Epizodlardan yaranmış tarix və kinomuzun dərdləri…

ziya-shixlinskiKino günü ərəfəsində rejissor Ziya Şıxlinski ilə kinomuzun dərdlərindən danışdıq…

– Ziya müəllim, ötən yazıların birində yazmışdım ki, “Ruslar müharibə istəyirmi?” filminizi internetdən siliblər. Indi bu sualı özünüzə vermək istəyirəm. Filmi niyə siliblər, sizin qərarınızdır, yoxsa başqa məsələdir?

– Əvvəlcə minnətdarlıq etmək istəyirəm ki, yazınızda o filmi xatırlatmısınız. Çünki bu il o film üçün həqiqətən maraqlı ildir. Macarıstanda baş verən hadisələrin 60 illiyidir. 20 yanvarda da sovet qoşunlarının Vilnüsə və Riqaya girməsinin 25 illiyi oldu. Doğrusu, filmin internetə yerləşdirilməsindən heç xəbərim olmayıb, kim qoyub, kim yığışdırıb, onu da bilmirəm.

– Internetdən qaldırılması siyasi motivlə bağlı ola bilməzmi?

– Filmi niyə yığışdırıblar, deyə bilmərəm. Ancaq filmin çəkməyimin ilk səbəbi o idi ki, mən həmin hadisələrin iştirakçısı olmuşam, hər şey gözlərimin qarşısında baş verib. O filmin çəkilməsində mənə dəstək verən iki nəfəri xüsusi qeyd etmək istəyirəm. Biri Akif Fətəliyev, fabrik müdiri idi və yenə o sistemdə işləyir. Biri də Rafael Rəhimov, o vaxt şəhər yol polisinin rəisi idi, o da yol polislərinə tapşırdı ki, bununla işiniz olmasın, buraxın, haranı, necə istəyir, çəksin. 90-cı ilin noyabr ayında film hazır idi. Film hazır olandan sonra ilk baxış Moskvada Mərkəzi Kino evində oldu – 1990-cı il dekabrın 16-da. Kinoşünas Alla Gerber vardı. Sonra 1993-95-ci illərdə Dumanın deputatı oldu. Dedi mən heç vaxt inanmazdım ki,  Bakıda belə bir film çəkilə bilər… Filmin baxışından sonra Bakıya gəldim. Qarabağ təşkilatının sədri Bayram Bayramov danışdı ki, filmi bir həftə “Bilik” kinoteatrında göstərsinlər. Getdim komendantlıqla da danışdım…. “Azərkinovideo”nun sədri Faiq Quliyev icazə vermədi. Sonra Kinomatoqraflar Ittifaqına müraciət etdim və film ilk dəfə Kino evində göstərildi. Sözümü nəyə gətirirəm? Problem yaratmaq da çox vaxt elə özümüzünkülərlə bağlı olur.

– Bildiyimə görə, bu film sonralar da uzun müddət ölkədən kənarda göstərilib…

– Bəli, daha sonralar Moskva Kino evində 1991-ci il beynəlxalq kino festivalında, həmin ilin dekabrın 16-da Qazaxıstanda göstərildi. O vaxt dostum Oljas Süleymanov gəlib baxdı və dar bir çərçivədə bir qonaqlıq da verdi.  Dedi ki, vətəndaş mərdliyi lazımdır ki, adam belə bir film çəksin. Daha sonra həmin il Tiflisdə göstərildi. 92-ci ilin sentyabrında da Qroznıda nümayiş oldu, o zaman rəhmətlik Cövhər Dudayev də gəlmişdi baxmağa. 93-cü ildə Praqa hadisələrinin 25 illiyi ilə əlaqədar səfirlikdən müraciət oldu, avqust ayında getdim Moskvaya, o vaxt səfir də baxdı bu filmə. 2000-ci ildə Praqada çox maraqlı bir tədbir oldu – kinoforuma bənzər, insan haqları mövzusunda, orada da göstərdik. Həmin vaxt bizi prezident sarayına da dəvət etmişdilər, dedilər filmi Vatslav Havelin özü də görüb. Filmin bir epizodunda o da var, bilirsiniz.

