Hərbi təhsil müəssisləri qapadıldı, 1389 hərbçi ordudan uzaqlaşdırıldı
Türkiyədə fəaliyyət göstərən bütün hərbi təhsil müəssisələri qapadılır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, bütün hərbi təhsil müəssisələrinin əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq. Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası fəaliyyət göstərəcək.
Hərbi xəstəxanalar Səhiyyə Nazirliyinə verildi
Türkiyə prezidenti, həmçinin peşəkar kadrların yetişdiriləcəyi Jandarma Akademiyasının yaradılacağını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bütün hərbi xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.
Ərdoğan deyib ki, dövlət çevrilişinə cəhddən sonra saxlanılanların sayı 18 min 699, həbs edilənlərin isə 10 min 132 nəfərə çatıb.
“Dünyanın heç bir yerində demokratiya uğrunda belə mübarizə aparan ölkə tanımadım. Həmin axşam 4 televiziya kanalı ilə mobil telefonla əlaqə saxladım. Telekanallar vasitəsilə bütün vətəndaşları meydanlara, hava limanlarına dəvət etməyimizlə xalqımız meydanlara axın-axın yürüş edərək demokratiya mücadiləsinə verəcək igidlərinin olduğunu göstərdi”.
“Şəhid xəbəri gələndə daha çox duyğulandım”
Bunu Türkiyə prezidenti “A Haber” telekanalına müsahibəsində deyib: “Şəhid xəbəri gələndə daha çox duyğulandım. Şəhidlər zirvəsi boş deyil. Bu millət bir daha bunu sübuta yetirdi”.
Bir sıra dövlət başçılarının onunla telefon vasitəsilə əlaqə saxladıqlarını bildirən Ərdoğan bəzi ölkələri Türkiyəyə münasibətdə qeyri-səmimilikdə ittiham edib.
O bildirib ki, ABŞ-ın Türkiyəyə bu ölkədə cəza çəkən hər hansı terrorçunun ekstradisiyası ilə bağlı müraciətinə müsbət cavab verilib. Lakin buna baxmayaraq Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında dayanan Fətullah Gülən ABŞ-da azadlıqdadır: “Şəhidlərimizin sayı 237 nəfər, yaralılarımızın sayı 2191 nəfərdir. Allah yaralılarımıza şəfa versin. Dövlət çevrilişinə cəhddə iştirak etmiş şəxslərin hamısı hüquqi müstəvidə cəzalandırılacaqlar. Gülən tərəfdarları bir sıra dövlət orqanlarına nüfuz edə bilib. Məhz bu səbəbdən ayrı-ayrı dövlət qurumlarında təmizlənmələr davam edəcək”.
Ərdoğan PKK-nın, PYD-nin IŞID-lə əlaqədə olduğunu vurğulayaraq hər üç terror qurumunun müştərək fəaliyyət göstərdiyini qeyd edib.
“Öz işinizlə məşğul olun!”
Ərdoğan deyib ki, türk demokratiyasının deyil, qiyamçıların aqibətindən narahatlıq keçirənlər Türkiyənin dostu deyil: “Indi bəziləri bizə ağıl verir Qərbdən. Deyirlər ki, narahat olublar. Öz işinizlə məşğul olun! Öz davranışınıza fikir verin”.
Prezident qeyd edib ki, 15 iyul çevrilişinə cəhddən sonra heç bir Qərb dövlətinin nümayəndəsi Türkiyəyə işgüzar səfər etməyib.
Ankara Cümhuriyyət Baş Prokurorluğunun Fetullahçı Terror Təşkilatına (FETÖ) dair araşdırması çərçivəsində dünən aralarında bəzi mərkəz valilərinin də olduğu 33 nəfər saxlanılıb.
Anadolu agentliyi xəbər verir ki, prokurorluq FETÖ araşdırması çərçivəsində mərkəz valiləri və müavinləri, hüquq müşavirləri və müfəttişlərdən ibarət 44 nəfər haqqında nəzarət qərarı çıxarıb.
