Vüqar Əliyevin valideynləri Əliyevdən nə istəyir?

vuqar-eliyevAslan Aslanovun oğlunun ölümünə görə həbs olunan 12 nəfər günahsız adamla bağlı suala baş prokuror nə cavab verib?

Şəmkirin keçmiş icra başçısı, həmçinin Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Ruslanın qətlinə görə ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevin valideynləri – Ibrahim Ismayılov və Məlahət Ismayılova dövlət başçısından kömək istəyir. Valideynlər prezidentə ünvanladıqları müraciətin surətini “Azadlıq”a da göndəriblər. Onlar məktubda baş prokuror Zakir Qaralovla görüşlərindən yazır:

“Aslan Aslanovun qardaşı bizə demişdi ki, arxamızda Zakir Qaralov durur”

“Biz 29 iyul 2016-cı ildə  baş prokuror Zakir Qaralovun qəbuluna getdik. Zakir Qaralovun Şəmkir prokurorluğuna gəldiyini eşidən kimi, biz də oğlumuzun günahsız ömürlük həbsə məhkum edilməsilə əlaqədar onun qəbuluna getdik. Kaş getməzdik.  Həyat yoldaşım Məlahət Ismayılova baş prokurora dedi ki, oğluma nə üçün bir ölümə görə ömürlük cəza verilib? Zakir Qaralov da bunun cavabında dedi ki, ”bir ölümə görə   güllələnmə də verilir”.

Ölkədə güllələnmə cəzası çoxdan ləğv edilib. Deməli, bu cəza növü qüvvədə olsaydı, Zakir Qaralov oğluma Aslan Aslanovun sifarişi ilə güllələnmə verdirərdi.

2003-cü ildə Ağır Cinayətlər Məhkəməsinin həyətində Aslan Aslanovun qardaşı Elsevər Aslanov bizə demişdi ki, özünüzü öldürməyin, arxamızda Zakir Qaralov durur. Baş prokurorun bizə verdiyi cavab Elsevər Aslanovun sözünü təsdiqləyir.

Sual verdik ki, nəyə görə bizim ailədən 12 nəfəri günahsız həbs ediblər və mənə hansı torpağı zəbt etdiyimə görə 4 il həbs veriblər? Zakir Qaralov bizdən indi neçənci il olduğunu soruşdu. Sonra da bu işə yenidən baxa bilməyəcəyini dedi. Dedi ki, bizə işi verən məhkəmə olub. Oğlumuzu isə yalnız prezident əfv edə bilər.

Baş prokurordan işimizə təzədən baxılmasına kömək etməsini xahiş edəndə isə onun cavabı belə oldu: “Məni əsəbiləşdirmə!”

Xahiş edirik, oğlumuzu əfv edin…

Zakir Qaralov ona görə əsəbiləşir ki, 2003-cü ildə 12 nəfərin həbsi və oğlumun ömürlük cəza almasına əsas verən ittiham aktını özü təsdiqləyib. Bizə deyir ki, işinizə baxmaq üçün Ali Məhkəməyə müraciət edin. Ali Məhkəmənin sədri Ramiz Rzayev 2003-cü ildə baş prokurorun birinci müavini işləyib. Bütün sənədlərə o, imza atıb. Baş prokuror bizim sözümüzə əsəbiləşirsə, bəs kimə şikayət edək?

Prezidentdən xahiş edirik ki, oğlumuzu əfv eləsin. Çünki məmurlar deyir ki, biz 14 ildən sonra bu işə təzədən baxa bilmərik”.

Sosial şöbə