Ət niyə bahalaşır?

etÇingiz Fərəcov: «Təhlillər göstərir ki, ət süni surətdə bahalaşdırılır»

Qubad Ibadoğlu: «Nəzərə alsaq ki, Qurban bayramı gəlir, ətə artan tələbatın qiyməti bahalaşdıracağına şübhə qalmır»

Marketlərdə, bazarlarda mal və qoyun ətinin qiyməti artıb. Indi mal ətinin bir kiloqramı 1-1,5 manat artaraq 8-8,5 manata, qoyun əti isə 10-11 manata satılır. Bu, son iki ayda ikinci bahalaşma hesab edilir. Iyunda ət 7 manatdan 7,50 manata və ya 7,1 faiz bahalanmışdı.

“Turan” informasiya agentliyinin ekspertləri hesab edir ki, indiki bahalaşma toy mövsümü ilə bağlıdır. Ona görə avqust-sentyabrda mal ətinin qiyməti 9 manata qədər arta bilər.

Hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə əlaqədar yem və digər xərclər bahalanır. Digər tərəfdən, adamların alıcılıq qabiliyyəti aşağı düşür.

Neft bumu dövründə – 2008-2014-cü illərdə ölkədə 1 nəfərə 31 kq. ət düşüb. Bu göstəricidə mal ətinin payı 30 faizə yaxın olub. Indi bu göstərici azalır.

Kənd Təsərrüfatı Nazirliyinin sabiq əməkdaşı Çingiz Fərəcov ətin bahalaşmasını yaradan səbəblər barədəÿ”modern.az”a danışıb. O, yay aylarında ətin bahalaşmasını gözlənilməz hadisə adlandırıb: “Mən 40 ildən çoxdur ki, heyvandarlıqla məşğul oluram. Bu illər ərzində birinci dəfədir ki, iyul ayında ətin bahalaşmasına rast gəlirəm. Düzdür, xalqımız ətdən daha çox istifadə edir və gündəlik menyuda mütləq ətli yeməklər olur. Yayda havalar isti keçdiyindən həmişə ət və ət məhsullarından az istifadə olunur. Qida rejimində ən çox üstünlük tərəvəzə verilir. Dünyanın bütün ölkələrində badımcanı və paxlalı bitkiləri ət əvəzləyicisi hesab edirlər. Çünki bu bitkilərin tərkibində zülal və protein turşuları nisbətən çox olur”.

Mütəxəssis deyir ki, 2016-cı ilin birinci yarısında ölkədə 231,1 min ton ət istehsal olunub. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,6 faiz, ölkəyə idxal olunan ət və qida üçün yararlı ət əlavələri 34 faiz artıb. Balıq və balıq məhsulları isə 2,5 dəfə çox idxal olunub.

Çingiz Fərəcov ətin süni yolla bahalaşdırıldığı qənaətindədir:ÿ”Ət satışı yerlərində aparılan təhlillər göstərir ki, ət süni surətdə bahalaşdırılır. Lakin bunun qarşısını alan yoxdur. Prezident dəfələrlə deyib ki, qiymətləri süni surətdə qaldıran möhtəkirlərə qarşı ciddi mübarizə aparılır. Çox nadir hallarda mübarizə aparılır, özü də kampaniya şəklində. Çox təəssüf edirəm ki, bazarlar idarə olunmur, bazarlar taleyin ixtiyarına buraxılır. Bundan əzab və əziyyət çəkən də aztəminatlı ailələr olur”.

Iqtisadçı Qubad Ibadoğlu bildirib ki, daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir. Ekspertin sözlərinə görə, ötən ilin 6 ayı ilə müqayisədə, bu ilin eyni dövründə idxal olunan diri heyvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb.

Q.Ibadoğlu vurğulayır ki, mal ətinin qiymətinin bahalaşması digər ət bazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin, balığın qiymətində də artırıcı təsirə malik olacaq: “Xüsusilə də, nəzərə alsaq, təxminən ay yarımdan sonra Qurban bayramı gəlir, o halda da qoyun ətinə artan tələbatın onun qiymətini bahalaşdıracağına şübhə qalmır. Ət bazarında qiymət bahalaşması isə ilk növbədə restoranlarda və kafelərdə ətli yeməklərin qiymətini bahalaşdıracaq”.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov “Azadlıq”a açıqlamasında bildirib ki, keçən illərdə ölkəyə Gürcüstandan 120 min baş iribuynuzlu, təxminən, 160-180 min baş da xırdabuynuzlu heyvan gətirilb. Bu il isə xəstəlik və digər səbəbləri bəhanə edərək, heyvan gətirilməsinin qarşısı alınıb: “Daxildə də örüş sahələri oliqarxlar tərəfindən mənimsənilib və orada taxıl istehsal olunur. Lakin bu sahələrin heç birində irəliləyişə nail olmayıblar. Örüş sahələri fermerlərin və heyvandarlıqla məşğul olan kəndlilərin əlindən çıxdığı üçün onlar heyvanları kəsimə veriblər. Heyvanların baş sayı, bordağa verilmə və bu sahəylə məşğul olanların sayında ciddi azalma var. Ümumiyyətlə, təklif azalıb. Örüş sahəsi və biçənəklərlə yaradılan problemlər də bu məsələyə ciddi təsir edib. Nəticədə ətin qiymətində artım baş verib”.

Nigar