– Indi gələk kinomuzun bu gününə. Qarşıdan Kino günü gəlir. Heyf ki, Azərbaycan kinosunun uğurlarından danışacaq bir şey yoxdur. Kinomuz niyə bu gündədir?..

– Elə söhbəti ona gətirəcəkdim. Mən o film üzərində işləyəndə Əbülfəs Qarayev Moskva Ticarət mərkəzi var, oralarda dolaşırdı. Onun dostu Cahangir Məmmədov, hansı ki, indi Kino Idarəsinə müdir qoyub onu, Bakı Kino idarəsinin müdiri idi, onun dostu Yusif Şeyxov da respublika film-prokatın müdiri. Onlar nə filmlər göstərib pul qazanırdılar, özləri bilirlər. Kinostudiyanın müdiri Müşfiq də disk satırdı. Indi kinonun taleyi qalıb belə adamların əlində. Ona görə də kinomuz bu gündədir. Mən həmin filmdən sonra 30 film çəkmişəm. Məsələn, general Şıxlinski ilə Ismayıl Şıxlı haqqında film çəkəndə mən gedib hökumətdən pul istəmədim. Çünki onlar mənim qohumumdur. Onlar ölkənin çox nüfuzlu insanları olsa da, yenə öz qohumlarım haqqında film üçün dövlətdən pul istəməyi özümə sığışdırmadım. Amma Əbülfəs Qarayev nazir gələn kimi qayınatası haqqında film çəkdi. A balam, Tofiq Kazımov yaxşı insan idi, yaxşı kinorejissor idi, intellektli insan idi. Amma ayıbdır, gələn kimi qayınatan haqqında film çəkirsən, özü də dövlət hesabına. Sən özün imkanlı adamsan, dövlət hesabına niyə çəkirsən daha? Dostu Cahangir Məmmədovu gətirdi kino şöbəsinə direktor qoydu, hansı ki, kinodan ayrılıb getmişdi. O da gələn kimi atalığı haqqında film çəkdi – Tokay Məmmədov haqqında. Sonra götürdü “Koroğlu” heykəli haqqında film çəkdi. O heykəl nə gündədir ki, hələ film də çəkirsiniz. 6 milyon manat pul xərcləyiblər, ortaya çıxan işə baxın… Mən 93-cü ilin yanvarında Naxçıvana getmişdim, orda Heydər Əliyevlə görüşdüm, ona general Şıxlinskinin kitabını bağışladım. 20 yanvardan söhbət düşəndə dedi ki, bu saat müharibə gedir, hər gün 130 adam ölə bilər, amma bu 130 adam orda ölən 130 adam deyil. O 130 adamı öldürəndə bizi diz çökdürmək istəyirdilər. Indi mən bir azərbaycanlı olaraq ölkəmizin bundan sonra heç bir birliyə qoşulmasını istəmirəm. Sonra o nəylə nəticələnəcək, bilirik. Pulsuz qaz verəcəyik, sonra da xoşu gəlməyəndə Moskva bura qoşun yeridəcək. Həyatımda nə qədər xoşbəxt günlər olubsa, 25 dekabr sovetlərin dağılması günü ən birinci sırada gəlir. Ona görə yox ki, mən kommunist olmamışam, o illərdə vəzifəm olmayıb. Ona görə ki, azadlıq çox şirin şeydir. Indi kinonun taleyi də burda həll olunur. Tariximizi niyə belə biabırçı şəkildə təqdim edirsiniz, əməlli-başlı bir şey çəkin də… Nə zamansa bir müsahibə vermişdim, başlığa bu fikrimi çıxarmışdılar – “kino o vaxt ölür ki, pis filmlər çəkilir”. Bəli, məsələnin kökü burdadır.

