“Tiatnik”in 3D versiyasının premyerası oldu

“Bu, solmayan klassikadır, 3D versiyasına salınması pərəstişkarları ona bir daha baxmağa vadar edəcək”

Böyük Britaniyanın paytaxtı Londonda məşhur “Titanik” filminin 3D versiyasının premyerası baş tutub. Premyerada 1997-ci ildə çəkilmiş filmdə baş rollardan birini oynayan britaniyalı aktrisa Keyt Uinslet və filmin amerikalı rejissoru Ceyms Kemeron iştirak ediblər.

Qeyd edək ki, Keyt Uinslet məhz bu filmdə aktyor Leonardo di Kaprio ilə birlikdə oynadığı rola görə dünya şöhrəti qazanıb.

“Bu gün burada mənimlə ola bilmədiyinə görə Leonardodan incimişəm, amma nə etmək olar, eybi yox, o da işləyir deyə gələ bilməyib” – Keyt Uinslet belə deyib.

Bu yaxınlarda Sakit okeanın Marian çökəkliyinə enmiş Ceyms Kemeron isə “Titanik” filmini “solmayan klassika” adlandırıb. Onun sözlərinə görə, filmin 3D versiyasına salınması bu filmin pərəstişkarlarını ona bir daha baxmağa vadar edəcək.

Qeyd edək ki, 1997-ci ildə ekranlara çıxmış və 11 nominasiyada “Oskar” mükafatı qazanmış “Titanik” filmi 1 milyard 843 milyon dollar gəlir gətirib. Filmin 3D formatı isə “Titanik” gəmisinin batmasının 100-cü ildönümünə həsr olunub (ans press).