alınarsa, Təl-Əvivin Azərbaycanda casus saxlamağa meylli görünməsi təəccüblü deyil.

Hikmət