Nemət Əliyev: «Lüzumsuz xərcləmələri dayandırmaq və maliyyə vəsaitini təhsilhaqqına yönəltmək mümkündür»
Ali məktəblərə ixtisas seçimi artıq başlayıb. Ali məktəblərə daxil olanlar seçdikləri təhsil ocaqlarına az müddət sonra qeydiyyata düşməlidirlər. Lakin ödənişli əsaslarla təhsil alacaq tələbələr hələ indidən çətin bir sual qarşısında qalıb. Bu da təhsilhaqqını necə vermək sualıdır.
Ölkənin ali təhsil müəssisələrinin ödənişli fakültələrində ən azı 2000, maksimum 6500 manat ödəniş tələb olunduğu təqdirdə, vəziyətin asan olmadığı aydın görünür. Eyni zamanda, birinci kursun təhsilhaqqısının öncədən verilməsi tələb olunduğundan, bu məsələ insanları əməlli-başlı çətin vəziyyətdə qoyub. Çünki əvvəlki illərdən fərqli olaraq, iqtisadi vəziyyətin xeyli pisləşməsi, bankların kredit verməklə bağlı qoyduğu qadağa övladı tələb olan valideynləri çıxılmaz vəziyyətə salıb. Təhsil kreditinin verilməsi də reallaşmadığından insanlar “nə etməli” sualıyla üzü-üzə qalıb. Belə bir halda, təcili şəkildə hansı tədbirlər görülməlidir ki, yaxşı və orta nəticə əldə edən və ödənişli əsaslarla oxumaq istəyənlər təhsildən kənar qalmasın? Məbləğin hissə-hissə ödənilməsi və digər alternativ vasitələr hazırda nə qədər keçərlidir?
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, iqtisadi cəhətdən ağırlaşmalar hazırda daha da böyüyüb. Istehlak məhsullarının qiyməti xeyli artıb, pul gəlirlərinin artım tempi aşağı düşüb. Nəticədə əhalinin sosial həyat şəraiti xeyli ağırlaşıb. Maaşların və digər pul gəlirlərinin artımı istiqamətində diqqətəçarpan nəticələr yoxdur. Əksinə, bahalaşma getdikcə artan səviyyəyə gedir. Ekspert əhalinin alıcılıq qabiliyyətinin 38-40 faiz aşağı düşdüyünü deyərək, təhsilhaqqının öncədən ödənilməsi məsələsinin bu kateqoriyadan olan əhali qrupları üçün çətinlik yaradacağını bildirir:
“Təəssüf ki, bu sahədə əməli iş yoxdur. Heç olmasa, bundan sonrakı dövrdə bu istiqamətdə variantlar işlənib hazırlanmalıdır. Fikrimcə, öncədən ödəmələrin həyata keçirilməsində fasilələr olmalıdır. Bu kateqoriyadan olanlara müəyyən güzəştlər tətbiq olunmalıdır. Həmçinin, dövlət büdcəsindən ödəmələr hesabına təhsil haqqının yarısını təmin etmək mümkündür. Gəlirli şərtlər altında fəaliyyət göstərən müəssisələrə iri maliyyə vəsaitləri ayrılır. Bunlara son qoyulmalıdır. Elə lüzumsuz xərcləmələri dayandırmaq və maliyyə vəsaitini təhsilhaqqına yönəltmək mümkündür. Söhbət təhsildən və millətin gələcəyindən gedirsə, bu istiqamətdə həmin şəxslərə stimul vermək lazımdır”.
Nigar