– Belə görünür ki, müstəqillik dövründə dövlət səviyyəsində ölkədən kənara çıxa biləcək heç bir uğurlu bədii film çəkilməyib. Büdcədən davamlı olaraq pul da ayrılır, bəs nədir bu uğursuzluğun səbəbi?

– Axı pul da hələ əsas şərt deyil. Necə ki, Rövnəq Abdullayev milyonlar buraxsa da, futbol olmayacaq. Futbolçuları uşaq yaşlarından böyütmək lazımdır. Əbülfəs Qarayev yaxın qohumu Oqtay Mirqasımova ard-arda iki film verdi. Axırıncı “Qisas almadan ölmə” adlı filmi burda yaşamış alman əsirlərlə bağlı idi. Filmə əsasən 1 il vaxt verirlər. Bu, 3 il çəkdi. Xasiyyətinə, kaprizlərinə görə kimsə onunla işləmək istəmədi. Nə rəssam, nə operator, nə rejissor. Hamısı kənardan gəldi. Orda bir epizod var. NKVD-nin işçisi almanlara deyir ki, 2 gün vaxt verirəm, sonra sizi sürgün edəcəyik. Dedim a kişi, sənin filminin konsultantı olub, ya yox. Alman mövzusunu mən yaxşı bilirəm, film çəkmişəm o mövzuda. Orda hadisə belə olub, səhər camaat qalxıb, görüb almanlar yoxdur, hamısını yığıb Qazaxıstan tərəflərə sürgünə göndəriblər. Mən almanlar haqqında film çəkəndə getdim Tovuz, Ağstafa, Şəmkir, Göygöldə araşdırma apardım. Onlarla bir yerdə olan adamları danışdırdım. Film almanların çox xoşuna da gəlib. Həmin filmi Almaniyanın  xarici işlər nazirləri gələndə bizim nazirlik onlara bağışlamışdı. “Şopenin qayıtması”nı da Tofiq Zülfüqarov 1998-ci ildə Polşanın xarici işlər naziri gələndə ona bağışlamışdı. Bir işin uğurunun əsasında ancaq peşəkarlıq dayanır. Peşəkarlıq, peşəkarlıq, peşəkarlıq. Əbülfəs KVN-şik Cavid Imamverdiyevi götürüb qoyub “Yaddaş” studiyasına müdir. Maaş alan günü gəlib pulu alıb gedir. Yusif Şeyxov sənədli filmlər üçün dayanmadan ssenari yazır, yaxşı ssenariləri gətirəndə də onun üstündən xətt çəkir. Hətta Nizami haqqında ssenari yazır. Ay balam, Nizami haqqında ssenarini ədəbiyyatçı yazar. Bu “Sehrli xalat” deyil e, Nizamidir. Ssenari kino üçün ən vacib şərtlərdən biridir. Mən milli kinomuzda böyük əməyi olan 3 nəfərin adını çəkmək istəyirəm – Mehdi Hüseyn, Isa Hüseynov, Ənvər Məmmədxanlı. Ancaq indi kinoda nə peşəkar ssenarilərə, nə işıqçılara, nə qrimçilərə, nə operatorlara, nə rəssamlara, nə kostyumçulara baxan yoxdur, onlar artıq yox səviyyəsindədir ölkədə. Bunlar peşəkar kinonun bütün elementlərini dağıdıblar gedib. Bütün bunları sizin “kino niyə bu gündədir” sualınıza cavab olaraq danışıram. Bəs kino nə gündə olmalıdır? Kinonu dirçəltmək üçün hökumət proqramı lazımdır. Indi Prezident idmana, birinci xanım muğama diqqət göstərir, olsun, lap yaxşı. Amma  kino üçün dövlət proqramı olmalıdır. Onu da bu adamlara tapşırmaq olmaz. Çünki bu adamlar kinonun düşmənidir…

– Neçə il əvvəl mətbuatda getmişdi ki, “Dədə Qorqud” serialı çəkilir. Ramiz Həsənoğlu çəkəcəkdi, amma ondan da bir xəbər çıxmadı. Serialların çəkilməsinə münasibətiniz necədir?