Polis indiyə qədər şübhəlilərdən 33-nü nəzarət altına alıb. Şübhəlilərin evlərində axtarış aparılır.
“Gülənçi”lərin kodlaşdırılmış yazışmaları
“Röyters”in verdiyi xəbərə görə, Türkiyə kəşfiyyatı ötən ilin mayında Fətullah Gülənin tərəfdarları arasında “ByLock” xüsusi əlavə vasitəsi ilə aparılmış yazışmanı ələ keçirib. Mənbə qeyd edib ki, Gülən tərəfdarları “ByLock”dan hələ 2014-cü ildən istifadə etməyə başlayıblar. Digər əlavələr vasitəsilə şifrələnmiş yazışmalar 2013-cü ilin dekabrından aparılıb.
Qeyd olunur ki, Türkiyə kəşfiyyatı Fətullah Gülənin 40 minədək tərəfdarlarının şəxsiyyətini müəyyən edə bilib: “Onların əksəriyyəti çevriliş cəhdi ilə birbaşa əlaqəli olub. ”ByLock” əlavəsindən əldə etdiyimiz məlumatlar onların şəbəkəsinin əhəmiyyətli hissəsini izləməyə imkan verib. Müəyyən müddətdən sonra, “ByLock”un artıq etibarlı vasitə olmadığını bildikdən sonra onlar başqa əlavələrdən istifadə etməyə başladılar”. ÿ
Dünən o da məlum olub ki, FETO terror təşkilatına üzv olmaqda şübhəli sayılan daha 1389 hərbçi Türkiyə ordusundan uzaqlaşdırılıb. Bununla bağlı qərarÿdünən “Resmi qazete”də dərc edilib. Ordudan uzaqlaşdırılanların mütləq əksəriyyəti – 1196 nəfəri Jandarma Qüvvələrinin mənsublarıdır. Konya, Kastamonu bölgə komandanları da daxil olmaqla, 18 jandarma generalı ordudan uzaqlaşdırılıb. Ordudan ixrac edilənlər arasında Türkiyə prezidentinin yavəri (hərbi müşaviri) Ali Yazıçı və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hulusi Akarın yavəri Levent Türkan da var.
ABŞ təsdiqlədi: “Sənədlər çatıb”
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Fətullah Gülənin ekstradisiyasını tələb edən sənədin rəsmi Ankaradan Vaşinqtona daxil olduğunu təsdiqləyib.
Onun səzlərinə görə, hazırda ABŞ-ın Ədliyyə Nazirliyi sənədi öyrənir: “Esktradisiya məsələsinə hüquqi müstəvidə baxılır və biz bu prosesə hörmətlə yanaşacağıq”.
Bununla yanaşı, qurum rəsmisi bildirib ki, hazırda F.Gülənin Türkiyəyə ekstradisiyası məsələsi ilə bağlı hadisələr hər hansı istiqamətdə inkişaf etmir.
C.Kirbi F.Gülənin ABŞ-dan qaçması ilə bağlı yayılan söz-söhbətlərə də münasibət bildirib:ÿ”Bu məsələ Dövlət Departamentinin deyil, Ədliyyə Nazirliyi və hüquq-mühafizə orqanlarının nəzarətindədir. Bundan başqa heç nə deyə bilmərəm”.
Maraqlıdır ki, Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi Piter Karr da F.Gülənin ölkədən qaçıb-qaçmaması ilə bağlı sualı cavabsız qoyub:ÿ”Türkiyənin Ədliyyə Nazirliyi Gülənin ekstradisiyası ilə bağlı sənədi bizə təqdim edib və biz sənədin təhlili ilə məşğuluq”(apa).
17 jurnalistin həbsinə qərar verildi
Istanbul məhkəməsi prokurorluğun iddiası ilə Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 17 jurnalist barəsində həbs-qətimkan tədbiri seçib. Şübhəlilər Çağlayandakı Ədliyyə Idarəsinə göndərilib. Onların arasında məşhur jurnalist Nazlı Ilıcakın da adı var. Jurnalistlərdən 4-ü ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Istanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi Irfan Fidan 42 media mənsubunun məsuliyyətə cəlb olunması haqqında təlimat verib.
Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, onu təhqir etmiş şəxslərə qarşı məhkəmə iddialarını geri götürür.
BBC xəbər verir ki, Ərdoğanÿson çevrilişÿcəhdi zamanı birlik havasından ilham aldığını deyib:ÿ”Mənə qarşı olan hörmətsiz təhqirlərə görə bütün məhkəmə iddialarını geri götürürəm”.
Ərdoğanınÿsözlərinə görə bu, sadəcə bir dəfə atılan xoş niyyətli addımdır.ÿ
Həbsdəki general: “Ərdoğanı öldürmək fikrimiz yox idi”
Hərbi çevriliş zamanı Marmarisdə dincələn prezident Ərdoğanın qaldığı otelə basqın əməliyyatına rəhbərlik edən generalÿ Gökhan Şahin Sönmezateşin mətbuata sızdırılan ifadələri müəmmayla doludur(strateq).
General ifadəsində çox önəmli etiraflar edib. Onun sözlərinə görə, çevriliş nə təsadüf, nə də daha yüksək bir iradənin himayəsi nəticəsində baş tutub.
Türkiyənin “Hürriyyət” qəzetinin yaydığı ifadədə bildirilir:ÿ”Vəzifəm prezidenti ələ keçirib Akıncıya gətirmək idi. MAQ (Axtarış Xilasetmə) üzvlərinə hədəfin kim olduğunu elan etmədim. Pilotlara da söyləmədim”.
Əməliyyat planını əməliyyatda iştirak edən hər kəsdən gizli tutan general vertolyotda gözləyərkən, təxminən, yarım saat itirdiklərini bildirib:ÿ”Yanacaq məsələsində bizi çətinliyə salan ana səbəb bu oldu”.
Onun sözlərinə görə,ÿəməliyyata başlamaq əmri əvvəl ləğv olunub. Yarım saatdan sonra isə yenidən əməliyyata başlamaq əmri verilib. Maraqlıdır ki, generala bu əmri verən Şükrü adlı bir mayor imiş:ÿ”Şükrü minbaşı yenidən əməliyyata başlayacağımızı söyləyincə, havaya qalxdıq”.
General bu cür geçikdirilmələrinin səbəbini hansısa bir üstün iradənin planı pozmaq ehtimalı ilə izah edib:
“Indi düşünəndə bir üst iradənin bizi qəsdən gözlətdiyini anlayıram. Zamanında yola çıxsaydım, hədəfimizlə yerində qarşılaşacaqdıq”.
Sönmezateş Rəcəb Tayyib Ərdoğanı fizikən məhv etməyi düşünmədiklərini, sadəcə diri ələ keçirmək istədiklərini də boynuna alıb: “Onu öldürmək məqsədimiz yox idi, elə olsaydı, bomba atar, öldürərdik. Əksinə, missiyamız onu canlı ələ keçirib, Akıncı hərbi bazasına aparmaq idi”.
Istanbulda demokratiyaya dəstək mitinqi keçiriləcək
Avqustun 7-də Istanbulun Yeniqapı rayonunda növbəti izdihamlı demokratiyaya dəstək mitinqi keçiriləcək. Bu mitinqdə silahlı qüvvələrin təmsilçilərinin, sənətçilərin, tanınmış idmançıların iştirakı gözlənilir. Bunu “A Haber” və “ATV” telekanallarının ortaq efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident mitinq məsələsini baş nazir Binəli Yıldırımla müzakirə edəcəyini deyib. O qeyd edib ki, bu mitinqə siyasi partiyaların liderləri də dəvət olunacaq. Oradan bütün Türkiyəyə mesajımızı hamımız birlikdə verəcəyik. Normallaşma prosesinin sürətlənməsi da ölkəmiz üçün çox əhəmiyyətli olacaq.
Ərdoğan həmin gün Türkiyənin bütün şəhərlərində demokratiyaya dəstək mitinqlərinin keçiriləcəyini bildirib.