– Mən özüm “Dədə Qorqud” filmində assistent işləmişəm -3 aya yaxın. O filmdən sonra bu seriala ehtiyac yox idi. Ramiz Həsənoğlu peşəkar teatr rejissorudur, amma o, Tofiq Tağızadədən yaxşı film çəkməyəcək ki…

Niyə ölkədən kənara çıxacaq uğurlu film çəkilmir? Çünki bizim rejissorlar dünyaya başqasının gözü ilə baxırlar. Açırlar kompüteri ordan-burdan oğurlayırlar, olur film. Ya da baxırsan orta səviyyəli bir festivala bir film göndərirlər, sonra gəlirlər ki, diplom almışıq. Axı camaatı niyə aldadırsınız, o diplom mükafat deyil, bütün iştirakçılara verilir. ANS-in 20 yanvar filmi haqqında hamıya mükafat kimi təqdim etdiyi də adi iştirakçı diplomudur.

–  Bu illərdə, heç olmasa, Qarabağ və Xocalı haqqında yaxşı bir film çəkib ortaya qoysaydılar…

– Xocalı haqqında mənim 13 dəqiqəlik filmim var. 2008-ci ildə Qırğızıstanda mükafat da alıb. Sonra mənə Italiyadan dəvət gəldi. Dedilər o filmin axırını çıxarın, mükafat da verəcəyik. Axırında da faciənin xronikası gedir. Dedim necə yəni xronikanı çıxaraq, onda kim nə biləcək, bu film harda və niyə çəkilib. Qarabağ mövzusu dərin və incə mövzudur, ona görə mən heç vaxt ona keçmirəm. Amma xatırladım ki, Ikinci dünya müharibəsi 45-ci ildə qurtardı, o mövzuda ən yaxşı filmlər 57-ci ildən sonra çəkilməyə başladı. Mən Moskvada oxuyanda ermənilər tez-tez deyirdilər, siz Qarabağı niyə vermək istəmirsiniz, o tarixən bizim olub. Bir gün mühazirədə Səməd Vurğunun “Vaqif” dramını götürdüm çıxdım səhnəyə. Dedim bu insan 1797-ci ildə ölüb, Şuşada basdırıblar. Yaxın günlərdə bir ədəbi əsər gətirsəniz ki, onu erməni yazıb, hadisələr Qarabağda baş verib, qəhrəmanı da ermənidir, mən sizin yanınızda teleqram vururam. Ali Sovetə ki, Qarabağı verin ermənilərə. Onunla səslərini kəsdilər. Indi gələn il Vaqifin 300 illiyidir. Söhbət təbliğatdan gedirsə, biz belə imkanları buraxmamalıyıq. Dünyaya göstərmək lazımdır ki, 18-ci əsrdə burada Azərbaycan şairi Vaqif dəfn olunub.

– Filmlə bağlı yeni planlarınız var, yəqin ki…

– Əlbəttə, var. Mən 30 filmimdən 20-sini şəxsi hesabıma çəkmişəm, qohumların, dostların dəstəyi ilə. Yenə də çəkəcəm. Amma söhbət ümumi kinodan gedirsə, bunlar getməsələr, hər hansı uğur əldə etmək mümkün deyil. Bunlar film çəkirlər, ortaya çıxarmırlar. Çıxarın görək, nə çəkmisiniz də. Ləmbərənski haqqında nazirlik də film çəkib, mən də. Yusif Məmmədəliyev haqqında onlar da çəkib, mən də. Çıxarsınlar ortalığa, camaat da görsün, kim necə çəkib də. Heç kim rəqabət istəmir. Bunların işi ancaq merkantil maraqlar üstündə qurulub. Onlara elə adam lazımdır ki, dil tapmaq asan olsun. Yuxarıdan da hökumət nəzarət eləmir…

Hazırladı: Səadət